“Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilir - FOTOLAR

“Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilir - FOTOLAR

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilib. SİA xəbər verir ki, bu tarixin seçilməsi “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiya”nın 1970-ci il 26 aprel tarixində qüvvəyə minməsi ilə əlaqədardır. Beynəlxalq Əqli Mülkiyyət Gününü elan etməsi bəşər cəmiyyətinin əqli mülkiyyətə və onun yaradıcılarına hörmət hissindən irəli gəlmişdir. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə hər il dünyanın əksər ölkələrində keçirilən müxtəlif tədbirlərin əsas məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu göstərmək, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.

2023-cü ildə Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılığın inkişaf etdirilməsi” devizi altında qeyd olunur.

Ənənəvi olaraq Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə də qeyd olunur və hər il bununla əlaqədar tədbirlər təşkil edilir.

2023-cü il 26 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilir.

Konfransda ölkəmizin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə mütəxəssislər və digər şəxslərin iştirak edəcəyi gözlənilir.

Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin başlıca istiqaməti ölkənin innovasiya siyasətinin həyata keçirilməsinə xidmət etmək üzərində qurulub.

Dövlət başçısının uzaqgörən siyasətindən irəli gələn institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyi həm müəlliflik hüququ və əlaqəli hüquqlar, həm də sənaye mülkiyyəti (ixtiralar, faydalı modellər, sənaye nümunələri və əmtəə nişanları) sahələrini əhatə edir.

Dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxs olaraq Agentlik öz fəaliyyətini büdcə vəsaitləri ilə yanaşı, fəaliyyət sahəsi ilə bağlı əldə olunan vəsaitlər və tranzaksiya xərclərini nəzərə alan optimal üsullarla idarə olunma hesabına qurmuşdur. Eyni zamanda Agentliyin tabeliyində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyəti də Agentlik tərəfindən əlaqələndirilir.

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı, ixtiraçılıq fəaliyyətinin təşviqi və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və transferinə dəstək verilməsi məqsədilə yaradılmış Agentliyin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin Nizamnaməsi və strukturu Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilib.

​2022-ci ildə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin birgə təsisçiliyi ilə “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” yaradılıb. Burada müəlliflər, hüquq sahibləri, biznes menecerləri, iş adamları, tələbələr və s. kateqoriyadan olan maraqlı şəxslər üçün əqli mülkiyyətin müxtəlif sahələri üzrə dərslər təşkil ediləcək, onlar əqli mülkiyyət üzrə biliklərini artıra biləcəklər.

Eyni zamanda Əqli Mülkiyyət Agentliyi ilə Bakı Dövlət Universiteti (BDU) arasında 2022-ci il 8 iyul tarixində imzalanmış Memoranduma uyğun olaraq Agentliyin nəzdində Bakı Dövlət Universitetinin Əqli Mülkiyyət hüququ kafedrasının filialı yaradılıb. Filialda BDU-nun Hüquq fakültəsinin “Əqli mülkiyyət hüququ” ixtisası üzrə magistr proqramında təhsil alan magistrantlara ixtisas fənləri tədris olunur.

Son illər ölkəmizdə ixtira fəallığının artırılmasının stimullaşdırılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə 2022-ci ildə həyata keçirilən tədbirlər normativ-hüquqi bazanın və ifrastrukturun təkmiləşdirilməsi yanaşı, ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması sahəsində görülən işləri də əhatə edir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər sənaye mülkiyyəti sahəsində fəaliyyətin səmərəliliyinin yüksəlməsinə və ixtira fəallığının artmasına böyük təkan verib.

Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr tarixli 439 nömrəli Qərarı “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Bu sənədin qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, beynəlxalq təşkilatlarda və xarici ölkələrin patent idarələrində ixtiraların Azərbaycan Respublikasının vətəndaşları olan hüquq sahibləri tərəfindən qeydiyyata alınmasına və patent fəallığının artmasına müsbət təsir göstərəcəkdir.

2022-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı Əqli Mülkiyyət Agentliyinə 271 (2021-ci ildə 193) iddia sənədi (ixtiraya aid 213 (2021-ci ildə 135); faydalı modelə aid 27 (2021-ci ildə 32); sənaye nümunəsinə aid 31 (2021-ci ildə 26) iddia sənədi) daxil olub. Bu artım ixtira fəaliyyətinin stimullaşdırılması nəticəsində baş verib.

PCT proseduru üzrə Beynəlxalq Büroya göndərilmək üçün ixtiraya dair 10 (2021-ci ildə 5) iddia sənədi, Avrasiya Patent Təşkilatina göndərilmək üçün ixtiraya dair 39 (2021-ci ildə 35), sənaye nümunəsinə dair isə 4 iddia sənədi daxil olub.

İxtira və faydalı modellərin qeydiyyatı ilə bağlı PCT proseduru üzrə ixtiraya dair 39 (2021-ci ildə 16), faydalı modelə dair 1 (2021-ci ildə 2) iddia sənədi və konvensiya ilkinliyi üzrə ixtiraya dair 9 (2021-ci ildə 1), faydalı modelə dair 2 (2021-ci ildə 6) xarici iddia sənədi daxil olub.

Agentlik tərəfindən ixtiralar üzrə ekspertizanın müddəti azaldılaraq ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 ay ərzində başa çatdırılıb.

Haaqa proseduru üzrə beynəlxalq sənaye nümunələrinə dair 137 (2021-ci ildə 141) iddia sənədinə dair axtarış aparılmış və axtarışı müsbət nəticələnmiş 135 (2021-ci ildə 141) iddia sənədi barədə məlumatlar Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilmiş, 2 (2021-ci ildə imtina olmamışdır) iddia sənədinin axtarışı isə imtina ilə nəticələnmişdir.

2022-ci ildə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı böyük artım olmuş, 4457 iddia sənədi daxil olmuşdur. Bu da 2021-ci illə müqayisədə 1189 ədəd çoxdur. Coğrafi göstəricilərə dair daxil olan iddia sənədlərinin sayı 8 olmuşdur. (2021-ci ildə 1 ədəd).

2022-ci il ərzində müvafiq Dövlət reyestrində ixtiralara dair 108 (2021-ci ildə 119) ədəd patent qeydiyyata alınıb, onlardan 84 (2021-ci ildə 102) ədədi milli, 24 (2021-ci ildə 17) ədədi isə xarici hüquqi şəxslərə məxsusdur.
Faydalı modellərə dair 2022-ci il ərzində 31 (2021-ci ildə 27) ədəd patent qeydiyyata alınıb, onlardan 21 (2021-ci ildə 21) ədədi milli, 10 (2021-ci ildə 6) ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.

Sənaye nümunələrinə dair 22 (2021-ci ildə 27) patent qeydiyyata alınıb, onlardan 12 (2021-ci ildə 15) ədədi milli, 10 (2021-ci ildə 12) ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.

2022-ci ildə 2927 (2021-ci ildə 2379) ədəd əmtəə nişanı qeydiyyata alınmışdır, onlardan 2208 (2021-ci ildə 1453) ədədi milli, 719 (2021-ci ildə 926) ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Coğrafi göstəricilərin Dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 ədəd coğrafi göstərici qeydiyyata alınıb.

Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına 2022-ci ildə 243 müraciət daxil olub. Ötən dövr üzrə daxil olan və yekunlaşdırılan işlər də nəzərə alınmaqla, keçən il ərzində 252 işə baxılıb, 105 iş üzrə ərizənin təmin edilməsi, 35 iş üzrə ərizənin qismən təmin edilməsi, 95 iş üzrə ərizənin rədd edilməsi, 17 ərizənin baxılmamış saxlanması barədə qərarlar qəbul edilib.

Agentlik bir çox hallarda müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində əqli mülkiyyət hüquqları ilə bağlı aparılan məhkəmə işlərinə cəlb olunur. Agentliyin nümayəndələri 2022-ci ildə əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 50-ə yaxın iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanmış və məhkəmələrə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə