Milli starateji düşüncəsiz TƏRS BAXIŞ

Milli starateji düşüncəsiz TƏRS BAXIŞ

Hə, atalar, vallah, nə deyibsə, yerində deyiblər. Sanki ələkdən yüzlərcə dəfə süzülüb gəlib o deyimlər. Məsələn, “ot kökü üstündə bitər” deyimini eşitdiyim bir xəbərlə o qədər uzlaşdırdım ki...

Hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, əvvəllər isə Müsavat Partiyasının rəhbəri, Ali Sovetin sədri olan İsa Qənbərin oğlu İlkin Qənbərin 24 aprel - qondarma “erməni soyqırımının” ildönümündə “Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın”,- deyə paylaşım edərək onların yanında olması və erməni soyqırımına göz yaşı axıtmasını, onu filmlərdə yaşatmasını eşidəndə, daha nə deyə bilərdim ki... Dedim ki, ay uşaq, səndə günah yoxdur, ot kökü üstündə bitər.

Soruşsalar ki, niyə? Belə izah edərdim ki, birincisi, uşaq ailədə tərbiyə alır. Ola bilməz ki, sən səhərdən axşamadək tarixin həqiqətlərindən danışasan, övladın qapını örtüb çıxıb kənarda onun əksini danışa. Bu, mümkünsüzdür.

İkincisi, heç istəyirsən, danışma, ot kökü üstündə bitər. O kökdən necə qidalanarsa, su içərsə, böyüyərsə, ona oxşamayıb, mənə oxşamayacaq ki...

Ata İsa Qənbər 90-cı illərdə hakimiyyətdə qalmaq, vəzifə kürsüsünü əbədi etmək üçün həmfikirləri ilə birlikdə Qarabağı ermənilərə peşkəş edənlərdən deyilmi? Onlardandır.

Deməli, uşağı necə tərbiyə etməkdən asılı olmayaraq, o, kökə çəkir.

O peşkəşin bu xalqa nələrin bahasına başa gəldiyini necə, xatırlamayan varmı? Yoxdur...

Əgər yayınıb bilməyən varsa, qısaca xronika verim, bilsinlər: 30 il həmin satılan Qarabağ erməni kimi murdar yaranmışın işğalı altında qaldı. Minlərlə soydaşımız evindən-eşiyindən, dədə-baba yurdundan qovuldu. Ermənilər tərəfindən silahın ucunda yurdlarını tərk etdilər. Başını yuxarı qaldıranlar vəhşicəsinə qətlə yetirildi.

Torpaqlarımız talan olundu, yeraltı-yerüstü sərvətlərimiz daşınıb bazarlara çıxarıldı. Ermənilər evlərimizi talayıb, sonra od vurub yandırdılar...

Tarixi-mədəniyyət abidələrimiz məhv edildi. Yüzlərlə məktəb, muzey, kitabxana, digər sosial obyektlər göyə sovuruldu. Heykəllər təhqir olundu. Məscidlərimiz görünməmiş vəhşiliyə məruz qaldı...

Birinci və İkinci Qarabağ müharibələrində minlərlə oğul və qızımız şəhid oldu. Minlərlə qazi qazandıq. Ölkəmizin milyonlarla manat dəyərində silah-sursatı, hərbi texnikası məhv oldu.

Xocalı kimi faciəni yaşadıq. Soydaşlarımız soyqırımına məruz qaldılar.

Bax, Xocalını sonda dedim ki, münasibətimi belə bildirim: bu faciəni görən, eşidən, haqqında məlumat alan bir gənc necə ola bilər ki, “erməni soyqırımına” inanıb onu təbliğ etsin? Onların yanında olsun. Onların uydurma tarixini yaşatmaq üçün film çəksin...

Təəssüf, həm də çox təəssüf... Azərbaycanın çörəyi, suyu, havası haramın olsun, ay uşaq. Sən get otur xarici ölkədə erməninin tərəfini saxla, sənin yaşıdların da getsin Qarabağda atangillərin satdıqları torpaqları geri alsın, şəhid olsun, anası bacısı, sevgilisi, nişanlısı ağlar qalsın, bu, faciədir... Gör, kimlər şəhid olur, kimlər yaşayır. Ey dünya, sən nə fani dünyasan...

Sonda düşünürəm ki, görəsən Azərbaycansız, Vətənsiz, bu xalqsız, bu məmləkətsiz yaşamaq mümkündürmü? Xeyr, nəinki yaşamaq, nəfəs belə almaq mümkün deyil. Bəs belə isə bir paylaşımla bütün bunları silib vətənsizliyi, millətsizliyi, Azərbaycansızlığı İlkin Qənbər necə gözə ala bildi?..

Daha sonra da fikirləşirəm ki, sən nə qoyub, nə danışırsan? Ot kökü üstündə bitmirmi? Ata necə, oğul da elə...

Lap sonra isə bir məsələyə hələ də məəttəl qalıram: ata Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir, oğulsa milli düşüncədən korluq çəkir. Bunu anlayan varsa, mənə də izah etsin...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə