DİA-nın tələbələri “Səs” qəzetinin redaksiyasında olublar - FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dördüncü kurs tələbələri “Səs” qəzetinin redaksiyasında olublar. SİA xəbər verir ki, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev qəzetin fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib.
Qurum rəhbəri deyib ki, “Səs” qəzeti fəaliyyətinin 32 illik dövründə keşməkeşli bir yol keçib: “Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunur və bu qəzet ictimai-siyasi mətbu orqanı kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə dərcinə başlanılıb. “Səs”in danılmaz həqiqət payı budur ki, qəzet yarandığı gündən Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb.
"Səs" qəzeti həmin qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. Yəni müxalifət qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxuşlu yollarını keçib. Əbəs yerə deyil ki, yarandığı dövrlərdə "Səs" qəzeti dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Hətta redaksiyaya o zamankı iqtidarın silahlı hücumları da olub. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib, əksinə olaraq yoluna daha qətiyyətlə, mübarizəylə davam edib”.
Bəhruz Quliyev bildirib ki, "Səs" qəzeti yarandığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb: "Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında "Səs" İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün "Səs" İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır.
Həmçinin qəzet, sayt, internet televiziyası fonunda eyniadlı böyük media qrupuna çevrilən “SƏS”in sosial şəbəkələrə çıxış imkanları kifayət qədər genişdir və ölkə daxilində və xaricində on minlərlə izləyiciləri var ki, “You Tube”, “Facebook” və s. şəbəkələrdə canlı yayımlarımızı, xəbər bülletenlərimizi izləyənlərin də sayı durmadan artır”.
Bəhruz Quliyev tələbələrlə görüşdə həmçinin əminliyini bildirib ki, bundan sonra da "Səs" qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi, dövlətçilik uğrunda mübarizəsini, fəaliyyətini davam etdirəcək.
Ötən dövr ərzində Azərbaycanda kifayət qədər savadlı, yetkin siyasi şüurlu, dünyagörüşlü gənclik formalaşdığını da dilə gətirən “Səs” qəzetinin Baş redaktoru deyib ki, ölkəmizdə istehsal və ixrac olunan əqli məhsulların ərsəyə gəlməsində də gəncliyin təmsil olunması onların elmi-intellektual potensialını ortaya qoyur: “Bu gün könüllülük hərəkatı Azərbaycanda yeni mərhələyə qədəm qoyub və burada gənclərin sayı xüsusi paya malikdir. Artıq bütün dünyaya nümunə olan Azərbaycan könüllülər hərəkatında gənclərin fəallığı onların könüllü şəkildə dövlətin yanında olduğunu göstərir".
Sonda gəncləri maraqlandıran suallara cavab verilib və onlar redaksiyada yaradılan şəraitlə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB