Kimlər məhkəmə qaydasında ölmüş hesab edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

Kimlər məhkəmə qaydasında ölmüş hesab edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41-ci maddəsində qeyd edilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər: “Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.

Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin.

Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə