Ötən gün ərzində 102 avtomobilin sərbəst hərəkəti təmin edilib

Ötən gün Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər maneəsiz hərəkət ediblər. SİA xəbər verir ki, martın 28-də Xankəndidən Laçına və əks istiqamətdə sülhməramlılara məxsus 86 avtomobil (mətbuat, evakuasiya maşını, təminat-təchizat və minik) maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 1 yük və 7 minik avtomobili səhər saatlarında Laçın istiqamətinə gedib. Günorta saatlarında isə bu təşkilata məxsus 1 yük və 7 minik avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, ötən gün ümumilikdə 102 avtomobilin aksiya ərazisindən maneəsiz keçidi təmin edilib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə