“XXI əsr elektron texnologiyalar və informasiya əsridir” - SORĞU

“XXI əsr elektron texnologiyalar və informasiya əsridir” - SORĞU

44 günlük Vətən müharibəsi bitdikdən sonra ermənilər hələ də təxribatlarından əl çəkmir, müxtəlif bəhanələrlə sülh prosesini gecikdirirlər. SİA olaraq mövzu üzrə gənclərin fikirlərini öyrəndik:

Təhmasib İmaməliyev
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tələbə Gənclər Təşkilatının sədri:

“XXI əsr elektron texnologiyalar və informasiya əsridir.
Bu dövrdə əsas fəaliyyət sahələri elektron platformaya keçir. Bu istiqamətdə əsas rolu öz üzərinə internet götürüb. İnternet informasiya məkanına tam nüfuz edib və artıq operativliyə və əhatə dairəsinə görə ənənəvi elektron media vasitələrini- televiziya və radionu da geridə qoyub. Müasir dövrdə demək olar ki, hər kəs sosial şəbəkədən yararlanır. Son 10 illər ərzində onlayn sosial şəbəkələr isə həyatın ayrılmaz parçasına çevirilib. İndi hər kəs yuxudan duran kimi ilk olaraq sosial şəbəkələrə daxil olur ki, görək ölkədə, dünyada nə baş verir. Əlaqələr də daha çox internet üzərindən qurulur, messencerlər, sosial şəbəkələr, email sistemləri və s. vasitəsilə. Sosial şəbəkələrdən istifadə müsbət və ya mənfi yönümlü ola bilər. Sosial şəbəkələrin inkişafı informasiya bolluğuna və əlçatımlılığına, ünsiyyət prosesinin daha əlçatan və rahat olmasına şərait yaradır.
Müharibə bitməsinə baxmayaraq, ermənilər hələ də, öz çirkin əməllərindən, təxribatlarından əl çəkmirlər. Bu təxribatlar nəticəsində Azərbaycan ordusunun şəhidləri olur. Belə gərgin dövrlərdə informasiya resurslarından düzgün istifadə edilməlidir. Bir çox hallarda müharibə gedən, yaxud da təxribat olan bölgələrdə çəkilən video, fotoların koordinatları olur. Çünki bu foto və videolar smartfonlarla çəkilir. Düşmən də məhz bu yolla ərazi ilə bağlı məlumatları əldə etmiş olur. Bu səbəbdən də foto-video göndərərkən diqqətli olmaq lazımdır.
Sosial şəbəkələrdə müxtəlif dövlətlərin casus və təbliğat qrupları fəaliyyət göstərir. Onların məqsədi ictimai fikri işlədikləri dövlətin maraqlarına kökləmək, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək və dolayısı ilə ortalığı qarışdırmaqdan ibarətdir. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün sosial şəbəkələrdən, onlayn informasiya sistemlərindən səmərəli istifadə etmək lazımdır. Bunun üçün savadlı olmalı, ən azı 1-2 beynəlxalq dili bilməli və o dillərdə mübaizə aparmalıyıq.
Bu gün biz Azərbaycanın intellektual gəncliyi olaraq bir əlimizdə qələm, digər əlimizdə silahla ölkəmizə, Ordumuza, dövlətimizə dəstək olmalı, cənab Prezidentimizin ətrafında yumruq kimi birləşməliyik. Bu məqsədlə sosial şəbəkələrdə, dünya KİV-də, xarici elmi nəşrlərdə müxtəlif dillərdə yazılar yaymalı, Azərbaycanımızın haqq səsini dünyaya çatdırmalıyıq”.

“İrəli” İctimai Birliyinin aktiv gənci Ayxan Qurbanov:

“Ermənistanın davam etdirdiyi təxribatlarla bağlı biz gənclər bir neçə qanunlara riayət etməliyik. Burada əsas məqamlardan biri kiber gigiyenadır. Bu şəxsi məlumatların və parolların tez-tez dəyişdirilməsidir. Bununla biz öz hesablarımızı qoruya bilirik.
Xüsusilə vurğulanması vacib məqamlardan biri dezinformasiyaların yayılmasının qarşısını almaqdır. Ümumiyyətlə xəbərləri rəsmi saytlardan oxumaq olduqca vacibdir. Eyni zamanda texnikaların, əsgərlərin fotolarını paylaşmaq qətiyyən olmaz.
Bu gün dövlət tərəfindən görülən işlər isə tam qaydasındadır. Fəaliyyət göstərən kibertəhlükəsizlik bölbələrimiz işlərini çox yaxşı bacarırlar. Gənclər olaraq çalışmalıyıq ki, onlayn platforma üzərindən müharibə dövründə olduğu kimi yenə də paylaşımlar etməyə davam edək”.

Bütün xəbərlər Facebook səhifəmizdə