"Məktəb bufetləri direktorların sahibkarlarla birgə biznesidir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Məktəb bufetləri direktorların sahibkarlarla birgə biznesidir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Hazırda fəaliyyət göstərməyən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir neçə il öncə məktəb bufetləri üçün standartlar hazırladı. Məktəb bufetlərində bir sıra məhsullar, o cümlədən qazlı içkilər, kolbasaların və s. bu kimi qidaların satışı qadağan olundu. Lakin bu standartlar demək olar ki, heç bir yerdə tətbiq edilmədi". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda məktəb bufetləri icarəyə verilib: "Bu direktorların sahibkarlarla birgə biznesləridir. Buna görə də məktəb bufetlərində zəhərlənmələrin olması da istisna olunmur.

Məktəblərdə olan böyük tənəffüslərdə vaxt azlığından uşaqlar qidalana bilmir. Bu baxımdan koridorlara avtomatik meyvə satan qurğuların qoyulması və uşaqların bunun sayəsində rahatlıqla qida əldə etmələrinin təmin edilməsini tövsiyyə etmişəm. Çünki bu üsul ilə daha yaxşı, ekoloji təmiz qidalanma baş tutar. Məktəb bufetlərində zəhərlənmələrin qarşısını almaq üçün məktəb direktorları, müəllimlər və valideynlər əlbir olub, qadağan edilmiş məhsulların satılmasının qarşısını alsınlar. Eləcə də məktəb bufetinin mətbəxi də daim nəzarət altında olmalıdır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə