Balıq hansı fəsildə yeyilməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

“Belə bir el sözü var ki, “r” hərfi olmayan aylarda balıq məhsullarının yeyilməsi qadağandır. Bu düzgün yanaşma deyil”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.


Onun sözlərinə görə, tərkibində histamin maddəsi çoxalan, yəni xarab olan balıqlar yay-qış fərq etmədən yeyilməz: “Bu balıqlar yeyilərsə, qida zəhərlənməsi baş verə bilər.

Yaz-yay aylarında çəki balığı kimi bəzi balıqlar kürü qoyur ki, bu balıqların ovlanması düzgün deyil. Çünki onlar ovlanarsa, nəsilləri kəsilər. Bizim marağımız balıqların nəslinin artması və gələcək nəsillərə çatmasından yanadır”.

Ağa Salamov sözlərinə belə davam edib: “Balığın pulu tökülürsə, dərisi görsənirsə, qarnı şişibsə, qəlsəmələri qırmızı deyil və qoxu gəlirsə o köhnədir. Balığın pullarını dartanda pullar qopmalı deyil. Əgər tökülürsə, bu deməli köhnədir. Yaxud köhnə olmasa belə, bir dəfə dondurulub buzu açılmış balıqdır.

Bəzən deyirlər ki, balıqla qatığı birlikdə yemək olmaz. Əgər təzə balıqdırsa, yanında qatıq da yeyə bilərsiniz. Köhnə olduqda isə əksinə qida zəhərlənməsi baş verə bilər. Əsas odur ki, balıq köhnə olmasın.

Orucluqda da balıq yemək məqsədəuyğundur. Çünki yüngül zülal olduğu üçün tez həzm olunur. Amma hərgün olmaz. Həftədə 1-2 dəfə qida rasionumuza balıq əlavə edə bilərlər. Çünki balıq yüngül zülaldır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə