Evləndikdən sonra ikili soyad necə almaq olar? - VƏKİL AÇIQLADI

“Ailə Məcəlləsinin 28.7-ci maddəsinə əsasən, nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, həmin Məcəllənin 30-cu maddəsinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər: “Lakin nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Məhkəmə qaydasında nikah pozulduqdan sonra soyadını dəyişib keçmiş soyadına qayıtmaq istəyən qadın nikahın pozulması haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra nikahın qeydə alındığı yerin qeydiyyat şöbəsinə yaxınlaşmalı və nikahın pozulması haqqında şəhadətnamə almalıdır. Qeydiyyat şöbəsində şəxs keçmək istədiyi soyadı bildirməlidir. Daha sonra nikahın pozulması haqqında şəhadətnamə ilə “ASAN xidmət” mərkəzlərinə yaxınlaşaraq yeni şəxsiyyət vəsiqəsi almalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə