"Universitetlər hər bir tələbənin təhsil haqqını dövlətdən alır" - TƏHSİL EKSPERTİ İZAH ETDİ

"Universitetlər hər bir tələbənin təhsil haqqını dövlətdən alır" - TƏHSİL EKSPERTİ İZAH ETDİ

"İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Azərbaycan ali təhsil müəssisələrinin qəbul plan yerinin isə 50 faizi ödənişsizdir. Amma bu, o demək deyil ki, ödənişsiz təhsil alanlar universitetə pul ödəmir. Nazirlər Kabinetinin 2011-ci il qərarına əsasən, təhsilalma formasından asılı olmayaraq hər kəs universitetin büdcəsinə pul ödəyir. Yəni, dövlət sifarişli oxuyanların pulunu da dövlət ödəyir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: "Bu gün universitetlərimizin gəlirlərinin 90 faizi məhz tələbələrin ödədikləri təhsil haqlarıdır. Ödənişli əsaslarla təhsil alanlar öz təhsil haqlarını özləri, dövlət sifarişli təhsil alanların təhsil haqlarını isə dövlət universitetə ödəyir. Bu, təkcə dövlət sifarişi ilə təhsil alanlara aid deyil. Belə ki, müəyyən bir kateqoriya var ki, cənab Prezidentin sərəncamı ilə həmin şəxslər ödənişli ixtisaslara qəbul olsalar da, onlar da təhsil haqqından azaddır. Məsələn, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid və qazi olanların uşaqları, məcburi köçkünlər, valideynini itirmiş, valideyn himayəsindən məhrum olanlar, özü 1-2-ci qrup əlil olanların təhsil haqları dövlət büdcəsindən ödənilir. Yəni, universitet onların pulunu dövlətdən alır. Hər bir ali təhsil müəssisəsi bütün tələbələrdən bu vəsaitləri alır. Bu, ali təhsil müəssisələrinin inkişafı üçün stimul olmalıdır. Amma təəssüf ki, biz bunu görə bilmirik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə