“Bizim ailədə ta uşaqlıqdan bəri İlaxır çərşənbəyə böyük önəm verilir. Ona görə də bu çərşənbə mənim üçün çox vacibdir. Belə ki, bu gün nitqimizə fikir verməli və xoş sözlər deməliyik. O vaxtlar biz bugünün anlamını o qədər dərindən duya bilmir, valideynlərdən eşitdiklərimizi edirdik”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə deyib.

Onun sözlərinə görə, bu gün qulaq falına çıxılır: “Ona görə xoş sözlər danışmaq lazımdır. Bu gün isə energetik nəzəriyyələr haqqında ədəbiyyatları oxuduqca biz bunun dərin fəlsəfi düşüncələrə əsaslandığını dərk edirik. O mənada ki, doğrudan da insanın danışdığı sözlər, onun düşüncələri, daxili nitqi həyatında böyük önəm daşıyır. Eyni zamanda insanın daxili nədən ibarətdirsə, digərlərinə yönəltdiyi fikir də ondan ibarətdir. İnsanın daxili nitqi, onun inandığı həm də onun mahiyyəti deməkdir”.
Dürdanə Rəhimzadə sözlərinə belə davam edib: “Əgər biz hər şeyə energetik olaraq yanaşsaq, insanın daxilinin də mənfi və ya müsbət enerjidən ibarət olduğu onun dediklərindən bəllidir. İnsan mahiyyətinə uyğun enerjini də ətrafdan özünə cəlb edə, saça bilər. Ona görə də bizim mahiyyətimizdən həm həyatımızın mahiyyəti müəyyənləşir, həm də digərlərinə ötürdüyümüz enerji onların həyatında müəyyən önəm daşıyır. Bu səbəbdən də bu gün əslində energetik mübadilə baxımından çox önəmlidir. İnsanlar bir-birinə xoş sözlər deyirlər, evdən lazımsız köhnə əşyalar gedir, eb təmizlənir, masalar bəzədilir, müxtəlif nemətlər bişirilir, hazırlıqlar görülür, insanlar təbrikləşir. Bunlar hamısı müsbət enerjini insanların bir-birinə ötürülməsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB