“Yerli kolbasalar xaricdəkilərdən daha üstündür” - AİB SƏDRİ TƏNQİD ETDİ
“Nəhayət ki biz ilk dəfə AQTA-nın medianı izləməsini gördük. Mən daim AQTA-nın nüayəndələrinə demişəm ki, siz gərək medianı təqib edəsiniz. Media işçiləri qarışqa kimi informasiya toplayır əhaliyə verir siz isə onu təqib etmirsiniz. Ən nəhayət deyəsən bu iş başlanıb”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, əlbəttə 20 ilə yaxındır ki, 8-ci km bazarında antisanitar vəziyyətdə ət bazarı, kolbasa və s. var: “Biz bu cür kolbasaları metro çıxışlarında da görürük. Bu məhsullar ilk baxışda istehlakçını cəlb edən yaxşı qırmızı rəngdə olur. İstehlakçı elə bilir ki, bu hisə verilmiş ağıllı-başlı kolbasadır, hətta qoxusu kolbasa qoxusu verir, dadı da kolbasa dadı verir. Lakin tərkibində nələr var… 3-4 manata olan kolbasaların tərkibində murdar və naməlum heyvan ətləri, bir sözlə hər şey ola bilər. Bunu AQTA gərək daim təqib etsin”.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Nə qədər ki AQTA ilə medianın sıx əlaqəsi yaranmayıb, o qarşıya qoyduğu hədəflərə çata bilməyəcək. Çox yaxşı haldır ki, bu ifşa olunub. Biz güman edirik ki, bir daha orada bu vəziyyəti görməyəcəyik. Bu kimi kolbasalar barədə daim AİB-ə istehlakçılardan zəng gəlir. Biz isə deyirik ki, belə məmulatları almayın.
Kolbasa bazarı çox zibillənmiş bir bazardır. Hətta xaricdən gətirilən yaxşı etiketlənmiş, dadı ilk baxışda yaxşı olan, əlbəttə nisbətən qiyməti də ucuz olan yerli kolbasalardan çox-çox geri qalır. Yerli kolbasalar onlardan daha üstündür, ekoloji təmizdir, daha az kimyalaşmış ət məmulatlarıdır. Bunu əhali bilməlidir. Çox təəsüf ki, əhali kənar ölkədən gətirilən kolbasalara üstünlük verir. Bu böyük bir səhvdir.
Sovet vaxtı hələ kolbasa istehsalçılarında bir söz var idi. Sual verirdin ki, “Kolbasa nədir?”. Deyirdilər ki, “Kolbasa duz, su və bir az da vicdandır”. O vicdan ət məsələsi idi. Yəni nə qədər ət qoysan o sənin vicdanındır.
Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün ərzaq malları, o cümlədən kolbasalar etiketlənməli, onun üzərində buraxılma tarixi, son yararlılıq müddəti olmalı və bütün qidalar, o cümlədən kolbasa ət məmulatları soyuq zəncirlə istehlakçının masasına çatdırılmalıdır. Biz görürük ki, soyuq zəncir prinsipi pozulur. Əlbəttə bu cür kolbasaların tərkibində çoxlu kimyəvi maddələr var. Onlar istilərdə fəallaşır, insan bədənində ağır xəstəliklər əmələ gətirə bilər. Biz bunun nəticələrini apteklərdə insanların növbədə olduğunda, klinikaların adamlarla dolu olmasında və qonşu ölkələrin klinikalarında Azərbaycanlıların da xəstə yatdığını da görürük. Böyük Hippokrat deyir ki, biz nə yeyiriksə odur. Düşünürəm ki, bu cür təhlükəli malların satılmasının qarşısını alma məsələsini həll etmək üçün AQTA-nın əsasnaməsində dəyişiklik, cəld reaksiya mexanizmi olmalıdır. Ümumiyyətlə qeyri-qanuni üsulla hazırlanmış kolbasa ət məmulatları və digər qida məhsulları satışa çıxarılmamalıdır. Küçə ticarəti birdəfəlik ləğv olunmalıdır.
Çox təəssüflər olsun ki, məsələlər həll olunmur. Bələdiyyələrin bu sahədə böyük rolları olmalıdır. Bələdiyyələr öz ərazilərində olan bu cür ticarət obyektlərinin gərək qarşısını alsınlar. Hər bələdiyyə öz ərazisində normal ticarət infrastrukturu yaratması vacibdir. Qanunlarda dəyişiklik aparılmalıdır. Bu kimi məsələləri təhlükəli malların satışının qarşısının alınmasında bələdiyyələrin xüsusi rolu olmalıdır. Məsələn, Türkiyə bələdiyyələrində onların xüsusi səlahiyyətləri var. Düşünürəm ki, Azərbaycanda da bu kimi məsələlər həll olunmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB