Heyvanı ölən vətəndaş nə etməlidir? - AİB SƏDRİ AÇIQLADI

Heyvanı ölən vətəndaş nə etməlidir? - AİB SƏDRİ AÇIQLADI

"Murdar olmuş heyvan ətlərinin insanlara satılması məsələsini Azad İstehlakçılar Birliyi (AİB) 26 ildən çoxdur ki, təqib edir. Çox təəssüflər olsun ki, biz bu məsələnin sonuna çıxa bilməmişik. Bu hallar illər boyu davam edir. O cümlədən, yeyilməyən at və eşşək ətinin müəyyən şəbəkələr vasitəsilə insanlara yedizdirilməsi məsələsi də davam edir. Bu problemdə ən uğurlu işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Çünki onlar başqa qurumlardan fərqli olaraq həmin şəxsləri yalnız cərimə edib buraxmır, cinayət işi qaldırır, həbs və ekspertiza işləri aparırlar. Nədənsə adını çəkdiyim dövlət qurumlarının işini məhkəmələr küləyə verir. Məhkəmələr çox qısa bir müddətdə həmin insanlara bəraət verir və təcrübə göstərir ki, onlar yenidən murdar olmuş heyvan əti satmaqla məşğul olurlar". Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, çox təəssüflər olsun ki, ölkədə bu məsələ həll olunmur: "Burada AİB və yerli şöbələrin də günahı var ki, biz bu işlərə yaxşı nəzarət edə bilmirik. Çünki bunlar AİB nümayəndələrinin, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, sahə müvəkillərinin gözü önündə baş verir. Bu ciddi ictimai qınağa çevrilməlidir. Məsələ Azərbaycanda birdəfəlik həll olunmalıdır.

Məndə 1963-cü ildə çap olunmuş bir kitab var. Bu kitab SSR dövründə çap olunub və rus dilindədir. Kitabda 15 ölkə arasında yeganə ölkə Azərbaycandır ki, eşşək əti yeməli ət kimi xarakterizə olunub. Sonradan öyrəndik ki, ermənilər bunu bilərəkdən edib. Onlar bizi vəhşi bir xalq kimi tanıtmaq istəyiblər. İndiki şəraitdə isə bu işləri görən insanlar ermənilərin dəyirmanına su tökürlər. Onlar ciddi tənqidə məruz qalmalı, kənd ağsaqqalları, müəllimlər, axundlar və din xadimləri bu məsələni ifşa etməlidir".

Eyyub Hüseynov sözlərinə belə davam edib: "Əslində, vətəndaşın heyvanı murdar olduqda, yəni xəstəlikdən öldükdə həmin şəxslər yerli icra hakimiyyəti qurumuna məlumat verməlidirlər. Həmin orqanlar da heyvanı gəlib özləri götürməli və lazımi qaydada utilizasiya etməlidir. Bu utilizasiya işi də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqaladə Hallar Nazirliyinin razılığı əsasında baş tutur. Lakin illər boyu görürük ki, buna əməl olunmur. Məsələn, mən Muğan zonasından axan Sabir kanalına dəfələrlə ölmüş heyvan leşinin atılmasını görmüşəm. Hansı ki o kanaldan insanlar içməli su kimi istifadə edirlər. Bu yolverilməzdir və çox böyük bir mədəniyyətsizlikdir.

AİB olaraq bu məsələnin illər boyu cəmi bir dəfə həllinə nail olmuşuq. Fermer təsərrüfatında bir fermerin inəyi murdar olmuşdu. Fermer də aparıb leşi qamışlığa atıb ki, onu çaqqal, yaxud canavar yesin. Hətta bu fermer leşi fermanın itlərinə belə verməyə qıymayıb. Bir də görüb ki, leş yığanlar həmin heyvanı soyurlar. Bizə xəbər verdilər və biz də polisə bildirdik. Məsələnin qarşısı alındı. Həmin o leşyığanları heyvan oğrusu kimi xarakterizə etdilər və fermerə də yanı balalı inək aldırmağa nail olduq.

Başqa ölkələrdə util servis deyilən bir xidmət var. Həmin util servis vətəndaşın heyvanı murdar olarsa, gətirib onu götürür. Yəni, bütün məsələni bu servis həll edir. Azərbaycanda bu prosedur həyata keçirilmir və müvafiq qurumlar bu məsələyə önəm vermirlər. Əhali murdar olmuş heyvan ətini leş yığanlara verir, yaxud da hara gəldi, necə gəldi leşləri qapıdan rədd edirlər. Bu məsələ kökündən həll olunmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə