Azərbaycanda bloggerlərə nə dərəcədə hörmət var? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Azərbaycanda bloggerlərə nə dərəcədə hörmət var? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda bloggerlik fəaliyyəti son illər inkişaf edib. Burada çox faydalı və dəyərli imzalar görünür. Onlar insanlar üçün müxtəlif mövzu və situasiyalarda faydalı mövqelər sərgiləyirlər”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub deyib.

Onun sözlərinə görə, təbii ki hər sahədə olduğu kimi bloggerlik fəaliyyətində də problemlər ola bilər: “Məsələn, bir adam məzmunsuz yazılar yazır və yaxud aşağı səviyyəli paylaşımlar edir. Bəli, həmin adamın sosial şəbəkədə çoxsaylı izləyiciləri var, amma ortada ciddi məzmun yoxdur. Amma bunun yanında paylaşımlarında ciddi məzmun olan və xeyli sayda izləyici diqqətini özünə cəlb edən bloggerlər də var. Şəxsən mən onların fəaliyyətini yaxşı qiymətləndirirəm”.

Mail Yaqub sözlərinə belə davam edib: “Ümumiyyətlə, bu gün sosial şəbəkələr çox ciddi fikir müzakirəsi məkanına çevrilib. Bu əslində çox gözəldir. Çünki insanların bir-biri ilə müzakirəsi, fikir bölüşməsi əvvəlki illərə nisbətən daha asanlaşıb, daha rahatdır. Bir adam indi həmin bu sosial şəbəkələr vasitəsində bloggerlik fəaliyyətilə nisbətən daha asan yolla insanlar arasında müsbət mənada nüfuz qazana bilər. Hətta bir çox hallarda bloggerlərin jurnalist fəaliyyəti daha keyfiyyətli, əlçatan, effektiv və operativ olur. Ona görə mən bu sahəni bloggerlik fəaliyyətini yüksək qiymətləndirirəm. Azərbaycanda da dediyim kimi bu sahədə çox müsbət tendensiyaların şahidi oluruq. Yenə də təkrar edirəm, mənfi hallar da ola bilər, amma heç kim bu mənfi hallardan sığortalanmayıb. Burada fikir bölüşmək, tez nüfuz qazanmaq şansı olduğu üçün bu şansdan, bu imkandan sui-istifadə edən şəxslər də var. Məsələn, yüngül paylaşımlarla, əxlaqdan, etikadan kənar paylaşımlarla milyonlarla, yüz minlərlə insanın diqqətini çəkən insanlar da ola bilər. Bu bütün dünyada və Azərbaycanda da var. Amma bu o demək deyil ki, ümumiyyətlə bloggerlik fəaliyyəti səhv, yaxud yanlışdır.

Bəs bu, blogerlik fəaliyyəti nədir?

Sosial şəbəkələrin imkanlarından istifadə edib insanlar arasında nüfuz qazanmaq, onlara müxtəlif mövzularda fikir çatdırmaq - bunun adı bloggerlikdir. Məzmun nə qədər ciddi olsa, bloggerlik fəaliyyəti də bir o qədər ciddi olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə