Dünyamızda son 30 ildə şiddətlə artan və sağlamlığa ciddi təhdi yaradan problemlərdən biri də həddindən artıq piylənmədir. Bilindiyi kimi yağ toplanması ilə yaranan bir vəziyyətdir. Həddindən artıq köklük həyat keyfiyyətini və ömrünü azaltmaqdadır. Bəzi insanlar yemək yemədən kökəlməkdən şikayət edirlər. Bəs insanların kökəlməsinin və arıqlaya bilməməsinin səbəbləri nələrdir? SİA mövzu ilə bağlı sorğu keçirib.
“Əksər hallarda insanlar çəki almanın səbəbini qəbul etdikləri qidalarla əlaqələndirsə də, bu heç də belə deyil. Çünki çəki almaq və vermək qidalarla yanaşı bir sıra başqa amillərlə də əlaqələndirilə bilər. Zərərli karbohidratlı qidalar, xüsusilə də un məmulatları, şirniyyatlar qəbul edən insanlar daha tez çəki alır. Lakin bəzən həmin qidaları qəbul etmədikdə belə insanlar sürətlə kökəlir və bunun səbəblərini anlamırlar”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, belə olduqda həmin insanlar sağlamlıq vəziyyətinin nə yerdə olduğunu öyrənməlidir: “Qan analizi, vitamin və mineralların orqanizmdə çox və ya az olmasını öyrənmək üçün analizlərin verilməlidir. Çünki hər hansı bir vitamin çatışmadıqda və ya artıq olduqda bəlli bir yaşdan sonra xüsusilə qadınlarda sürətli kökəlmə halları baş verir. Bu daha çox qadınların menopoz olduğu dövrlərdə rast gəlinir. Belə olan hallarda onlarda həm D vitamini, həm də kalsium və maqnezium azalır. Bu da orqanizmdə daha çox yağın yığılmasına səbəb olur. Yağ hüceyrələri çox olduğundan kökəlmə tez baş verir. Ona görə də bu problemi yaşayan əgər qadındırsa, mütləq şəkildə həmin dönəmdə olub-olmadığını bilmək lazımdır.
Bəzi xəstəliklər də var ki, teroid hormonu ilə bağlıdır. Teroid hormonu qalxanabənzər vəzin funksiyasının pozulması ilə əlaqədardır. Bu da kilo almağa səbəb olur.
Digər tərəfdən hər hansı bir xəstəliyin müalicəsi zaman və yaxud adi hallarda kapsullar şəklində qəbul edilən qida əlavələri və bəzi dərmanlar iştahı artırır. Yenə də orqanizmdə çəkinin artması halı baş verir. Mütləq qəbul edilən dərmanların yan təsirləri ilə bağlı məlumatlı olunmalıdır. Dərmanların daxili orqanların funksiyasına təsir etmədiyinə əmin olmaq lazımdır. Çünki əks halda maddələr mübadiləsinin sürətini aşağı sala bilər. Ona görə də bu məqamlara diqqət yetirmək lazımdır.
Bundan əlavə stress faktoru da insanın kökəlməsinə gətirib çıxara bilir. Stresli olduqda qidaların həzm olunma prosesi düzgün şəkildə həyata keçmir. Nəticə etibarilə parçalanmayan qidalar yağa çevrilir və çəkinin artmasına səbəb olur”.
Mövzu barədə öz fikirlərini bildirən qida üzrə baş mütəxəssis Ağa Salamov həddindən artıq yemək yemədən insanların kökəlməsi və arıqlaya bilməməsinin stress, yuxusuzluq, endiknoloji problemlər və s. kimi bir sıra səbəbləri ola biləcəyini deyib. O bildirib ki, bu cür problem yaşayan insanlar mütləq müayinə olunmalı və səbəbi müəyyənləşdirməlidir: “Ümumiyyətlə, həmin insanlar yuxu rejiminə diqqət etməli, stresdən uzaq durmalı, günəş şüaları qəbul etməli, təbii məhsullar istehlak etməlidir. Hesab edirəm ki, kökəlməmək üçün sağlam qidalanmanın başında təbii yeməklər gəlir.
Məsləhət görülür ki, insanlar səhər vaxtında yuxudan oyansın, daha çox təbiət qoynunda olsunlar, yemək tərzinə diqqət etsinlər, gün ərzində səhər və axşam olmaqla iki dəfə qidalansınlar, mütəmadi olaraq maye qəbul etsinlər, qazlı içkilərdən, fast food və qızartmalardan uzaq dursunlar. Eyni zamanda, lifli qidalara üstünlük verilməlidir ki, buna da mövsümi meyvə-tərəvəzlər və onlardan hazırlanan salatlar, qarnirlər və s. aiddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB