“Nənə-babalar uşağın adına qarışmamalıdır” - EKSPERT TƏNQİD ETDİ

“Nənə-babalar uşağın adına qarışmamalıdır” - EKSPERT TƏNQİD ETDİ

Günümüzün ən aktual problemlərindən biri də yeni doğulmuş körpəyə adqoyma məsələsidir. Belə ki, uşağın ana-atası qalır kənarda və nənə-babalar körpəyə ad təyin edirlər. Bəziləri hətta ölmüş yaxının adını uşağa təyin edir. Bu nə dərəcədə düzgündür?! Ümumiyyətlə, valideyndən başqa uşağın adına kim qarışa bilər? Niyə gənclərə seçim imkanı verilmir? Yersiz müdaxilələr ailələri hansı uçuruma aparır?

SİA mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikirlərini öyrənib. O qeyd edib ki, ölmüş bir şəxsin adının yeni doğulan körpəyə qoyulması halları ilə əvvəllər də qarşılaşıb: “Xüsusilə, 30-40 il əvvəl insanlar bu addımı atırdılar. Çünki həmin vaxtlar bu dəbdə idi”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Burada məqsəd insanın haqq dünyasında olan yaxınının adını yaşatmaqdır: “Kimin atası-anası erkən yaşda dünyasını dəyişirdisə, öz oğlu, yaxud qızına onların adını verərək ruhlarını yaşatmaq istəyirdi. Mən burada elə bir qəbahət görmürəm. Əsas odur övlad həmin ada layiq yaxşı insan və vətəndaş olsun. Yoxsa baba gözəl insan idisə, onun adını daşıyan nəvəsi də narkomandırsa, o babasının ruhunu incidir.

Kimsə dünyadan köçən yaxının adını nəvə-nəticəsinə verirsə bu barədə dərindən düşünməlidir ki, uşaq bu ada layiq ola biləcəkmi?! Son zamanlar bu hallar ikinci plana keçib. Çünki indi yeni müasir adlar var. Köhnə adlar artıq keçmişdə qalıb. Buna görə də gənclər seçimdə sərbəstdir və nənə-babaların bu seçimdə rol oynamasına imkan vermirlər. Hansı adı istəyirlərsə, onu da övladarına qoyurlar. Gənc cütlüklərə seçim imkanı vermək lazımdır. Baba-nənələr bu məsələyə müdaxilə etməməlidirlər. Buna qarışmaq doğru deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə