Qadın kiçik hədiyyələrlə sevinən bir varlıqdır. Qadın sevinəndə həyat çox gözəl bir yer olmağa başlayır. Çünki o, həyatın tamamlayıcısıdır. Beynəlxalq Qadınlar Günü hər il 8 Mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. 8 Mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Komboca, Çin, Konqo, Laos, Makedonya, Monqolustan, Nepal, Şimali Koreya və Uqanda qeyri-iş günü sayılır. BMT də 8 Martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb. Bəs, gəlin görək gənclər bu bayram barədə nə düşünür? Onlar bu günü necə dəyərləndirəcək? SİA mövzu ilə bağlı gənclər arasında sorğu edib.
Gənc Paşa Məmmədov: "Kişilər özəl günlərdə qadınlara xüsusi diqqət göstərməlidir. Məncə, ən yaxşı hədiyyə (əgər arada o səmimiyyət varsa), hədiyyə alacağın adamın özündən nə istədiyini soruşmaqdır. Yəni, nəyə ehtiyacı varsa, onu alsan daha məqsədəuyğundur. Həm də bu, daha rahatdır. Yoxsa bütün günü nə alacağını düşünmək çətin məsələdir.
Mən bir çox hallarda nə hədiyyə alacağımı həmin şəxsin özündən soruşuram. Bu dəfə isə o, seçimi mənə buraxıb. Həm gedəcəyimiz məkanı, həm də hədiyyəni bu dəfə özüm seçməliyəm".
Gənc Aytac Şahin: "Əslində, hədiyyə almaq üçün hansısa bayramı gözləmək absurddur. Təbii ki, hər kəsin fikri özünə görə doğrudur. Düşünürəm ki, əgər mən öz anama, yaxud rəfiqələrimə, başqa yaxın insanlara nə isə almaq istəyirəmsə, bunun üçün sırf həmin günü oturub gözləməməliyəm. Ürəyindən keçirsə insanın hər gün bayram, hər gün özəldir. Özəl günlərin, bayramların yeri bir başqadır. Bunu danmaq olmaz. Sadəcə demək istədiyim odur ki, kiməsə özünü özəl hiss etdirmək istəyirsinizsə, bunun üçün müəyyən tarixi gözləməyin. Bu özünüz üçün də keçərlidir. Kimdənsə hədiyyə gözləyib, bu, gerçəkləşməyəndə pis olmayın. Gözləntiniz özünüzə olsun. Özünüz özünüzü qiymətləndirin. İnsan ən yaxşı öz dəyərini bilməlidir ki, ətraf da ona qiymət versin. Bu münasibətlə, bütün qadınları, anaları 8 Mart münasibətilə təbrik edir, onlara hər zaman ən qiymətli diləyi arzulayıram: Özünü sevməyi!".
Gənc Nəzrin Vahid: "8 Mart sanki analar günüdür. Uşaqlıqdan 8 Martın analar günü olduğunu zənn etmişəm. Lakin sonra böyüdükcə anlamışam ki, bu gün Beynəlxalq Qadınlar Günüdür. Amma yenə də mənim üçün analar günü hesab olunur. Düzdür, öz həmyaşıdlarımla da bu günü qeyd edirik. Lakin insanın daxilindəki hiss tamam başqadır.
Hər il 8 Marta anam və nənəm üçün hədiyyə alıram. Bu il də eynisini edəcəm. Düzü, nə alacağımı hələ düşünməmişəm. Lakin hədiyyənin böyüklüyündən asılı olmayaraq əsas məqam onları sevindirməkdir. Düzdür, analarımız bizim əziyyət çəkib, hədiyyə almağımızı belə istəmirlər. El dili ilə desək, bizə qıymırlar. Ancaq bununla bu günü unutmadığımızı və daim diqqətdə olduqlarını çatdırmalıyıq. Mənə görə, hədiyyənin qiymətli olması və ya böyüklüyü önəmli deyil. Əsas mənəvi dəyərinin olmasıdır. Ən önəmlisi sevinc hissini yaratmaqdır".
Gənc İsmayıl Camalov: "Hədiyyə almağı düşünürəm. Əsasən anam və bacıma hədiyyə alacağam. Ancaq iş yoldaşlarım və xanım dostlarıma da hədiyyə almağı planlaşdırıram.
Qadınları sevindirmək lazımdır. Amma bunun üçün xüsusi gün olmasına ehtiyac olmadığını düşünürəm. Məncə, xüsusi gün təyin edilməsi qadın və kişi arasında müəyyən gender ayrılığı yaradır".
Gənc Arzu Rövşən: "8mart günü mənim ən böyük dayağım olan atamın doğum günüdür. Bu səbəbdən də atama hədiyyə almışam. Təbii ki, anamı da unutmamışam. Onları sevindirmək məni çox xoşbəxt edir. Unutmayaq ki, qadınları xoş sözlərlə, yaxud balaca hədiyyələrlə sevindirmək olar".
Gənc Mikayıl Quluzadə: "Hər il 8 mart tarixində dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bizim ölkədə də bu gün bayramdır və tədbirlər, konsertlər keçirilir, qadınlara hədiyyələr təqdim edilir. Şəhərimizdə 8 Mart günü əhval-ruhiyyə tamamilə dəyişir, hər yer al-əlvan rənglərə bürünür. 8 Mart dedikdə ailə üzvlərinə hər zaman hədiyyələr alınır. Amma bu xüsusi gündə alınan hədiyyələr, məncə daha önəmli, daha seçilən sayılır. Qadınlara hədiyyə vermək hər zaman önəmlidir. Bu onları daha dəyərli edir. Hər bir şəxs qadınlara nəvaziş göstərməli və onları göz bəbəkləri kimi qorumalıdır. Bütün Azərbaycan qadınların 8 Mart bayramı münasibəti ilə təbrik edirəm!".
Gənc Aysel Quliyeva: "8 mart bütün dünya üzrə Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da xüsusi əhəmiyyət kəsb edir.
Bizim ölkəmizdə 8 mart qadın və gözəllik bayramı kimi öz əksini tapıb. Hədiyyə məsələsinə gəldikdə isə əvvəlcə anama, daha sonra isə nənəmə, bacıma və digər sevdiklərimə hədiyyə alacağam. Çünki bizim həyatdaolma səbəbimiz analarımızdır. Yəqin ki, anama onun gül qədər gözəl və təravətli olduğunu bildirmək üçün gül alacağam. Daha sonra isə qızıl zinət əşyası almağı düşünürəm. Nənəmə də geyim alaram. Bacıma nə alacağımı isə hələ düşünməmişəm. Ən son variant olaraq hesabına pul yollayacağam. Məbləğin fərqi yoxdur. Bir də ən yaxın rəfiqəmə bir şirniyyat var onu alacağam. Çünki o səhhəti ilə bağlı çox şirniyyat yeyə bilmir. Amma mən həmin günü onu bu şirniyyatla sevindirmək istəyirəm.
Hədiyyə vermək bir növ həmin insana olan diqqətin göstəricisidir. Qadın anadır və cəmiyyətdə böyük rolu var. Bəşəriyyətin əsas var olma səbəbi qadındır. Bir güllə də olsa onları sevindirmək lazımdır. Bunlarla yanaşı, küçədə olan təmizlik işçilərinə hədiyyə almağı düşünürəm. Bu hədiyyə nərgizgülü də ola bilər. Çünki onlar da qadındır. Mənim zəhmətkeş qadınlara xüsusi rəğbətim var".
Türkan Məmmədova: "Hər bir qadını bu gün münasibətilə təbrik edirəm. Bu bayramda öncə anamı, sonra isə ətrafımda olan xanımları təbrik edəcəm. Anama tort hazırlayacam və yasəmən çiçəyi alacam. Bunun da bir hekayəsi var. Belə ki, atam rəhmətə getməzdən öncə 8 Mart və bunun kimi özəl günlərdə anama hədiyyə və onun yanında mütləq yasəmən çiçəyi alardı. Çünki yasəmən anamın ən sevdiyi çiçək idi. Anam bu çiçəkləri güldana qoyar və hər onun yanından keçdikcə gülümsəyərdi. Atam da anamın sevincindən xoşbəxt olardı. Deməyim odur ki, qadınları sevindirmək bu qədər bəsitdir. Təəssüf ki, bəzi kişilər bunu anlamır. Amma unutmayaq ki, qadınlar onlara olan nəvazişə, diqqətə və hörmətə önəm verir. Hədiyyə sadəcə xanımlara olan diqqətin bir simvoludur. Təbii ki, bəzi xanılar maddi baxımdan bahalı hədiyyələr gözləyir. Buna səbəb isə hazırda verilən hədiyyələrin sosial şəbələrdə paylaşılaraq nümayiş etdirilməsidir. İstər-istəməz bir xanım bunu görərək, "Bax, ona nə alınıb", "Mən də ondan istəyirəm" və s. deyir. Bu, insan xislətində var.
Hədiyyə baxımından ilk tövsiyəm çiçəkdir. çünki qadınlar çiçək kimi zərif və gözəldir. Lakin çalışın sizi ona xatırladacaq hədiyyələr seçin. Hər bir xanım xoşbəxtliyə və hər şeyin ən gözəlinə layiqdir. Çalışın, bunu onlara hiss etdirin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə