Ad və soyadı necə dəyişmək olar? - QURUM RƏSMİSİ AÇIQLADI

"Ad insanı geniş insan kütləsi arasında, o cümlədən mülki hüquq münasibətlərində fərdiləşdirilən bir vasitədir. Tarixən insanlara anadan olduqları vaxtdan müəyyən ad verilir və həmin şəxs bu ad altında yaşayıb fəaliyyət göstərir. Adsız fəaliyyət göstərən şəxs olur, lakin adsız insan olmur". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nigar Bağırova deyib.

Onun sözlərinə görə, mülki qanunvericiliyə görə ad məfhumu şəxsin adı ilə yanaşı onun soyadını və atasının adını da əhatə edir: "Şəxsin adı bu üç göstərici ilə ifadə olunur. Hər bir fiziki şəxs mülki hüquq münasibətlərinə girmək üçün öz adından müəyyən müqavilə bağlayır, əmlakını öz adından satır, bağışlayır, vəsiyyət edir və s.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddəsində qeyd edilir ki, hər bir fiziki şəxsin adı ad, soyad və ata adından ibarətdir. Ailə məcəlləsində uşağa ad və soyadın verilməsi valideynlərin razılığı əsasında həll edilməlidir. Ola bilər ki, uşağa ad və soyad verilməsində valideynlər arasında fikir ayrılığı olsun. Belə olduqda məsələ qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Ailə məcəlləsinin müvafiq maddəsində yazılır ki, uşağın ad və soyadının dəyişdirilməsi ilə bağlı valideynlərinin birgə xahişinə əsasən bu məsələ yerli İcra Hakimiyyəti orqanı tərəfindən həll oluna bilər".

Nigar Bağırova sözlərinə davam edərək bildirib ki, adın, soyadın, ata adının verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir: "Bu qərara görə uşağın mənafeyinə xələl gətirəcək, cinsinə uyğun gəlməyən, gülünc adların verilməsi ilə bağlı məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərin tətbiqi Azərbaycan ədəbi dil normalarına uyğun olmayan adların qoyulmasının qarşısını almağa imkan verir.

Qeydiyyat şöbəsinin hüququ və vəzifələrindən biri də müraciət edən valideynlərə uşaqları üçün seçilən adların izahını və tövsiyələrini verməkdir. Ədliyyə Nazirliyinin rəsmi saytındakı elektron xidmətlər bölməsində valideynlərə uşaqlarına ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və sair informasiya almaq üçün axtarış sistemi mövcuddur.

Aparılan maarifləndirmə və təbliğat işlərinə baxmayaraq, Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlara qəribə adlar qoymağa davam edirlər. Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq uşağın mənafeyinə xələl gətirən, cinsə uyğun olmayan gülünc adları qoymaq olmaz.

Ad, soyad və ya ata adını dəyişdikdən sonra o, mütləq yenidən müvafiq qurumlara müraciət edərək sənədlərini yeniləməlidir. Bunun üçün ən asan və rahat üsul Asan Xidmətə müraciət etməkdir. Bir çox dövlət qurumunun xidmətləri Asan Xidmətdə mövcud olduğuna görə, vətəndaşlar haqqındakı bir çox hüquqi sənədi burada yeniləyə bilər.

Yeni qanun layihəyəsinə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınacaq.

Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Qanun adın, ata adının, soyadın dəyişdirilməsinə müəyyən hallarda icazə vermir. Belə ki,ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş olduqda adın, аtа adının və soyadın dəyişdirilməsinə yol verilmir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə