Lənkəranda yeni "Dostluq" parkı - FOTOLAR

Lənkəranda yeni "Dostluq" parkı - FOTOLAR

Çexiya və Azərbaycan xalqları arasında dostluq münasibətləri ölkəmiz öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrə təsadüf edir. Eyni zamanda bu dövrdə səfirliklər vasitəsilə diplomatik əlaqələr yaranıb. Bu əlaqələr hazırda yüksək səviyyəyə qalxaraq yeni müstəvidə inkişaf edir. Təbii ki, bu, bütün sahələri əhatə edərək getdikcə möhkəmlənir. Azərbaycan Çexiya üçün dünyada bənzəri olmayan əsrarrəngiz təbiətə malik bir coğrafi məkandır. Elə buna görə də Çexiyanın dünya şöhrəti qazanmış ekoloq-alimləri dəfələrlə ölkəmizdə olmuş, flora və fauna cəhətdən zəngin təbiətimizi özlərinə elmi- tədqiqat obyekti seçmişlər.

44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çexiyalı dostlarımız böyük qələbənin sevincini bizimlə bölüşmüş, Qarabağda bitən və təbiətimizin simvolu olan Xarı bülbülü iki xalqın dostluq rəmzi kimi öz ölkələrinə aparmışlar. Çexiyalı alimlər “Qırmızı kitab”a düşən və yalnız qədim Hirkan meşələrində bitən Dəmirağacının sorağına dəfələrlə Cənub bölgəsinə gəlmiş, Lənkəranda, Astarada, Masallıda, Yardımlıda və Lerikdə təbiətin ecazkar gözəllikləri ilə tanış olmuşlar. Bu bölgənin təbii sərvətləri, dəmirağaclarının məskəni sayılan Hirkan meşələri, xüsusi mühafizə olunan təbiət əraziləri, Xəzər dənizinin və Lənkəran çayının canlı aləmi barədə təfərrüatı ilə qonaqlara məlumat verilmiş və onlar özləri də deyilənləri əyani şəkildə görmüş, elmi-tədqiqatlarını zənginləşdirmişlər. Öz təəssüratlarını yerli ekoloqlarla bölüşən dünya şöhrətli Çexiyalı alim, akademik Yan Buxar demişdir: “Sizin ölkənizdə dövlət səviyyəsində ekologiyaya böyük önəm verilir. Görünür, dövlətiniz insanlara qayğıkeşliyini tamamladığına görə təbiət sizdən zənginliyini də əsirgəmir...”.

Ölkələrimiz arasında mövcud dostluq münasibətləri Bakı Dövlət Universiteti ilə Praqanın Karlovo Universitetinin müəllim- tələbə heyətlərinin təcrübə mübadilələrində də davam edir. Təbii ki, bütün bunlar xalqlarımızı getdikcə daha da bir-birinə yaxınlaşdırır, mövcud diplomatik əlaqələri möhkəmləndirir. Bu gün salınan Dostluq parkı da məhz bunun bariz nümunəsidir. Dostluğun rəmzi kimi salınan bu park yeni deyil. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində ilk dəfə Xalqlar dostluğu parkı salınıb...

Artıq xalqlarımız arasında müstəqilliyimizdən başlanan diplomatik münasibətlərin 30 illiyi tamam olur. Bu münasibətlə Lənkəran Regional Meşə Təsərrüfat Mərkəzinin Haftoni Meşəbəyliyində ağacəkmə aksiyasına start verilib. Tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedilaçek, Respublika Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Nazirliyin yerli qurumlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri və Çexiya səfirliyinin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları park üçün ayrılmış meşə sahəsində xüsusi qablarda yüksək aqrotexniki qaydada yetişdirilmiş 180 ədəd dəmirağacı əkmişlər.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çexiyalı dostlara müraciətlə dedi:
- Çexiyalı dostlarımızın iştirakçı ilə salınan yeni dəmirağacı parkı xalqlarımızın daha bir dostluq rəmzi kimi yadımızda qalacaq. Sevinirik ki, bütün sahələrdə ölkələrimiz arasında əlaqələr getdikcə genişlənir. Ekoloji əlaqələrimiz də məhz bu dostluq münasibətlərinə söykənir. Çexiyalı ekoloq- alimləri dünyanın heç yerində analoqu olmayan zəngin təbiətiə, nadir ağac və bitki örtüyünə, heyvanat aləminə malik ölkəmizdə məhz öz elmi - tədqiqat işlərini aparırlar... Təbii sərvətlərimizlə daha yaxından tanış olmaq üçün onlara hər cür şərait yaradılıb. Diqqətə çatdırmaq istəyirəm ki, bu günkü tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir. Ulu öndər bütün varlığı ilə təbiətə bağlı idi. Bugünkü uğurlarımız da məhz onun təbiət sevgisindən irəli gəlir.

Haftonu meşəbəyliyində başlanan tədbir Hirkan Milli Parkında davam etdirilib. Burada Çexiya Respublikasının yeni turist marşurutunun nişanlamasının təməli qoyulub.

Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek öz çıxışında dedi: - Biz keçən ilin sentyabr ayında Hirkan Milli Parkında olmuşuq. Ölkəmizin mərkəzi televiziyası “Dünyanın təbiət mənzərəsi” layihəsi çərçivəsində Dəmirağac haqqında film çəkmək üçün bura gəlmişdi. Televiziya əməkdaşları bu nadir ağacla əlaqədar çoxlu məlumat topladılar. Bütün ağaclardan fərqli olaraq dəmirağacının möcüzələri həm televiziya əməkdaşlarında, həm də xarici ekoloqlarda heyrət doğurdu.

Sonra qonaqlar Xanbulançay dəryaçasına balıq buraxdılar... Bu ekoloji tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri də iştirak etdilər.

Çexiya ilə Azərbaycan arasında mövcud diplomatik əlaqələrin 30 illiyi ecazkar təbiətin qoynunda çəkilən yeni şəkilləri ilə yadda qaldı. İki xalq arasındakı dostluğun ömrü Lənkəranda salınmış yeni Dostluq parkında əkilmiş dəmirağacları kimi uzunömürlü, möhkəm, əyilməz və dözümlü olacaqdır...

Bəxtiyar Hüseynov,
yazıçı-ekoloq

Bütün xəbərlər Facebook səhifəmizdə