1998-ci il 26 mart tarixli Fərmanın siyasi-hüquqi əhəmiyyəti - MASALLIDA TƏDBİR

1998-ci il 26 mart tarixli Fərmanın siyasi-hüquqi əhəmiyyəti - MASALLIDA TƏDBİR

30 mart 2023-cü il tarivdə Ombudsmanın Cənub Regional Mərkəzi Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanın siyasi-hüquqi əhəmiyyəti” mövzusunda tədbir keçirib. Keçirilən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və 31 mart-Soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov çıxış edərək bildiriblər ki, Azərbaycanlılara qarşı ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında törədilmiş soyqırımından 105 il ötür. Xalqımızın məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımı özünün ağır və dəhşətli nəticələri ilə seçilir. 31 Mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri kimi tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olmuşdur. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə erməni millətçilərinin davamlı soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq qətlə yetirildi. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılmış, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür. Azərbaycanlıların soyqırımı Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər müxtəlif bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilmiş, dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, mədəniyyət abidələrimiz, qəbiristanlıqlar, məscidlər top atəşinə tutularaq dağıdılmışdır. Erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə, ən qəddar üsullarla törədilmiş bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu rejimin dəstəyi ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmiş, nəticədə onun ərazisi dəfələrlə genişləndirilərək 9 mindən 29 min kvadratkilometrə çatdırılmışdır.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanırdı. Milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlı xalqımız soyqırımlarına məruz qalmasına baxmayaraq milli yaddaşını, kimliyini qorumuş və həmrəylik nəticəsində müstəqilliyimiz bərpa olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın tarix boyu məruz qaldığı soyqırımı siyasətinin və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda törədilmiş cinayətləri araşdırmaq və baş vermiş hadisələrə siyasi-hüquqi qiymət vermək mümkün olmuşdur. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin, qeyri-insani əməllərin tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, təcavüz siyasəti, eyni zamanda xalqımıza qarşı törədilmiş müharibə cinayətləri XX əsrin sonlarında daha da kəskin xarakter almış, beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınmış torpaqlarının iyirmi faizi 30 ilə yaxın işğal altında qalmışdır. 2020-ci ildə ordumuz tərəfindən həmin ərazilər işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dəfələrlə dinc əhaliyə qarşı soyqırımı cinayətləri törətmiş, tarixi və dini abidələrimiz məhv edilmiş, talan və təhqir olunmuşdur. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməmişdir.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən hər il 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına Bəyanat ünvanlanaraq, Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına çağırış edilir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə