Yumurtalar niyə kodlaşdırılır? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

Yumurtalar niyə kodlaşdırılır? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

“Yumurtaların kodlanması bir çox ölkələrdə tətbiq olunan metoddur. Bu kodlar yumurtanın keyfiyyəti haqqında bizə məlumat vermək üçün vurulur”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu kodlaşdırma beynəlxalq təcrübədə qanuni bir məcburiyyətdir və kodlaşdırılmayan yumurtaların satın alınması tövsiyyə olunmur: “Kodlar istehsalçı ölkəni bildirmək üçün məsələn ''TR'' və ya ''AZ'' olaraq başlaya bilir. Daha sonra istehsal ili, kodu yazılır. Onun ardınca yumurtanın istehsal edildiyi müəssisənin qeydiyyat kodu yazılır. Bununla yanaşı kodların əvvəlində 0, 1, 2 və 3 saylarından biri yazılır. Məsələn, bu kodlar yumurta verən toyuğun qəfəsdəmi, açıq havadamı, gəzən toyuq olduğu barədə istehlakçıya məlumat əldə etmək imkanı verir. Həmçinin toyuqların qidalanmasında istifadə olunan yemlərin də keyfiyyəti barədə məlumat əldə etmiş oluruq”.

Asim Vəliyev sözlərinə belə davam edib: ““0” ilə kodlanan yumurta orqanik istehsal olunan yumurtadır. İstifadə olunan yemlər də orqanik sertifikatlıdır və toyuqlara hər hansı bir hormon verilməyib deməkdir. ''1'' kodu sərbəst gəzən toyuq yumurtasının kodudur. Toyuq qəfəsdə və ya hində saxlanmayıb deməkdir. Qidalanmada istifadə olunan yemlər və hormonlar baxımından bir məhdudiyyət yoxdur.

''2'' kodu hində saxlanılan toyuq yumurtası deməkdir. Hinlərdə toyuqların qismən də olsa gəzmək imkanı var və qəfəsə qoyulmayıb. Qidalanmada istifadə olunan yemlər və hormonlar baxımından bir məhdudiyyət yoxdur.

''3'' ilə kodlanan yumurta isə ən ucuz qiymətə satılan və aşağı keyfiyyətli bir yumurta deməkdir. Qəfəsdə saxlanılan və heç gəzmək imkanı olmayan toyuqların yumurtasıdır və tamamilə sənaye üsulu istehsaldır.

Qidalanmada istifadə olunan yemlər və hormonlar baxımından bir məhdudiyyət yoxdur. Kodun altında isə istehsal tarixi yazılmalıdır. Bu tarixdən etibarən normal şəraitdə saxlanılan yumurta ən gec 28 gün ərzində istifadə olunmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə