"Media orqanları diqqəti daha çox yaradıcılığa yönəldəcək" - BAŞ REDAKTOR ŞƏRH ETDİ
"Çap və onlayn medianın ehtiyacında olduğu çox mühüm bir hadisə baş verdi. Prezident İlham Əliyev Vergilər Məcəlləsində həm də medianın mənafelərinə birbaşa təsiri olan dəyişiklik etdi. Yeni qanun imzalandı. Çap və onlayn media qurumları əlavə dəyər, mənfəət və sadələşmiş vergidən 3 illik azad olundular. Sadə dillə desək, məsələ belədir ki, çap və onlayn media orqanları reklam və öz fəaliyyətlərinin gətirdiyi gəlirlərdən aldıqları yardımlara görə bu üç növ vergini bundan sonrakı 3 il müddətində ödəməyəcəklər". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, media orqanları indiyə qədər tez-tez rast gəlinən vergi orqanları ilə müxtəlif xarakterli çəkişmələrdən azad olaraq daha çox diqqəti yaradıcılığa və menecerliyə yönəldə biləcəklər: "Onlar öz iqtisadi güc mənbələrini tədricən qrant və ianələrdən reklama və özəl fəaliyyətlərin üzərinə keçirmək imkanı qazanacaqlar ki, bu da daha çox iqtisadi müstəqillik deməkdir. Qurumun maddi-iqtisadi gücünün artırılmasında media rəhbərləri ilə bərabər hər bir media əməkdaşı da maraqlı, təəssübkeş və təşəbbüskar olmağa başlayacaq.
Diqqətçəkən təzahürdür ki, dövlət başçısı siyasi partiya və QHT-lərlə müqayisədə məhz medianın vergidən azad olunmağa daha çox ehtiyac hiss etdiyini nəzər alıb.
Azərbaycanda vergi və media islahatları ilk dəfə bir arada həyata keçirilir və bir-birinə zidd deyil. Əksinə, dövlət büdcəsinin vergi mənbələrindən cüzi itkisi bahasına həyata keçirilən bu islahat medianın daha çoxşaxəli iqtisadi müstəqilliyə yetməsinin hədəfləndiyini göstərir".
Media rəhbəri sözlərinə davam edərək bildirib ki, mediaya dövlətin dəstəyinin müstəqil dövlətçiliyin ömrü qədər davamlı və vacib olduğunu bütün ağıllı adamlar başa düşür: "Dünyanın heç bir ölkəsində media dövlətin dəstəyindən kənarda deyil və ola da bilməz. İnformasiya vasitələrinin müasir dünyada dövlətlərin daxili işlərinə ən müxtəlif təsir silahına çevrildiyi bir zamanda, ən müxtəlif siyasi-ideoloji qüvvələrin onu ələ keçirmək üçün çabalar göstərdiyi şəraitdə medianı öz dövlətinin dəstəyindən kənara necə və hansı məntiqlə çəkmək olar?! Sən onu kənara itəcəksən, başqası onu öz qanadına çəkərək sənə qarşı işlədəcək. Prezident bu qərarı verməklə mediaya dövlətin dəstək institutunun nə vaxtsa ixtisar edilməsinə əsaslar yaratmağı yox, bu dəstəyi daha da gücləndirməyi, şaxələndirməyi hədəflədiyini göstərdi. Yəni, medianın iqtisadi təminatı üçün dövlətin dəstəyi vacib və hələlik yeganə mənbədirsə, bu mənbənin saxlanması şərti ilə əlavə müstəqil mənbələr də axtarılsın ki, iqtisadi müstəqillik daha çoxsaylı və alternativ mənbələrə söykənməklə şaxələnsin və daha da güclənsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB