Bəzi gənc ailələrin əsl boşanma səbəbləri BƏLLİ OLDU - ARAŞDIRMA

Hər kəsin yuxu vərdişi fərqlidir. Bəzilərimiz səhərə yaxın, bəzilərimiz isə rejimlə vaxtı-vaxtında yatırıq. Ancaq evli cütlükdən söhbət gedirsə, onların yuxu vərdişləri oxşar olmalıdır.

Mütəxəssislərin fikrincə, eyni vaxtda yatmağa gedən cütlüklərin münasibətləri daha yaxşı olur. Yuxu vərdişləri insandan insana fərqli olsa da, cütlüklərin eyni yatmaq vaxtının olması böyük əhəmiyyət kəsb edir.

Araşdırmalara görə, qucaqlaşmaq oksitosin hormonunu artırır. Bu səbəbdən də birlikdə yatmaq vacib amillər arasındadır. Partnyorunuzla yatmaq yalnız münasibətinizi gücləndirmir, həm də fiziki sağlamlığınız üçün son dərəcə faydalıdır. Bu qan təzyiqinizi aşağı sala, immunitet sisteminizi gücləndirə və infeksiyanı azalda bilər. Həm də əhvalınızı yaxşılaşdıra, narahatlıq səviyyənizi azalda, özünüzü daha rahat və daha az stress hiss etmənizə səbəb ola bilər.

Son dövrlər boşanmağa səbəb gənc ailələrin ayrı yatmasıdır? Ümumiyyətlə, evlilikdə cinsi əlaqənin rolu nədən ibarətdir və nə dərəcədə önəmlidir? Bəzi ailələr var ki, mübahisə etdikdən sonra ayrı yatmaqla biri-birinə sanki cəza metodu tətbiq edirlər. Dünya və Azərbaycan praktikasında vəziyyət necədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Azərbaycanda 2021-ci ildə boşanmaların sayı 17267 idisə, 2022-ci ildə isə 15983 fakt qeydə alınıb.

Göründüyü kimi, statistikada nisbətən azalma müşahidə olub, nikahların sayı isə artıb. Belə ki, 2021-ci ildə 56319 nikah qeydə alınmışdısa, 2022-ci ildə 61939 faktı qeydə alınmışdı. 2021-ci il ilə 2022-ci il müqayisə etsək, görərik ki, nikahların sayı artıb, boşanmaların sayı azalıb.

Əksər cütlüklər yatağı paylaşmağın emosional və səmimi bir şey olduğunu görürlər. Lakin, araşdırmalar göstərir ki, cütlüklərin ayrı yatmaq üçün vacib səbəbləri ola bilər. Eyni yataqda yatan cütlüklər gecələr partnyorları səbəbindən daha çox narahat olurlar. Xoruldama, tərləmə və ya partnyorun həddindən artıq hərəkəti bu pozğunluğun bəzi səbəblərindəndir. Üstəlik, bütün bunlar sağlamlıq problemlərinə, cinsi disfunksiyaya və evlilik problemlərinə səbəb ola bilər.

Almaniyanın Nürnberq şəhərindəki Paracelsus Tibb Universitetinin 2016-cı ildə apardığı araşdırma göstərib ki, yuxu və münasibət problemləri çox vaxt eyni vaxtda baş verir. 2013-cü ildə Berkli Kaliforniya Universiteti tərəfindən aparılan bir araşdırma da tərəflərdən birinin digərinə görə yuxusuz qaldığı gecənin səhəri cütlər arasında münaqişələrin olduğunu ortaya qoydu.

Berkeley Universitetindən araşdırma müəllifi və psixoloq Amie Gordon, "Pis yuxu bizi daha eqoist edə bilər. Çünki biz öz ehtiyaclarımızı tərəfdaşımızın ehtiyaclarından üstün tutmağa başlayırıq” deyib.

Hyustonda yaşayan bir əlaqə terapevti Meri Co Rapininin fikrincə, birgə yatmağın bəzi faydaları olsa da, bir tərəfin yuxu vərdişləri digərinin əsəblərini poza bilər. Bu, daha çox stress hormonlarının istehsalına səbəb olur.

Better Sleep Council tərəfindən 2012-ci ildə aparılan sorğu göstərdi ki, hər dörd cütlükdən biri daha yaxşı bir gecə üçün ayrı yatır.

Nyu Yorkda işləyən terapevt Ken Peyc “Bəzi cütlüklər ayrı yatmağın onların münasibətlərini gücləndirir” dedi.

Bundan əlavə, 2007-ci ildə "Sleep and Biological Rhythms" jurnalında dərc edilən araşdırmaya görə, kişilər və qadınlar eyni yataqda yatarkən bir-birini çox narahat edirlər.

Yaponiya dünyada öz adət-ənənələrinə ən sadiq olan ölkələr sırasındadır. Bu ölkədə evli cütlüklər adət-ənənələrindən asılı olaraq fərqli çarpayılarda və hətta fərqli otaqlarda yatmağı seçirlər.

Evlilik hər bir mədəniyyətdə hörmət edilən bir qurumdur. Evli cütlüklərin vərdişləri hər ölkədə mədəni amillərdən və adət-ənənələrdən asılı olaraq fərqlidir. Bu vərdişlər həm sosial, həm də iqtisadi cəhətdən dəyişkənliyə səbəb olur. Yaponiyadakı evli cütlüklərin də bizim mədəniyyətimizə görə çox qəribə bir vərdişi var. Kiçik evlər və mənzillər yapon cütlüklərinin müxtəlif çarpayılarda və hətta otaqlarda yatmasına mane olmur. Bəs niyə Yaponiyada evli cütlüklər ayrı yatırlar?

Fərqli iş qrafiki

Yapon cütlüklərini ayrı yatmağa qərar verən əsas amil əslində onların fərqli iş qrafikləridir. İşdən evə gec gəlirlər və ya tez oyanmalı olduqları üçün partnyorunu narahat etmək istəmirlər. Buna görə də gecəni başqa otaqda və ya çarpayıda keçirirlər. Çünki onlar partnyorunun yuxu keyfiyyətinə təsir etmək istəmirlər. Bu, cütlərin daha rahat yatmasına şərait yaradır.

Uşaq amili

Yapon analar uşaqları ilə yatmağa üstünlük verirlər. Ana və uşaqlarının bir yerdə yatması mədəniyyətdə çox vacib bir ənənədir. Buna görə də, uşaqlar doğulduqdan sonra atanı başqa çarpayıya və ya otağa köçürmək lazım olduğunu düşünürlər.

Elmi araşdırmalar ana və uşağın birgə yatmasının həm valideynlər, həm də uşaqlar üçün faydalı olduğu fikrini dəstəkləyir. Birgə yatmağın valideynlərə və uşaqların daha rahat yuxuya getməsinə kömək etdiyi sübut edilmişdir. Valideynlə yatmaq uşağın bədən istiliyini və ürək döyüntüsünü sabitləşdirir, həmçinin ani körpə ölümü sindromu ehtimalını azaldır. Bu, həm də uşağın özünə inamını artırmağa imkan verir.

Hüzura işarə verir

Yataqları ayıran və ya ayrı otaqlarda yatan bir çox cütlüyün boşanma prosesində olduğu düşünülsə də, Yapon mədəniyyəti bunu tamamilə fərqli şəkildə şərh edir. Onlar bunu evliliklərindəki hüzurun bir hissəsi kimi görürlər. Yaponlar yuxuya böyük əhəmiyyət verdikləri üçün yuxularının kəsilməsi onlar üçün problemdir. Bu səbəbdən də bu fürsəti verməkdənsə, ayrı yatmağa üstünlük verirlər. Bu sayədə yuxularını ala bilir və yuxusuzluğun yaratdığı gərginliyi yaşamırlar.

Keçmişdən gələn adət

Yapon döşəyi olaraq adlandırılan futon rahatlıq təmin edir və pambıqla doldurulur. Keçmişdə bunlar çarpayı kimi istifadə olunurdu və bu çarpayılar bir nəfərlik çarpayı kimi dizayn edilirdi. Məlumdur ki, bu gün də Yaponiyada bu çarpayılardan istifadə edən ailələr var.

Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə: "İlk öncə qeyd edim ki, boşanmanın səbəbi təkcə ayrı yatmaq ola bilməz. Ayrı yatmaq boşanmaya gətirib çıxaran səbəblərdən ola bilər. Çünki insanlar arasında hər hansı bir problem olur və ona əsasən tərəflər bir-birlərini cəzalandırırlar. Bu cəzalandırmalar yataqları ayrımaq və ya başqa otaqlarda yatmaqdan ibarətdir. İki tərəfdən biri addım atıb barışmayana qədər də bu cəzalandırma davam edir.

Təbii ki, evli insanların bir evdə olub bir-birindən ayrı yatması düzgün deyil. Problem olmadıqda da ayrı yatan cütlüklər var. Məsələn, uşağa baxmaq üçün onu yanında yatırdan qadınlar var. Bu zaman da araya üçüncü şəxs girir və tərəflər istədikləri kimi yata bilmirlər. Bu da ayrı yatmaq kimi birşey sayılır. Yaxud da tərəflərdən biri gec ya tez yatır ki, bu da ayrı yatmaq kimi birşeydir. Biri də var ki, cütlük birlikdə yatağa girib qucaqlaşaraq yatır.

Bu tip ayrı yatmaqlar evliliyin seks həyatında soyuqluq yaradır. İnsan əgər öz həyat yoldaşı ilə yatmaq istəmirsə, bunu hər hansı bir bəhanlə ilə irəli sürə bilər. Məsələn, gec yata, yaxud münaqişə edə bilər ki, ayrı yatsınlar. Bu ailə münasibətində çox pis bir şey sayılır.

Evlilikdə seksin çox böyük önəmi var. Təbii ki, hər gün yatanda insan seks etmir. Amma birlikdə yuxuya getmək və bir yataqda yatmaq çox önəmlidir.

Seks münasibətin balansını saxlayan bir prosesdir. Seks insanın ehtiyacıdır. Bu da evlilikdə münasibət balansını saxlayır. Nə qədər ki, insanlar arasında seks azalır və eyni yataqda yatmırlar bu da onların bir-birinə olan münasibətini zəiflədir. Bu ona gətirib çıxarır ki, cütlüklər bir-biri ilə bacı-qardaş münasibəti yaşayırlar.

Arada soyuqluq yaranandan və seks həyatı sıfıra endikdən sonra cütlük bir-birindən boşanmağa qərar veriə bilir. Yəni, arada bağlılıq qalmadığı üçün bu baş verir. Hal-hazırda boşanmaların sayı çox artıb.

Bununla yanaşı cütlük hər hansı bir problemə görə də birlikdə yatmaya bilərlər. Bura kişinin və yaxud qadının cinsi problemləri aiddir. Bu hallar davam etdikcə evlilik münasibəti soyuyur. Bundan sonra insan boşanma üçün çox rahat qərar ala bilir.

Əgər münasibətdə problem yaranıbsa, münaqişə varsa yataq ayırmaq cəza metodu kimi seçilməməlidir. Təbii ki, küsməklər ailədə olur. Ailədə cütlük öz arasında bir qayda qəbul etməlidir ki, "Nə qədər böyük mübahisəmiz olsa da, gün sonunda eyni yataqda olmalıyıq". Tərəflər nə qədər dikbaş olsa da, yatağa girəndə insan yumuşalır və barışmaq ehtimalı artır".

Psixoloq Fidan Nizamova: "İnsanların fərqli yataq və otaqlarda yatması pis birşey deyil. O halda ki, hər iki tərəf üçün bu durum normaldırsa. Məsələn, bəzi insanların fobiya və kompleksləri də var. Yaxud da kiməsə tək yatmaq daha rahatdır. Belə cütlüklər var. Hansılar ki, onların çox gözəl münasibətləri var və fərqli otaqlarda yatırlar. Bu onlar üçün bir növ əyləncə metodudur. Ona görə də bunu ümumiləşdirib pis bir şey olduğunu deyə bilmərik. İnsandan insana da fərq var.

Bu məsələnin məqsədi də çox vacibdir. Qarşı tərəfi cəzalandırmaq üçün yataqları ayırmaq ciddi bir məsələdir. İnsanlar küsülü olanda bərabər danışıb bir-birlərinə yaxın olmaları daha önəmlidir. Biz isə əksinə olaraq danışmırıq, dinləmirik, yataqları ayırırıq və qarşı tərəfi tək qoyuruq. Qarşı tərəf tək qaldıqca biz ona bizsiz yaşamağı da öyrədirik.

Cinsi həyat münasibətlərdə çox önəmlidir. Amma bunu da ümumiləşdirməyək. Çünki bu məsələ ilə bağlı hər kəsin öz norması var. Elə cütlük var ki, mütəmadi cinsi əlaqədə olmasa da bir-biri ilə çox yaxşı münasibətdədir.

Önəmli məqamlardan biri də bunu uşaqlara doğru izah edə bilməkdir. Çünki cəmiyyətdə belə bir düşüncə var ki, insanlar ayrı yatırsa, deməli bunun böyük bir neqativ səbəbi var. Uşaq da bunu hiss etməlidir ki, valideynlər ayrı yatmağa qərar veriblərsə, bu neqativ hal deyil.

Cinsi həyat ödül, yaxud cəza mexanizmi deyil. Küsüb yataq ayırmaq yanlışdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə