Qadın gülərsə, dünya gülər - ARAŞDIRMA

Qadın gülərsə, dünya gülər - ARAŞDIRMA

Qadın həyatdır, həyatın yarısıdır. Qadın ana, xala, bibi, bacı, övlad və nənədir. Qadın sevginin özüdür. İnsan sevgisiz yaşaya bilməz. Həmçinin, qadın da sevgisiz qalsa, günü-gündən solar. Sevgi insan üçün çörək və su kimi vacibdir. Yəni, ruhumuzun qidası sevgidir. Sevgisiz həyat məqsəd və mənasını itirmiş deməkdir.

Sevgisizlik cəmiyyətin ən kiçik vahidi olan ailələrə daha çox ziyan vurur. Çünki sevgisizliyin toxumu əvvəlcə ailədə səpilir.
Ailə isə uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır. Özünə güvənməyən uşaq sevgisizlik toxumu ilə qidalanır.

Qadın böyük bir dünyadır. Qadın yalnız uşaqlarının deyil, sevginin, şəfqətin, ağrının və fədakarlığın anasıdır. İstər kişi istər qadın olsun, hər bir insanın həyatında ən vacib insan, şübhəsiz ki, anasıdır. Dünyada başqa bir insanı özündən çox sevən və düşünmədən onun üçün canını fəda edə bilən yeganə varlıq anadır. Ana təkcə körpəsini dünyaya gətirmir, həm də bütün həyatını ona həsr edir. Qadınlar və kişilər arasında müxtəlif mövzularda çoxlu araşdırmalar var. Onlardan biri də münasibətlərdə fədakarlıq mövzusudur. Belə ki, araşdırmalar, münasibətdə daha fədakar tərəfin qadın olduğunu göstərir. Qadınlar fiziki görünüşlərini və geyinmə tərzini dəyişmək, həyat yoldaşının ailəsi ilə birlikdə yaşamaq, həyat yoldaşının məişət məsuliyyətlərini üzərinə götürmək, evdə və işdə ikiqat həyat sürmək kimi fədakar davranışlar edir. Yaşayış yeri, iş və karyera dəyişməsi, iş həyatına son qoyulması, təhsil həyatına son qoyulması kimi böyük fədakarlıqların daha çox qadınlar tərəfindən edildiyi müşahidə edilir.

Evlilikdə fədakar davranışın arxasında iki əsas motiv dayanır. Bunlardan birincisi, həyat yoldaşını daha xoşbəxt etmək və onunla daha yaxın münasibətdə olmaq üçün ortaya çıxan yanaşmadır. Münasibətlərin korlanmaması üçün edilən fədakarlıq davranışlarında qadın qarşı tərəfin marağını itirmək istəməz və tez-tez münaqişədən qaçmaq üçün könülsüz şəkildə fədakarlıq edər. Bu vəziyyət onda zaman-zaman inciklik yaradır və həyat yoldaşları arasındakı münasibətlərin keyfiyyətinə mənfi təsir göstərir.


Qadın barış və hüzurdur. Qadın toxunub kirlətməsən doğru bir yoldur.

Qadın anadır, həyat yoldaşıdır, evdir, insandır. Qadın ailənin əsas sütunudur. O, cəmiyyətin güzgüsüdür, gələcəyimizə ümid işığıdır.

Qadının ən böyük qidası diqqət və sevgidir. Əgər ona təmiz sevgini və qayğını göstərsən, o da sənə qarşılığını verər.

İslamda qadının rolu nədir?

İslam dinində qadın müqəddəsdir. Bu, bəzi hədis və ayələrdə də bildirilir. Müslüm Birr 149-cu hədisdə deyilir ki, “Sizin ən yaxşılarınız qadınlarına ən gözəl rəftar edənlərdir. Qadınlar Allahın sizə əmanətidir”.

Türk dünyasında qadının yeri necədir?

Qadınların Türk dünyasında sanballı yeri var. Orta Asiyada qurulan ilk türk dövlətlərində qadın və kişi bərabər hüquqlu idi. Dövlət idarəsində xanlarla yanaşı onların xatun adlı arvadları da söz sahibi idi. Qadınlar ata minib ox atır, top oynayır, güləş kimi ağır idman növləri ilə məşğul olur, döyüşlərdə iştirak edirdilər.

Beynəlxalq Qadınlar Gününün məqsədi nədir?

Beynəlxalq Qadınlar Günü, Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi kimi, hər il 8 Martda qeyd olunan beynəlxalq gündür. O, qadınların insan hüquqları əsasında siyasi və sosial şüurunun inkişafına, onların iqtisadi, siyasi və sosial nailiyyətlərinin qeyd olunmasına həsr olunub.

8 mart qadınların kişilərlə bərabər hüquqlar uğrunda savaşının başlaması 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil sənayesində çalışan yüzlərlə qadının aşağı maaşlara, uzun iş saatlarına və qeyri-insaniliyə etiraz etmək üçün tətil etməsi hesab edilir.

Qadınlar ümumiyyətlə çox təfərrüatlı düşünən varlıqlardır. Bu səbəbdən onlar üçün alınacaq hədiyyələrin də detallı dizaynları olmalıdır. Bundan əlavə, təkcə özəl günlərdə deyil, istənilən günü mənalı etmək üçün alınan hədiyyələr də qadınları sevindirir.

Əksər qadınlar üçün önəmli olan hədiyyənin maddi yox, mənəvi dəyəridir. Qadınlar kiçik hədiyyələrlə, adi bir xoş sözlə də xoşbəxt olur. Yetər ki, bəylər buna cəhd etsin. Bunlarla yanaşı maddiyyata önəm verən, heç nə ilə qane olmayan qadınların da sayı az deyil.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə