Bayramqabağı qiymətin artması NƏYLƏ BAĞLIDIR? - QURUM RƏSMİSİ DANIŞDI

Bayramqabağı qiymətin artması NƏYLƏ BAĞLIDIR? - QURUM RƏSMİSİ DANIŞDI

“Bayramqabağı qiymətin artması şübhəsiz ki, tələbatın artması ilə bağlıdır. Bazar qanunlarına görə, tələb artdıqda təklif qiyməti də artır, eləcə də keyfiyyət aşağı düşür. Lakin Azərbaycanda bir dəfə qalxan qiymətin bir daha enməməsi problemdir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, bizneslə məşğul olanlar bayramqabağı qiymətləri artırırlar, sonra da bu tendensiyanı davam etdirirlər: “Son 10 ildirki, bu tendensiya davam edir. Sanki məhsul istehsalçı və idxalçıları arasında birlik var, bayramqabağı qalxan qiymətləri sövdələşərək bayramdan sonra da saxlayırlar. Eləcə də keyfiyyətsiz məhsulun bazara çıxarılması məsələsi də ortaya çıxır. Xüsusilə Azad İstehlakçılar Birliyinə bayramda tələbatına artım olan qoz-fındıq ləpələri keyfiyyətsizliyi barədə zənglər gəlir. Tədadüfi deyil ki, Cəlilabadda at ətinin restoranlara verilməsi barədə AQTA-nın açıq bəyanatı oldu.

Dövlət təbii olaraq, qiymətlərə müdaxilə etmir. Cənab Prezident iqtisadi yığıncaqlarda daim ölkədə inhisarçılığın mövcud olduğunu deyir. Lakin təəssüflər olsun ki, bunların qarşısını almağa cavabdeh olan dövlət orqanlarının hələ də bu işlə məşğul olanları ifşa etməsini görməmişik. Bu da istehlakçı hüquqlarının qorunması sahəsində qanunun icra olunmadığının sübutudur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə