Evlilik həyatı enişli-yoxuşlu bir macəradır. Həyat yoldaşlarının bir-birlərinə olan sevgi, məhəbbət və diqqət ehtiyaclarını qarşılamaq üçün bu səfərdə qadınların ərlərinə göstərdikləri sevgi dilini düzgün seçmələri lazımdır. Bəzi qadınlar var ki, yoldaşına sanki onun anası kimi davranır. Bir növ onun üçün ana rolunu alır. Bu, nə dərəcədə düzgündür? Ailə münasibətlərinə necə təsir edir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Qadının ərinə qarşı ana və həddən artıq himayədar olması, yoldaşına öz övladı kimi davranması münasibəti korlayır.
Ərinizin anası olmayın
Qadınlar instinktiv olaraq analıq hisslərini uşaqlıqdan hiss etməyə başlayırlar. Bəzi qadınlar təbiətcə daha çox analıq edirlər. Belə ki, onlar sosial həyatlarında hər kəsin köməyinə gəlir, mehriban və fədakardırlar. Bəzi qadınlar isə ailə qurub ana olduqdan sonra kişinin həyat yoldaşı olmaq əvəzinə bunu ana roluna çevirir. Kişilər isə həyat yoldaşlarının anaları kimi qoruyucu, qayğıkeş və mehriban olmasından əziyyət çəkirlər. Bu yaxşı bir hal deyil.
Kişi arvadına baxanda görür ki, yuxu kimi başlayan evlilik, sevgi dolu sözlər, romantika bitib. Nəticədə kişi həyat yoldaşını ilk vaxtlar aşiq olduğu qadın kimi deyil, anası kimi görməyə başlayır. Evliliyində axtardığı sevgi və məhəbbəti tapa bilməyən bir kişi isə başqa qadınlara gedə bilər.

Qadının unutmamalı olduğu şey, ərinin artıq anası olmamasıdır. Əgər həyat yoldaşınızın sizə olan sevgisinin bitməsini istəmirsinizsə, evliliyinizi yaxşı qidalandırmalısınız. Əlbəttə ki, həyat yoldaşınıza olan sevginizi və ya evlilikdə bəyənmədiyiniz şeyləri ifadə etməlisiniz. Amma bunu edərkən yanaşmanız ana kimi yox, qadın (sevgili) kimi olmalıdır.
Bəs, necə olmalıdır?

Uzunmüddətli və sevgi dolu bir evliliyin açarı düzgün ünsiyyətdir. Heç vaxt unutma ki, partnyorunuzun sevgili kimi sevəcək bir tərəfdaşa ehtiyacı var.
- Danışarkən, əmr edən, mühakimə edən, ana övladı ilə danışan kimi hesablaşan söz və rəftarlardan çəkinin.
- Ünsiyyət qurarkən gülümsəyin. Həyat yoldaşınıza sevgi ilə yanaşın, amma şişirtməyin.
- Ünsiyyəti gücləndirməyin başqa bir yolu minnətdarlıq sözləridir. Minnətdarlıq sözləri sevgini qidalandırır.
Ərlərinizin anaları var
Qadınlar bilməlidirlər ki, ərlərinin anası var və ikinci bir anaya ehtiyac yoxdur. Ona görə də qadınlar evlilik həyəcanının və hisslərinin bitməsini istəmirlərsə, həyat yoldaşlarına analıqdan çox, əsl həyat yoldaşı kimi davranmalıdırlar. Unutmayın ki, partnyorunuza sevgi duyğusu lazımdır. Halbuki sizdən gözlənilən sevgi ana sevgisi deyil, bir xanımın verə biləcəyi sevgidir. Ünsiyyətinizdə çox diqqətli olmağa çalışın. Danışmaqdan, sərt təxribatlardan və məsuliyyət tələb etməkdən çəkinin.

Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə: "İlk olaraq xanımların ailə həyatında etdiyi səhvlərdən danışmaq istəyirəm. Bəzən ailədə qadın o qədər yoldaşının qayğısına qalır ki, artıq kişinin düşüncəsində ana obrazına çevrilir. Ana obrazına çevrildikdən sonra da avtomatik olaraq kişinin həyat yoldaşı və məşuqə (sevgili) obrazından çıxır. Bu da münasibətdə təbii ki, soyuqluq yaradacaq. Sonra da kişi başlayacaq özünə yeni məşuqə axtarmağa.
Xanımlar şikayət edir ki, "Mən yoldaşımın bu qədər qayğısına qalıram, onun üçün hər şey edirəm, amma yenə də başqası ilə münasibət qurur". Burada səhv odur ki, sən onun üçün hər şey edirsən. Kişinin qayğısına qalmaq lazımdır, amma qədərində. Bu hədd o qədər olmamalıdır ki, kişi öz həyat yoldaşını anası kimi görsün. Kişilərin düşüncəsində həyat yoldaşı ana obrazına çevrilməməli, məşuqə və xanım obrazında qalmalıdır.
Məsələn, əri ana da harasa yola salır, sevgili də. Lakin, ana bunu onun qayğısına qalaraq edir. Həyat yoldaşı isə qapıda öpüşüb yola salmalıdır. Yəni, aradakı fərq bilinməlidir. Ərə "Onu geyin, bunu geyin" deməyə ehtiyac yoxdur. Ər zatən böyük insandır və bunları özü bilir.
Çox qayğıya qalmaq ona gətirib çıxarır ki, yəni insan özünü kimdənsə asılı bilir və daim gözləyir ki, onun qayğısına qalsınlar. Beləliklə də insan böyümür. Şəxsiyyət uşaq olaraq qalır. Ona görə də evdəki sevgili artıq qayğıkeş ana obrazında olur. Ər isə çöldə digər qadınlarla şıltaqlıq edir.
Belə hallar münasibəti soyudur. Yəni, kişi artıq ehtiras ilə yoldaşına baxa bilmir. Sonra da istədiyi və arzuladığı sevgili obrazını axtarır. Qadın isə düşünür ki, bunları etsə, əri onu daha çox sevəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB