Elektron qolbaq hansı məhkumlara tətbiq edilir? - VƏKİL AYDINLIQ GƏTİRDİ

Elektron qolbaq hansı məhkumlara tətbiq edilir? - VƏKİL AYDINLIQ GƏTİRDİ

“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron tətbiq edilə bilər. Elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər: “Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalıdır.

Elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, habelə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir.

Elektron nəzarət vasitələrinin tətbiqi zamanı bu vasitələrin tətbiq edildiyi şəxsin (bundan sonra – nəzarət subyektinin) qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasına yol verilmir.

Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur”.

Vəkil sözlərinə belə davam edib: “Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq elektron nəzarət vasitələrinin tətbiqi məhkəmənin qərarının elan olunmasından sonra polis orqanı tərəfindən həyata keçirilir.
Elektron nəzarət vasitələrinin tətbiqi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin elektron nəzarət üzrə altsistemi (bundan sonra – elektron nəzarət sistemi) vasitəsilə həyata keçirilir.

Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət məhkum edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) tərəfindən, ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən həyata keçirilir.

Nəzarət subyektinin üzərinə elektron nəzarət vasitəsinin bağlanılması eyni cinsin nümayəndəsi tərəfindən həyata keçirilir. Yetkinlik yaşına çatmamış nəzarət subyektinin üzərinə elektron nəzarət vasitəsinin bağlanılması valideynlərinin və ya digər qanuni nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə