Kirayə evə baxmaq pullu oldu? - ƏMLAK EKSPERTİ AÇIQLADI

Kirayə evə baxmaq pullu oldu? - ƏMLAK EKSPERTİ AÇIQLADI

“Son zamanlar Bakı şəhəri və ətraf qəsəbələrdə insanların daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan ofislərə və orada çalışan realtorlara qarşı narazılıqları hiss olunur. Belə ki, bəzi işbazlar sosial şəbəkələrdə və elan saytlarında xüsusi şişirdilmiş elanlar qoyaraq həmin evi və yaxud obyekti realda olduğundan daha çox tərif etməklə paylaşırlar. Bunu görən alıcı və kirayə axtaran şəxslər isə həmin evə baxmaq məqsədi ilə həmin nömrə ilə əlaqə saxlayırlar. Elanı qoyan şəxs isə onlara görüş üçün yer təyin edir və onlar həmin evlərə baxdıqdan sonra ev müştərinin xoşuna gəlmədiyi təqdirdə müştəridən əvvəlcədən danışılmamış hər göstərilmiş ev üçün 10 -20 manat xidmət haqqı tələb edirlər. Bu da haqlı olaraq müştərinin narazılığına səbəb olur və vasitəçi ilə müştəri arasında mübahisəli bir vəziyyət yaranır”. Bu sözləri SİA-ya açıqlamasında danışmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun sözlərinə görə, bu kimi halların kəskin artması qanuni və düzgün işini aparan əmlak firmalarına da təsir edir: “Belə ki, bir kərə aldadılmış müştəri elə düşünür ki, bütün əmlak bazarında fəaliyyət göstərən realtorlar belədir. Haqlı olaraq insanlarda alqı satqı firmalarına olan inamı azalır. Düzdür, mən inanmıram ki, qanuni fəaliyyət göstərən firmalar belə hallara yol versinlər. Amma buna baxmayaraq insanlarda əmlak firmalarına olan inamı azaldırlar”.

Anar Nəsirov sözlərinə belə davam edib: “Qanunla alqı-satqı firmalarına müraciət edənlər əmlak ofislərinə aldıqları əmlakı, və yaxud kirayə götürdükləri əmlakın qarşılığında onlara danışılmış və razılaşdırılmış xidmət haqqını ödəməlidirlər. Ancaq bu o halda baş verir ki, müştəriyə göstərdiyi əmlak onun xoşuna gəlsin və həmin müştəri o əmlakı alsın, yaxud kirayə götürsün. Müştəri evə baxdı, o ev onun xoşuna gəlmədi, ancaq vasitəçi ondan xidmət haqqı istəsin?! Bu qayda düzgün deyil və alqı satqı şirkətlərinin adına ləkə gətirən bir əməldir. Onda belə çıxır ki, internetə 5 şişirdilmiş elan qoy, o elanları gündə 10 nəfər müştəriyə göstər, hər müştəridən ən azı 10 azn pul alsan, bu hər gün 100 azn edir. Bu halda həmin evin kirayə verilməsində heç vasitəçinin marağı olmaz. Çünki, biri var müştəriyə evi verib, iş bitdikdən sonra bəlli bir faizini alsın, biri də var, hər gün həmin evdən 50-100 azn pul qazansın. Təbii ki, onun marağı ikinci seçimdən yanadır ki, o hər gün yeni-yeni müştərilər tapıb, evi göstərib pul yığsın. Onda onun nəyinə lazım ki o, evi müştəriyə versin hazır gündəlik ondan da çox qazandığı halda.

Mən bildiyim qədərilə realtorlar evin satışı və kirayəsi baş tutduqdan sonra öz xidmət haqlarını götürürlər. Ancaq evə baxdın deyə müştəridən pul tələb edən şəxslər ya realtor işinin qaydalarından xəbəri yoxdur, ya da onun məqsədi hər gün 5-10 evə müştəri aparıb cibini doldurmaqdır. Mən hesab etmirəm ki, o adamın işi realtorluq olsun. Mənim fikirimcə, o, bu işi özünə peşə edib hər gün 50-100 AZN qazansın və cibinə qoysun. Elə iş üslubu seçən adamın marağı olmaz ki göstərdiyi evi götürsünlər. Çünki götürsələr, sabah pul almağa yeri olmaz deyə düşünürəm.

Bilirsiniz, bir mütəxəssis kimi deyə bilərəm ki, belə işbazlar son zamanlar çoxalıb və daşınmaz əmlak firmalarının adını biyabr etməkdə davam edir. İnternet nə qədər inkişaf etsə də, belə işbazlar yeni -yeni fırıldaqçılıq metodlar tapırlar. Bunlardan biri də, yaxşı şəkilləri olan evi ucuz qiymətə həm satışını, həm kirayəsini elan saytlarına qoyurlar. Bundan sonra onlara zəng etmiş müştərilərdən əmlaka baxış keçirməmiş pul istəyirlər. Əgər müştəri ona inanıb kart hesabına pul atarsa, onda həmin müştərinin telefonunu əngəlləyib, onun zənglərinə cavab vermirlər. Belə atalar sözü var ki, “Ova gedən ovlanar”. Ucuz ev istəyən əlində olan 100-200 manatdan da olur. Bəzən də, bu summa daha artıq olur. Bu baxımdan gərək əmlak alarkən, və yaxud kirayə götürərkən insanlar son dərəcə diqqətli olsunlar ki, belə hallar onların başına gəlməsin.

Əmlakı göstərib, insanlarda əmlaka baxdın deyə pul tələb edənlərə, deyə bilərəm ki, o adamların kim olduğunu bilməsəm də, bilirəm ki, onlar realtor peşəsinə ləkə gətirən, arada gəzən və heç bir ofisdə çalışmayan işbazlardır. Çünki əsl realtorlar əmlakı göstərməmişdən öncə öz xidmət haqqını razılaşar və yaxud əmlaka baxdın götürmədinsə, pul ödəməlisən deyə pul tələb etməz. Belə hərəkətləri edənlər realtor peşəsindən xəbəri olmayan işbazlardır. Mənim fikirimcə, əslində, daşınmaz əmlak bazarında realtorlara xüsusi bir nəzarət mexanizmi hazırlanmalıdır. Çünki, indi bu bazarda qanuni fəaliyyət göstərən firmalardan daha çox qanunsuz fəaliyyət göstərən işbazlar fəaliyyət göstərir. Belə baxanda, normal bir firmada normal fəaliyyət göstərən bir realtor küçədə heç bir sənədi, sübutu olmayan fərdi fəaliyyət göstərən arasında heç bir fərq yoxdur. Ancaq buna dövlət xüsusi nəzarət mexanizması hazırlasa, bu kimi halların da qarşısını almaq olar. Xarici ölkələrdə olduğu kimi əgər sənin xüsusi icazən varsa, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul ola bilərsən, yoxdursa, ola bilməzsən. Belə olan halda, həm bu böyük bazara nəzarət olmuş olar, həm dövlət büdcəsinə verilmiş vergilər arta bilər, həm də qanunsuz fəaliyyətlə məşğul olan vasitəçilər aradan çıxarılar. Necə deyərlər, işi iş bilən peşəkarlarla etmək olar, onda həm onlar yaxşı qazanar, həm də dövlətə daha çox vergi verər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə