Oyunda pul itirənlər məbləği necə geri ala bilər? - VƏKİL AÇIQLADI

Oyunda pul itirənlər məbləği necə geri ala bilər? - VƏKİL AÇIQLADI

““Maliyyə pramidası” və qeyd etdiyiniz tipli pul oyunları əksər hallarda vətəndaşların xeyli və ya külli miqdarda pul itirməsinə, aldanılmasına səbəb olur. Çünki bu oyunların sonu yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, oyuna birinci başlayanda şirnikləndirici, həvəsləndirici bonuslarla vətəndaşlar məqsədli şəkildə oynamağa, daha çox qazanmaq üçün başqalarını da bu oyuna cəlb etməyə təşviq edilir: “Ancaq əvvəl-axır bu hal kiminsə “başında çatlayır”. Çünki maliyyə piramidası tipli oyunda yeni qoşulanların pulu köhnə qoşulanlara verilir. Nə vaxtsa oyunun yalan olduğu üzə çıxarsa və oyuna yeni iştirakçılar cəlb olunmazsa piramida kəllə-mayallaq uçur. Vətəndaşlar da həmin piramidanın “çöküntüləri” altında qalır”.

Turan Abdullazadə sözlərinə belə davam edib: “Ümumiyyətlə maliyyə piramidaları, qumar, kazino kimi oyunların idarə mərkəzi əksər hallarda xarici ölkələrdə olur. Ona görə də həmin oyunların və piramidaların əsas təşkilatçılarını məsuliyyətə cəlb etmək mümkün olmur. Lakin həmin oyunların ölkədə bəzən rəsmi, bəzən də qeyri-rəsmi nümayəndəlikləri olur. Məsələn, hər hansı bir şəxs maliyyə piramidasını qurub insanlar cəlb edirsə, son nəticədə insanlar bundan əhəmiyyətli dərəcədə zərər çəkirsə və hüquq mühafizə orqanlarına müraciət edirsə oyunun ölkə daxilindəki təşkilatçıları cinayət və inzibati məsuliyyətə cəlb oluna bilər.

Vətəndaşlar qarşılaşdıqları belə dələduzluq halları bağlı hadisənin baş verdiyi- yəni pulun verildiyi (köçürüldüyü, ödənildiyi) yerin müvafiq rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edə bilər. Onların itirdikləri pulun qaytarılıb-qaytarılmaması isə sual altında qalır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə