“Heydər Əliyev İlində” böyük əfv gözlənilirmi? - ƏFV KOMİSSİYASININ ÜZVÜ DANIŞDI

“Heydər Əliyev İlində” böyük əfv gözlənilirmi? - ƏFV KOMİSSİYASININ ÜZVÜ DANIŞDI

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı cənab Prezident tərəfindən bu il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu münasibətlə də çoxsaylı və müxtəıif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də əfv sərəncamının imzalanması ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası yanvar ayının 12-dən öz işinə başlayıb: “Artıq 12 iclasımız olmuş və bu iclaslarda 1500-dən artıq müraciətə baxılıb. Daha bir neçə iclasımız qalıb və bu iclaslarda da daxil olunan müraciətlərə baxılacaq, rəylərin hazırlanması ilə bağlı qərar qəbul ediləcək”.

Əliməmməd Nuriyev sözlərinə belə davam edib: “Bütün bunlar əlbəttə ki, sonda cənab Prezidentə təqdim olunacaq və Prezidentimiz tərəfindən əfv sərəncamının verilib-verilməməsi ilə bağlı qəti qərar qəbul olunacaq. Kimlərin əfv sərəncamına daxil olması cənab Prezidentimizin konstitusion səlahiyyətləri çərçivəsindədir. Əlbəttə, istisna olunmur ki, may ayında Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı ola bilər. Amma son qərar cənab Prezident tərəfindən veriləcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə