Məlum olduğu üzrə, Müsavat TV və Səs TV haker hücumuna məruz qalıb. Bu media orqanlarının emailləri ələ keçirilib, bazaları silinib. SİA mövzu ilə bağlı media nümayəndələri arasında sorğu edərək onların fikirlərini öyrənib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: "Mətbuat Şurası ölkəmizin digər aparıcı kütləvi informasiya vasitələrinin də oxşar xoşagəlməz aqibətlə üzləşəcəyi ehtimalının yaranmasından narahatdır. Hadisənin, demək olar, eyni vaxtda baş verməsi belə bir təhlükənin mövcudluğundan xəbər verir.
Baş vermiş hadisə kiberhücumlara qarşı mübarizəyə ciddi yanaşmağı aktuallaşdırmaqdadır. Hadisə, eyni zamanda, kiber təhlükəsizliyin təminatına yönələn məqsədyönlü, ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi, hazırda həyata keçirilən işlərin gücləndirilməsi zərurətini doğurmaqdadır. Yalnız adını çəkdiyimiz media orqanlarının deyil, ümumilikdə, milli resurslarımızın bazalarının qorunması, həm də ölkəmizin informasiya təhlükəsizliyinin mühüm komponentidir.
Hadisə onu da göstərir ki, media orqanlarımızın öz bazalarını milli resurslarda yerləşdirmələrinə ehtiyac var. Ötən illərin də təcrübəsi bu baxımdan xarici ölkələrdəki xidmətlərdən istifadənin kifayət qədər effektiv olmadığını, maksimum təhlükəsizliyə zəmanət vermədiyini söyləməyə əsas verir. Mətbuat Şurası ölkəmizin aparıcı media qurumlarını bunu nəzərə almağa, mövcud istiqamətdə fərdi tədbirlər görməyə çağırır.
Mətbuat Şurası, həmçinin, aidiyyatı dövlət orqanlarını baş vermiş hadisəyə həssas yanaşmağa, onun araşdırılması, tez bir zamanda hüquqi qiymətin verilməsi, günahkarların tapılaraq məsuliyyətətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirməyə çağırır. Şura əmindir ki, müvafiq strukturlar digər media orqanlarımızın da eyni xoşagəlməz hallarla üzləşməmələri üçün fəaliyyətlərini daha da gücləndirəcəklər".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Media eksperti Müşfiq Ələsgərli: "Onlayn media qurumlar müxtəlif platformalarda hesablar açarkən, təbii ki, onun texniki təhlükəsizlik prosedurlarına da əməl edirlər. Azərbaycanda da KİV qurumları öz səhifə və hesablarını qorumaq üçün zəruri olan texniki təhlükəsizlik prosedurlarına ciddi riayət edirlər. Lakin sonuncu hücumlar onu göstərir ki, bunlar xüsusi hazırlanmış proqramlarla Azərbaycan KİV-lərinə hücum ediblər və bu cür sərt hücumların qarşısını almaq sadə prosedur deyil. Bu baxımdan məsələ daha dərindən araşdırılır.
Burada diqqətçəkən nüans ondan ibarətdir ki, Azərbaycanın aparıcı KİV-ləri seçilirlər. Burada SƏS TV və Müsavat TV Azərbaycanda tarixi olan və daxili informasiya dövriyyəsinin müəyyən olunmasında mühüm rol oynayırlar. Bu cür KİV-lərin onlayn resurslarının ələ heçirilməsi və hədəf alınması kifayət qədər ciddi məsələdir.
Əslində, bu cür hadisələr olur. Həmişə görürük ki, Azərbaycan üçün həssas məqamlarda, məsələn Vətən müharibəsində və informasiya savaşında olduğumuz digər dövrlərdə ölkəmizin belə sanballı media qurumları kütləvi hücumlara məruz qalır. Ona görə də proses dərindən araşdırılmalıdır.
Azərbaycan Mətbuat Şurası mövzu üzərində araşdırmalarını davam etdirir, müxtəlif dövlət qurumları ilə koordinasiya edilmiş fəaliyyət göstərir. Bizim bildiyimizə görə, problem yaxın vaxtlarda aradan qaldırılacaq. Bununla bağlı cəmiyyət məlumat veriləcək".
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət: "Bəli, təəssüflə biz bu xəbəri öyrəndik. Artıq ən azından bildiyimiz iki yetərincə populyar onlayn yayımçının kanalları ələ keçirilib, ələ keçirilməklə də qalmayıb, üstəlik də onların məzmununun silinməsi haqqında məlumatlar var. Əlavə olaraq da həmin kanallar üzərindən qanunsuz fəaliyyətlə məşğul olması haqqında məlumatlar var. Əlbəttə ki, bu, bir tərəfdən o kanalların və onların tamaşaçılarının zərər görməsi deməkdirsə, digər tərəfdən də qanunsuz əməllərə alət edilməsi çox təhlükəli bir məsələdən xəbər verir.
Şəxsən mən düşünürəm ki, hər şeydən öncə o kanalların məzmununa baxmaq lazımdır. Həmin kanallar milli xətdə olan özəlliklə də Azərbaycanın dövlət maraqlarını qoruyan bu məsələlərdə həssaslıq göstərən kanallardır. Digər tərəfdən də, əsasən, fars molla rejiminin fəaliyyətlərini, qanunsuz əməllərini ifşa edən, digər tərəfdən Rusiyanın qanunsuz əməllərinə obyektiv qiymət verən kanallardır. Mənə elə gəlir ki, həmin kanallara hücumları araşdırarkən bu faktorlar diqqətə alınmalıdır. Yəni, təsadüfi adamların gəlib hansısa məqsədlərlə bu kanalları tapması və onların başına bu oyunu gətirməsi o qədər də ağlabatan deyil.
Düşünürəm ki, bunun arxasında mütləq bir siyasi qərar var və o qərar icra edilir. Sadəcə olaraq, digər addımlar xüsusən də qanunsuz əməllərə kanalların alət edilməsi iz azdırmaq üçündür. Yəni, düşünülsün ki, hansısa təsadüfi hakerlər özlərinin hansısa təsadüfi məqsədləri üçün bu addımı atırlar. Mən buna inanmıram və mütləq bunun arxasında mümkündür ki, İranın fars molla rejimi olsun, eyni zamanda Rusiyanın müvafiq qurumları yaxud da mərkəzləri olsun.
Hər halda biz də sağda-solda internet üzərindən fəaliyyətlərlə məşğuluq. Şəxsimizə də, resurslarımıza da hücumlar olur və araşdıranda dediyim bu iki ünvan ortaya çıxır. Bir tərəfdə Tehrandır, digər tərəfdə də Moskvadır. Yəqin ki, araşdırmalardan sonra hər iki resursla bağlı da bu nəticələr ortaya çıxacaq".

Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli: "Son günlər Azərbaycanda yüz minlərlə abunəsi olan saytlar və onlayn kanallara hücumun olması haqqında məlumatlar yayılır. Bunlar haker hücumlarıdır. Lakin kimlər tərəfindən törədildiyi hələlik bəlli deyil.
Mən düşünürəm ki, bu miqyasına görə bir qrup deyil, daha böyük güc mərkəzləri tətərfindəın həyata keçirilib. Çünki yüz minlərlə abunəsi olan kanallar üzərindən abunəçilərə viruslar göndərilir və başqa oyunlar keçirilir. Bu düşmən mövqeyini ifadə edən, Azərbaycanı sevməyən və ölkəmizin işinə mane olmağa çalışan qüvvələrin hərəkətidir.
Elə saytlar hədəf seçilib ki, onların yayılma arealı daha yüksəkdir. Bu işlərlə dövlət səviyyəsində məşğul olmaq lazımdır. Müvafiq qurumlar bununla bağlı müəyyən işlər görürlər".
"İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə: "Son günlər, xüsusilə də ötən gün belə bir məlumat yayıldı ki, bəzi media qurumlarının "Youtube" kanallarına qarşı təxribat xarakterli hərəkətlərinin olduğu barədə ictimaiyyətə məlumat verildi. Təbii ki, bu yolverilməz bir haldır və xoşagəlməz hadisənin səbəbkarları məsuliyyət daşıyırlar.
Səs Tv və Müsavat Tv-yə qarşı edilən bu hərəkət qanunvcericilik çərçivəsində öz cavabını almalıdır. Belə halların sistemli xarakter almaması üçün ciddi tədbirlər görülməlidir.
Ümumən bu hərəkəti edənlər xoşniyyətli şəxslər deyil. Bu hallar qəzet və saytların da fəaliyyətinə mənfi təsir göstərir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB