Paytaxtdakı şadlıq saraylarında qiymətlər niyə bahalaşıb? - QURUM RƏSMİSİ AÇIQLADI
Bildiyimiz kimi, paytaxtdakı şadlıq saraylarında qiymətlər bahalaşıb. Bəs, buna səbəb nədir?
SİA mövzu ilə bağlı DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, demək olar ki, bu ilin əvvəlindən bahalaşma gedib: “Səbəb isə ərzaq məhsullarının qiymətinin artması ilə bağlıdır. Biz bilirik ki, şadlıq saraylarında təqdim olunan xidmətlər qida xidmətləridir. Yəni, onların xammalı ərzaq məhsullarıdır və bunun nəticəsində artım olub. Bir sözlə, bir qədər bahalaşma olub.
Digər tərəfdən, həmin yemək və xidmətlərin maya dəyərinə təsir edən başqa amillər də var. Burada həm də orta əməkhaqqı artmasını qeyd etmək olar. Razılaşarsınız ki, bu ildən minimal əməkhaqqı artıb və ümumiyyətlə, orta əməkhaqqı ölkə üzrə artıb. Bu da başa xidmətlərin maya dəyərinə birbaşa təsir edən bir amildir.
Digər tərəfdən, kommunal xərclərin bəzilərinin artması da istehsal olunan xidmətlərin qiymətinə təsir göstərir. Görürsünüz ki, mən burada bir neçə amil sadaladım. Hansılar ki, birbaşa qiymət formalaşmasına təsir göstərir. Təbii ki, fürsətçilik də müşahidə edirik. Yəni, bəzi şadlıq sarayları süni qiymətin artırılmasına əl atırlar. Onlar çalışırlar ki, daha çox qazanc əldə etsinlər. Amma bu halda daha keyfiyyətli xidmətlərin göstərilməsinə diqqət yetirmirlər.
Biz DAİR Otellər və Restoranlar Assosiasiyası olaraq şadlıq saraylarını ictimai iaşə sektorundan ayırmırıq. Qeyd etmək istərdim ki, şadlıq sarayları ilə işləmək çox çətindir. İcarəçilər dəyişir, biri gedir digəri gəlir. Görürük ki, bir neçə aydan sonra digər bir insan gəlir. Yəni, personal tez-tez dəyişir. Şadlıq saraylarında bizim toy məclislərinə dəvət olunan ofisiantlar özünüz bilirsiniz ki, onlar haradan toplanırlar. Ştatda olan işçi ya olmur, ya olsa da, çox az sayda olur. Bu da təbii ki, keyfiyyətli xidmətlərin göstərilməsinə birbaşa təsir göstərir. O günəmuzd işləyən insanlarla da heç kəs nə təlim keçir, nə onları qayda-qanuna alışdırır, nə bir nizam-intizama alışdırırlar. Yəni, bir qədər bəlli bir məsələdir. Bu insan gəlir bir gün işləyir, günün axırında pulunu alır, bir az çay pulu qazanır. Heç şadlıq sarayı bilmir ki, bu insan sabah yenə də qayıdacaqmı. Bəlkə də heç qayıtmayacaq. Burada da belə bir problemlər yaşanır.
Digər tərəfdən şadlıq saraylarının böyük bir qida israfçılığı var. Qida tullantılarının sayı artır. Təəssüf ki, biz müşahidə edirik ki, yeni üsullara heç kəs əl atmır. Biz bilirik ki, şadlıq saraylarında banket xidmətlərində öncədən sifarişlə menyu üzrə qidalar seçilir. Onlar sonradan hazırlanır. Qonaqlar artıq özləri seçim etmirlər. Yəni, birbaşa mətbəxdən öncədən hazırlanmış, sifariş olunmuş yeməklər təqdim olunurlar. Bu da normaldır. Belə məclislərdə menyu üzrə qonaqlar yerindəcə seçim edə bilməzlər. Bu çox çətin xidmətə çevrilir. 300-400-500 nəfərlik zallarda çox qonaqların toplandığı banketlərdə istifadə etmək olmur. Ona görə də “Table d'hôte” (fransız sözüdür) xidmət növündən istifadə olunur. Bu banketlərdə heç kəs porsion xidmət göstərmir. Yəni, yeməklər bilavasitə masanın üstünə qoyulur və qonağa porsiya ilə yemək təqdim olunmur. Son nəticədə bir çox qidalar salatlar, isti yeməklər, soyuq yeməklər, qəlyanaltılar masanın üzərində qalırlar. Biz müşahidə edirik ki, toyda məclisin sonunda masanın üstündə nə qədər qida qalıqları qalır. Ən yaxşı halda həmin o şadlıq sarayının işçiləri o qidaları özlərinə götürürlər.
Digər tərəfdən, o tullantılar bəzi hallarda heyvan saxlayan, heyvandarlıqla məşğul olan şirkətlərlə müqavilə əsasında verilir. Bu da məncə məsələnin çox pis tərəfi deyil.
Digər baxışla biz görürük ki, bir çox qidalar da tullanır. Bu, böyük bir israfçılıqdır. Bu qədər xərc çəkmək də toy yiyəsi üçün lazım deyil. Bu israfçılığın qarşısını almaq şadlıq sarayları porsion xidmət növünə keçə bilərlər. Yalnız buna da keçmək üçün keyfiyyətli və bacarıqlı personal lazımdır. Bu da yoxdur. Bir çox şadlıq saraylarını idarə edən şəxslər özləri heç də peşəkar deyil və bu sahədə formalaşmayıblar. Onlar tanışlıq və qohumluqla gəlib bu sahəylə məşğul olurlar. Düşünürəm ki, bu dediklərimdən səmərəli nəticələr çıxararlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB