Araşdırmalar göstərir ki, saqqallı kişilər kütlənin diqqətini daha çox cəlb edir. Bəs, kişilər sırf hormonlara və kişi olduqlarına görə saqqal saxlayırlar?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Kişilik hormonu
Saqqal elmi olaraq kişilik və hormonların (Testosteron) birbaşa nəticəsidir. Ona görə də kişilər saqqal istəməsələr də, təbii olaraq saqqala sahibdir. Həmçinin əksər kişiləf saqqallarının seyrək və ya zəif olmasını istəmirlər.
Bir çoxlarına görə saqqal kişiliyi və kişi cinsini simvollaşdırır. Dünyadakı bütün köhnə və yeni mədəniyyətlərdə saqqal kişiliklə əlaqələndirilmişdir.
Tərz
Onlara görə saqqal şəxsi ifadə formasıdır və tərzi əks etdirir. Moda və üslub anlayışlarından başqa, saqqal bir çox fərqli sahədə müxtəlif məna və məqsədləri ehtiva edir. Məsələn: kişilər dini və ya siyasi imic yaratmaq, müəyyən qrupa və ya cəmiyyətə mənsubluq hissini təmin etmək, orada iştirak etmək üçün saqqal saxlayırlar.
Bundan başqa, düşünülür ki, saqqal kişini cazibədar göstərir. Bunu biz demirik. Bir çox sosial və elmi araşdırmalara görə kişilərin saqqallarla daha cazibədar olduğu qənaəti doğrudur. Bir çox qadınlar da belə düşünür. Kişilər də saqqal uzadanda özünü daha cazibədar hiss edir. Xülasə kişilər cazibədar görünmək üçün daha çox saqqal istəyirlər.
Aksessuar və bəzək
Başqa bir etibarlı nəzəriyyəyə görə, kişilər saqqaldan aksessuar və bəzək kimi istifadə edir. Bu, onun cəlbedicilik təsirinin bir nümunəsidir. Saqqalın diqqət çəkən bir şey olduğu həqiqətdir. Xülasə, kişilər bir çox fərqli səbəblə digər kişilərdən fərqlənmək üçün daha çox saqqal saxlamaq istəyirlər.
Xarakter
Bəzilərinə görə saqqal həm də xarakteri əks etdirir. Saqqallı kişilər saqqal vasitəsilə digər kişilər arasında daha aqressiv, dominant və güclü görünərək onları qorxutmağa meylli ola bilərlər. Qəribə səslənsə də, tarixi mənbələrdə bir çox döyüşçü və əsgərin bu səbəbdən saqqal saxladığı söylənilir.

Makiyaj
Saqqal formasız görüntünü yumşaltmaq və özünə inamsızlığı aradan qaldırmaq üçün bir növ makiyaj kimi istifadə edilir. Hər kişi saqqalsız yaraşıqlı görünə bilməz, amma bəziləri saqqal uzandıqca saqqalsızdan daha gözəl üsluba sahib ola bilirlər. Bu mənada “Saqqal kişilərin makiyajıdır” fikri bir çox hallarda doğrudur.
Sağlamlıq
Saqqalın sağlamlığa faydalarını kişilər bilirlər. Məsələn: saqqal dərinin qocalmasını ləngidir, dərini günəşdən, soyuqdan, küləkdən və xarici faktorlardan qoruyur. Dəri xərçənginin qarşısını alır. Dərini saqqal, bakteriya və göbələklərin yaratdığı infeksiyalara qarşı qoruyur. Saqqallı kişilərin daha az xəstələndiyi də araşdırmalarla təsdiqlənir. Saqqal soyuqdəyməyə qarşı qoruyur. Allergik xəstəliklər və astma kimi xroniki xəstəliklərdən qoruyur və immuniteti gücləndirir.

Dində saqqal məsələsinə münasibət necədir?
İslamda saç, saqqal və bığ necə olmalıdır? Saqqal kəsmək haramdırmı?
Dində saqqalını qırxan kişilər qadınlara bənzəyir. Kişilərin qadınlara bənzəməsi də haramdır. Lakin saqqal kəsməyin haram olduğunu deyən bəzi alimlər saqqal uzanandan sonra kəsməyin haram olduğunu nəzərdə tutublar. Əks halda saqqal uzatmadan qırxmaq haram deyil.
Peyğəmbər saqqalını qırxırdımı?
Bir çimdikdən çox kəsmək sünnətdir və hətta lazımdır. Çünki Peyğəmbər (s) saqqalının bir telindən çoxunu kəsmiş və saqqalı həm enindən, həm də boyundan kəsərək səliqəli formada saxlamışdır.
Kişinin üzünə ülgüc vurması haramdır?
Kişinin saqqalını ülgüclə qırxması 4 məzhəbin fiqhində haramdır. Ancaq işinə görə təraş etməli olsa, burada məsələ bir qədər fərqlidir.
Bığ uzatmaq olar?
Saqqalsız bığ uzatmağın heç bir zərəri yoxdur. Həm saqqal, həm də bığ uzatmaq sünnətdir. Yalnız bığ saxlayan mömin kişi də bu sünnələrdən birinə əməl edər.
Dində saqqala forma vermək olar?
Saqqala müəyyən forma verilə bilər. Nə qədər ki, bu forma başqalarının saqqalına bənzəmirsə, mümkündür.
Saqqal vergisi nədir?
Rus çarı I Pyotr (1672- 1725) dövründə saqqal vergisi və palıd taxtasından tabut üçün vergi yığılırdı. Keşişlərdən, monaxlardan və kəndlilərdən başqa bütün əhali ya saqqalını qırxmalı, ya da vergi verməliydi. Kəndlilər şəhərə daxil olduqda və ya çıxdıqda saqqal rüsumu ödəyirdilər.
Yoxsulların ildə cəmi 2 rubl qarşılığında saqqal uzatmasına icazə verilirdi. Varlı vətəndaşlar 100 rubl ödəməli idilər. Vergidən yayınanların polis tərəfindən zorla saqqalları qırxılırdı. Vergi ödəyicilərinə isə mis sikkələr verildi. Bu mis sikkələr saqqallarına vergi verdiklərini sübut edirdi.

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "Saqqal, bığ, yəni üzə tükün Allah tərəfindən bir nemət olaraq verilməsində bir əlamət var. Bu kişilərə xasdır. Ümumilikdə isə Allah bizə nə verirsə, bu bir nemətdir.
Kişi öz əlamətləri ilə seçilir. Xanımlara xüsusi gözəllik nəsib olunub. Kişilərdə isə bu bir qədər fərqlidir. Bu fərqlərdən biri də Allah tərəfindən kişilərə bəxş olunan üzdə tükün çıxmasıdır. Qadınlarda hormonal pozğunluqlar baş verən zaman istisna hal ola bilir. Amma təbii və anatomik olaraq kişilərdə bu olmalıdır. Əgər bir kişidə saqqal yoxdursa, bu kişilik hormonlarının pozulması deməkdir.
İslam dinində insanın qüdrəti və imkanı varsa üzündə müəyyən qədər saqqalının olması savabdır. Hətta imkan şəraitində bəzi alimlər buna təkid edir və deyirlər ki, dini yönümdən saqqal vacibata daxil olur. İnsanın tam şərait və imkanı varsa, üzündə saqqalı olsa yaxşıdır.
Tibbi mütəxəssislər də bunun izahını belə verirlər ki, üzün ülgüclə qırxılması üz dərisinin kəsilməsinə və üzdə bəzi çapıqların olmasına gətirib çıxarır. Ona görə də İslamda kişilərin üzünün müəyyən qədər saqqallı olması savab əməl kimi qəbul olunur. Yəni, kənardan baxan adam digərinin üzündə saqqal olduğunu bilsin.
Bəzən olur ki, kişi elə bir işdə işləyir ki, yaxud elə bir şəraitdədir ki, onun saqqal saxlaması mümkün deyil. Lakin bir çox sahələrdə fəaliyyət göstərən kişilər də saqqal saxlaya bilir. Bu ya dəb, ya da adət kimidir. İndi görürsən ki, həkim də, müəllim də, hərbiçi də saqqal saxlayır. İnsanlar normal şüurla bunu qəbul edir ki, kişinin üzündə saqqal ola bilər.
Lakin bığın çox uzadılması dinimizdə tələb olunmur. Üzdə saqqalla bığ eyni həcmdə olsa kifayətdir. Bığı saqqaldan çox uzatmaq dəb üçün edilir. Din bunu qəbul etmir. Dində moda üçün saqqal saxlamağın savabı yoxdur.
Saqqalı da, bığı da elə saxlamaq lazımdır ki, o ətrafda qınağa çevrilməsin. Məsələn, insanı vahiməli, səliqəsiz və kobud göstərməsin. İslam paklıq və təmizlikdir. İslam insnaları gigyenik qaydalara dəvət edir.
Bir daha yekun olaraq qeyd edirəm ki, İslamda imkanı olan şəxslərin saqqal saxlaması tələb olunur. İslam dinində kişinin saqqal olunması müstəhəbdir. Dində saqqal saxlayana Allah savab verir".

Vəkil Turan Abdullazadə: “Bir müddət əvvəl belə bir xəbər yayılmışdı ki, Cənubi Koreyada "Ədəbsiz geyimlər haqqında" qanun qəbul olunub. Bu qanuna əsasən, qısa ətək və diğər açıq-saçıq geyimə görə Koreya polisi qadınları 45 dollar məbləğində cərimə edə bilər. Fransada Luvr muzeyinə çimərlik, sinəsi və ayaqları açıq olan insanları buraxmaq qadağandır. Dünya praktikasında həm dövlət orqanlarında, həm kommersiya qurumlarında “dress kod” deyilən geyim qaydaları mövcuddur. Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması deməkdir.
Türkiyədə də bu barədə xüsusi qanun var. Ancaq Azərbaycanda qanunvericilik bu məsələni tənzimləmir və bu barədə hər hansı qanun qəbul edilməmişdir. Lakin hər bir şirkət və ya dövlət orqanı sərbəst iradə ifadəsi əsasında öz işçiləri üçün müəyyən geyim qaydaları müəyyən edə bilər və əgər işçilər tərəfindən hamılıqla qəbul olunursa işəgötürən dress kod qaydalarını öz işçilərinə münasibətdə tətbiq edə bilər.
Lakin saqqal saxlamağa və geyimə görə işçini işdən azad etmək qanunsuzdur. Saqqala və geyimə görə işçini təqib etmək və ya ona təzyiq etmək qadağandır. Saqqal saxlayıb-saxlamamaq işçinin subyektiv hüququdur. Lakin işçi də hamılıqla qəbul olunmuş birgə yaşayış qaydalarına hörmət etməli və cəmiyyət tərəfindən birmənalı qəbul olunmayan vulqar geyim tərzi və görünüş üslubundan çəkinməlidir.
Lakin Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və digər ciddi rejimli dövlət orqanlarında vahid geyim forması, üzün təraş edilməsi məcburi ola bilər. Bu qaydaların pozulması yolverilməzdir. Belə ki, bu cür orqanların daxili xidmət nizamnaməsi və əsasnaməsi olur. İşçilərin davranış qaydaları həmin nizamnamə və əsasnamələrlə tənzimlənir.
Hesab edirəm ki, normal saqqal saxlayan və vahid geyim qaydası olmayan müəssiələrdə vulqar olmayan istənilən geyimin geyilməsinin işəgötürən tərəfindən qadağan olunması azadlığın məhdudlaşdırılması və insan hüquqlarının kobud pozuntusudur. Fikrimcə qanunvericilikdə nəzərdə tutulmamışdırsa işəgötürənin başqalarına nə geyinməli olduqlarını diktə etmək hüququ yoxdur. Ancaq bütün bunların fonunda nəzərdə alınmalıdır ki, vətəndaşlar da öz növbəsində cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdən çəkinməli və digər şəxslərdə ikrah hissi oyatmamalıdırlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB