“Azərbaycanda qızlara evdəki əşya kimi baxırlar” - EKSPERT TƏNQİD ETDİ

“Azərbaycanda qızlara evdəki əşya kimi baxırlar” - EKSPERT TƏNQİD ETDİ

“Təəssüf ki, hələ də Azərbaycanda qızlara evdəki əşya kimi baxırlar. Buna görə də bir çox ailələrdə çox hallarda valideynlər evdəki “artıq əşyadan” yəni, qızlardan daha çox canlarını qurtarmaq istəyirlər. Bu səbəbdən də qızları müəyyən yaşa çatanda ərə vermək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Bakıda bu rəqəm 25-26 ola bilər: “Amma bir çox rayonlarda, ucqar kəndlərdə bu rəqəm bəzən 20-21-ə qədər düşür. Qız 20-21 yaşına çatanda artıq “qız yükü, duz yükü” deyib bu dırnaqarası yükdən qurtulmaq istəyirlər”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Bu çox kədərli mənzərədir və hesab edirəm ki, bu cür hallara qarşı elliklə mübarizə aparmalıyıq. Valideynin borcu qızı böyütmək, ona yaxşı təhsil verməkdir. Mən elə bilirəm ki, qız yaxşı təhsil alsa, parlaq karyerası olsa, özü də öz ailəsini quracaq, seçimini edəcək. İnanmıram ki böyük arzuları olan, karyera qurmaq istəyən qız 17-18-19 lap 20 yaşında ərə getmək haqqında düşünsün. Bu barədə düşünən bəzi valideynlərdir və təəssüf ki onların da sayı ilbəil artır.

Heç bir valideyn qızının evdə qalmaq qorxusu ilə yaşamasın. Əgər qızın dünyagörüşü varsa yaxşı seçim edəcək, qızın savadı, parlaq karyerası varsa mütləq şəxsi həyatını da qaydaya salacaqdır. Buna görə qızı ərə verməkdən əvvəl ona təhsil vermək haqqında düşünməliyik. Bu hamımıza aiddir.

Hər bir qız gələcəyin anasıdır. Azərbaycanda qızlarımız yaxşı təhsil almalıdırlar ki, savadlı övladlar böyütsünlər və biz ancaq savadlı nəslin hesabına tərəqqi edə, irəliyə gedə bilərik. Bütün valideynlərə də bunu tövsiyə edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə