Uşaqlıq travması nədir? - AYDINLIQ GƏTİRİLDİ

Uşaqlıq travması nədir? - AYDINLIQ GƏTİRİLDİ

“Uşaqlıq travması azyaşlı dövründə yaşanan, dərin iz buraxmış acı, kədərli və sonralar zaman-zaman xatırlanan epizodlardır. Bu narahatedici epizodlar fiziki, cinsi, emosional zorakılıq, eyni zamanda fiziki və ya emosional hadisələr ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, sevilən bir insanın itkisi, tərk edilmə kimi travmatik hadisələr, qorxuya səbəb ola biləcək hər hansı bir həyat hadisəsi (qəzalar, fəlakətlər, mübahisələr və s.) bu sırada yer alır. Fiziki zorakılıq uşağın inkişafı dövründə yaşandıqda yetkinlik dövründə həyatın demək olar ki, hər bir sahəsinə təsir göstərir.

Onu da unutmaq olmaz ki, hər bir insan həyatı müxtəlif şəkildə yaşayır. Bu baxımdan hansı həyat hadisəsinin kimə hansı travmanı yaşatdığını bilmək olmaz. Sizin üçün travmatik olmayan bir şey başqası üçün ciddi fəsadla nəticələnə bilər və güclü təsir edər. Burada önəmli olan insanın hadisələri necə qəbul etməsi və yaşananları necə hiss etməsidir.

Psixoloq sözlərinə belə davam edib: “Uşaqlıq travmaları insanların düşündüyü kimi az rast gəlinən durum deyil və bu travmalar onların həyat tərzinə fərqli şəkildə təsir edir.”
Uşaqlıq illərində yaşanan travmaların azyaşlılar böyüdükdən sonra onların həyatında buraxdığı izləri aydın şəkildə görə bilirik. Yaşadığımız travmalardan asılı olaraq ətrafdakı insanlara qarşı güvənsizlik, sevgi və səmimiyyətə inamsızlıq ilkin simptomlar şəklində üzə çıxır. Bu qəbildən olan insanlar sağlam münasibət qura bilmir, bəziləri isə onlara zərər verən münasibətdən uzaqlaşa bilmir.

Ancaq bütün bunlar aradan qaldırıla bilən vəziyyətlərdir. Xüsusilə dəfələrlə yaşadığımız münasibətlərdəki problemlərin əksəriyyətinin şəxsi seçim olmadığını anlamaq çox önəmlidir. Uşaqlıqda mənimsənilən bəzi mübarizə strategiyaları böyüklərdən fərqli olaraq uşaqlarda güclü fərd yaratmaya bilər və onları zəiflədə bilər. Uşaqların hansı travmaya məruz qalmasından asılı olmayaraq, onlar sevgiyə və sağlam münasibətlərə layiqdir. Bunu dərk etdikdə sağlam psixologiyaya sahib olan fərd yaratmaq üçün atılan addımda bütün maneələr aradan qaldırıla bilər. Önəmli olan qeyri-sağlam davranışları və bağlanma tərzlərini sağlam davranışla əvəz edə bilməkdir. Sadəcə doğru əllərdə, uyğun zamanda və strategiyada olmalısınız.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə