"Din və qlobal təhlükəsizlik" adlı kitabın təqdimatı keçirilib - YENİLƏNİB - FOTOLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı Komitənin sədr müavini Səyavuş Heydərovun “Din və qlobal təhlükəsizlik” adlı kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, kitabın müəllifi Səyavuş Heydərov, millət vəkilləri Anar İsgəndərov və Ceyhun Məmmədov, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli çıxış ediblər.
Təqdimatda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki,"Qlobal müstəvidə xüsusilə XX əsrdən etibarən dünyanın müxtəlif bölgələrində din təkcə mənəviyyat mövzusu kimi deyil, eyni zamanda, təhlükəsizlik mövzusu olaraq önə çıxmağa başlayıb: "Bunun müxtəlif səbəbləri var. Təəssüf ki, islam dünyasında XX əsrin ikinci yarısından başlayaraq radikal qruplaşmaların aktiv şəkildə artdığını müşahidə edirik. Əlbəttə ki, nə xristianlıq, nə islam, nə də digər böyük dinlər insanları zorakılığa sövq edə bilməz. Onların hər biri sülh dinidir. Bütün bunlar onu göstərir ki, dinlərin səhv şərh edilməsi məhz bu radikal qruplaşmaların ortaya çıxma səbəblərindəndir. Digər bir səbəb isə müxtəlif ölkələrdə siyasi hakimiyyətlərin dini istismar etməsidir. Bunun nəticəsində də terror qruplaşmalar yaranır. Həmin siyasi hakimiyyətlər başa düşmür ki, bu terror qrupları nəticədə özlərinə tərəf dönəcək".
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kitab barədə çıxış edib. O bildirib ki, Azərbaycan multikultural ölkədir: "Multikulturalizmin bir hissəsi dinə də aiddir. Bu, əslində cəmiyyətdə olan müxtəlif mədəniyyətlərin bir araya gəlməsi və birgə yaşayışıdır. Azərbaycanda mövcud olan tolerantlıq da dini münasibətlərə aiddir ki, ölkəmizdə bütün dinlərə qarşılıqlı olaraq hörmətlə yanaşılır. Azərbaycan islam dünyasının bir parçasıdır. Azərbaycan islamda vəhdəti təşviq etmək xəttini həyata keçirir. Bu gün müzakirəyə çıxardığımız "Din və qlobal təhlükəsizlik" kitabında da bu məsələlərə yer verilib. Qlobal təhlükəsizlik fonunda Azərbaycanda həyata keçirilən siyasət və vəzifələr də bu kitabda öz əksini tapıb".
Dörd fəsildən ibarət olan kitab beynəlxalq və regional münasibətlər sistemində din amili, bəşəriyyətin yeni kabusu: dini radikalizm, din və təhlükəsizlik, qlobal təhlükəsizlik kontekstində dinlərarası və mədəniyyətlərarası dialoq mövzularını əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB