"Azərbaycanın tolerantlıq modelinin təbliğində maraqlıyıq"

Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı beynəlxalq “I24NewsTV”nin jurnalisti, "Bastille" və "Hemicycle" jurnallarının müəllifi Mikel Darmonla görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Komitədən verilən məlumata görə, qonağa ölkəmizdə mövcud olan dini durum, nümunəvi tolerantlıq modeli və DQİDK-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən qurumun sədri bildirib ki, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda, bir çox xalqların və dini konfessiyaların dinc, yanaşı yaşadığı ölkədir. Azərbaycanda dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını qoruyub-saxlamaq imkanına malikdir. Dövlət tərəfindən bütün dini qurumlara, o cümlədən qeyri-islam icmalarına mütəmadi maliyyə yardımı ayrılır. Həmçinin görüş zamanı Mübariz Qurbanlı respublikada din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini, ölkədə məscid, sinaqoq, kilsə və digər ibadət məkanlarının dövlət tərəfindən təmir və bərpa edilərək vətəndaşların ixtiyarına verildiyini xüsusilə vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycanda 2253 məscid mövcuddur, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir, eləcə də ölkə üzrə 37 qeyri-islam dini icması rəsmi qeydiyyatdan keçib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mikel Darmon təmsil etdiyi kütləvi informasiya vasitələri haqqında danışıb. Qonaq, eyni zamanda, ölkəmizdəki unikal birgəyaşayış modelinin üstünlüyü barədə fikirlərini bildirərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən tolerantlıq modelinin təbliğində maraqlı olduqlarını qeyd edib.

“Me&Me” şirkətinin rəhbəri Regis Lefebrenin də iştirak etdiyi görüşün sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə