"Stansiyalar normativlərə uyğun olaraq təmin olunur" - QURUM RƏSMİSİ AÇIQLADI

“Metropolitendə tikinti ilə yanaşı, stansiyaların təmirinin də tikinti qaydalarına uyğun müddətləri olur. Bundan əlavə olaraq hər bir stansiyanın özünün qulluğu, cari təmir işləri planlaşdırılmış normalara uyğun olaraq aparılır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, qeyd edilən qulluq və baxış zamanı hər bir stansiyanın infrastrukturu xüsusi olaraq qiymətləndirilir və müvafiq qərarlar verilir: “Hazırda “Nizami” stansiyasının orta zalında təmir işləri və gücləndirmə aparılıb. Bu işlər aparılarkən inşaat sektorunda ən son yeniliklərdən istifadə olunmaqla stansiyanın infrastrukturunun müvafiq tələblərə cavab verməsi nəzərə alınıb. Eyni zamanda burada Nizami Gəncəvinin əsərləri və portretinin yer aldığı Azərbaycan minatür sənətinin nümunəsi olan sənət incisi var ki, orijinal görkəmində olmaq şərti ilə bərpa olunub. Ümumilikdə bu işlərin hər birinin özünəməxsus qaydası mövcuddur. Yəni əsaslı təmir, yenidənqurma işləri texnikanın istismar müddəti bitdiyi zaman həyata keçirilir. Hər bir stansiyanın təmir işləri normativlərə uyğun olaraq təmin olunur. Stansiyalar gün ərzində və dövri olaraq müntəzəm nəzarətdə saxlanılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə