5x9=? - FELYETON

O günləri getmişdim bazara. Kartof satanların yanından keçəndə satıcıyla alıcının bir dialoquna şahid oldum və oradaca ayaqlarım yerə yapışdı. Dedim, İlahi, gör biz nə günlərə qalmışıq...

Satıcı:

-Ay bacı, 5 kiloqram, 90 qəpikdən.

Alıcı:

-Hə, qoy görüm nə verəcəm?

Xanım bunu söyləyib, başladı çantasını qurdalamağa. Axtarır, tapa bilmir. Çəkir-çevirir, bir də. Ay Allah, bu hara getdi, deyir.

Yazıq satıcı da nə bilsin, bu nə axtarır. Sakitcə dayanıb gözləyir. Aradan bir xeyli vaxt keçdi, qadın çantasından götürdüyü böyük pul qabını açdı və içərisindən bir telefon çıxardı. Telefonu da kilidli idi. Üç-dörd dəfə kilidi yığdı, açılmadı, sonra axır ki, açdı.

Kənardan dayanıb baxıram, deyirəm bu qadın pul çıxarmaq əvəzinə niyə telefon çıxarır? Elə bu an nə görsəm yaxşıdır? Qadın telefonda hesablama maşınını açdı və 5x9 yazdı, sonra telefonu bağlayıb çantasına qoydu və satıcıya 5 manat uzatdı. Satıcı da bir az sual dolu, bir az müəmmalı baxışlarla qadını süzdü və ona 50 qəpik qaytardı və dedi:

-Ay bacı, mən də deyirəm bəs bayaqdan pul axtarırsınız çantanızda. Yoxsa əvvəldən deyərdim ki, 4 manat 50 qəpik edir.

Qadın da gülümsəyib uzaqlaşdı.

Hə, elə bu hadisə başqa buna bənzər hadisələri də yadıma saldı. Həqiqətən də bu telefonlar, kompüterlər həyatımıza girdi, girmədi, beynimizi öldürməyə başladı. Hazırda hamımız -uşaqlı-böyüklü beyin ölümü yaşayırıq. Vallah, beynimiz ölüb, fatihəsi verilib, üçü, yeddisi, hətta qırxı da çıxıb.

O gün mağazalardan birindən 2 məhsul almışdım. Birinin qiyməti 1 manat 30 qəpik, o birininki isə 3 manat idi. Yaxınlaşdım ki, ödəniş edim. Satıcı hesablama makinasında 1 manat 30 qəpiyin üstünə 3 manat gəldi, dedi ki, 4 manat 30 qəpik.

Elə oradaca quruyub qaldım. Dedin, İlahi, cavan oğlandır, bu nə rəqəmdir ki, onu hesablaya bilmir. Nə isə, pulu ödəyib mağazadan çıxdım, yolboyu düşdüyümüz bu bəla beynimi qurcaladı, məni rahat buraxmadı.

Gəldim evə. Axşamüstü qonşum Gülbahar bizə keçmişdi. Ordan-burdan söhbət etdik. Həm bazarda gördüyüm hadisəni, həm də mağazada qarşılaşdığım vəziyyəti böyük yanğı ilə ona nağıl edəndə nə desə yaxşıdır?

-Rəhmətliyin qızı, gör nəyə narahat olursan ey. Üç uşağım gedir məktəbə, üçü də riyaziyyatdan çalışma həll edəndə telefonumu tutub əlimdən alır. Beş dəqiqədə məsələ-misalın cavabını orada vurub-çıxıb, bölüb, üstə gəlib yazırlar dəftərlərinə. Mənim də canım qurtarır. Ta dur onlara kömək et, bir-bir cavab tap. Allah versin telefona. Telefon olan yerdə nə lazım axı uşaq beynini yorub vurma cədvəli əzbərləyə. Yadımdadır, o vaxtlar dədəm bizə vurma cədvəlini öyrədəndə yadımızda qalmırdı, saatlarla bizi küncə qoyurdu, deyirdi, əzbər bilməmiş yatmaq yoxdur. Heyf deyil indiki dövr? Onsuz telefon hər an yanındadır, gecə yatanda da, nə istəyirsən hesabla da.

Dedim, maşallah, Gülbahar, maşallah sənə də, sənin düşüncənə də. Elə sənin kimilər deyilmi bu camaatın başına torba keçirib kor qoyanlar. Maşallah, uşaqlara qəribə tərbiyə verirsən, qəribə yol göstərirsən. Ay qız, sən onları kor edirsən ey, xəbərin var? Əziyyət çək, uşaqlara vurma cədvəlini əzbərlət.

Gülbahar:

-Qoy mənim uşaqlarım kor olsun, özüm bilərəm. Oxuyanlar yaxşı günə çıxıb, qalıb mənimkilər. Elə hamıdan da yaxşı oxuyacaqlar. Niyə vurmanı bilməyən adam olmur? Elə yaxşı olur ki. Odur ey, əmim oğlu məktəbə də getməyib, bazarın yarısı onundur. Hesabı da ancaq hesab maşınında aparır.

Dedim, Gülbahar, ta mənim sənə sözüm yoxdur. Ay qız, vurmaya görə az qaldın məni vurub öldürəsən ki...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə