"Ailədəki hər bir insan üçün fitrə zəkatı çıxarılmalıdır" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Ailədəki hər bir insan üçün fitrə zəkatı çıxarılmalıdır" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Şəriət baxımından dinimizdə fitrə zəkatı buğda, un və s. kimi minimum ərzaqdan hesablanır. Amma insanlar fitrə zəkatı kimi orta səviyyədə ərzaq çıxarsa, daha yaxşı olar. Fitrə zəkatı yoxsullara, möhtac olan insanlara verilir ki, onlara verilən pulla öz ehtiyaclarını ödəsinlər". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bugünkü gündə ölkəmizdə imkansız ailələr az deyil: "Qazilər, şəhid ailələri, qonşuluqda və ya qohum-əqrəbada elə kasıb adamlar var ki, onları mütləq nəzərə almaq lazımdır. Fitrə zəkatı bu cür insanlara verilməlidir. Bayram günü qapı-qapı dolaşıb dilənçilik edənlərə fitrə zəkatı vermək olmaz. Qafqaz Müsəlmanları İdarəsi olaraq hər il tövsiyə edirik ki, yaşından, oruc tutub-tutmamasından asılı olmayaraq ailədəki hər bir insan üçün fitrə zəkatı çıxarılsın. Bu, ailə başçısının boynuna bir haqq, dini əmrdir və icra olunmalıdır".

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, fitrə zəkatı minimum 10-15 manat çıxarıla bilər: "Əgər ailənin imkanı yoxdursa, amma fitrə zəkatı çıxarmaq istəyirsə, eybi yoxdur gücü çatan qədər çıxara bilər. Amma ümumiyyətlə, ailəsini çətinliklə dolandıran, əlində olan maddi imkan ilə ailəsinin son təminatlarını edən insanlar fitrə zəkatı çıxarmazlar. Yəni, onların boynunda haqq yoxdur.

Fitrə zəkatını bayram axşamı çıxarırlar. Bayram namazı qılınana, ən uzağı zöhr namazına qədər zəkatın yoxsullara, kasıblara çatdırılması məsləhət görülür. 21 aprel 2023-cü il tarixində Ramazan bayramı olacağı üçün ayın 20-si fitrə zəkatını çıxaracağıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə