Dahi rəhbərə həsr olunmuş tədbir... - FOTOLAR

Dahi rəhbərə həsr olunmuş tədbir... - FOTOLAR

Astara rayonunun N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda tədbir keçirilib. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və məktəb rəhbərliyinin təşkilatçılığı ilə keçirilən bu tədbiri məktəbin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Təbrizə xanım Rəsulova açaraq bildirib ki, Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması hamımızın ürəyindəndir.

Ulu Öndər xalqımızın dünyaya bəxş etdiyi ən böyük dahilərdən biri idi. O bütün sahələrə olduğu kimi təhsilin inkişafına da xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, bu gün Azərbaycanlı tələbələr dünyanın ən tanınmış ali məktəblərində təhsil alır, öz bilik və bacarıqları ilə ölkəmizin tərəqqisinə və çiçəklənməsinə töhfə verirlər.

Direktor eyni zamanda rəhbərlik etdiyi məktəbdə şagirdlərin ekoloji tərbiyəsi sahəsində görülən işlər və onlara aşılanan təbiət sevgisi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Bəxtiyar Hüseynov “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəçi diqqətə çatdırıb ki, Heydər Əliyevin rəhbərlik dövrü Azərbaycan tarixinin ən parlaq səhifəsini təşkil edir. Bu dövrdə millətimiz bir xalq olaraq bütün dünyada tanındı. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər öz milli mənsubiyyətilə qürur duyur və bir Azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin fəaliyyətində ölkə təbiətinin mühafizəsinə və zənginləşməsinə qayğı xüsusi yer tuturdu. Ulu Öndər millətimizin qismətinə düşən ecazkar, zəngin təbiəti gözbəbəyi kimi qorumağı, zənginləşdirməyi və əmanət kimi gələcək nəsillərə ötürməyi dönə-dönə tövsiyyə edirdi. Dahi rəhbər bu gün həyatda olmasa da onun ölməz, həmişəyaşar ideyalarını möhtərəm Prezidentimiz cənab İlham Əliyev layiqincə davam etdirir.

Məruzəçi həmçinin belə tədbirlər üçün lazımi şərait yaratdıqlarına görə Elm və Təhsil Nazirliyinə, Regional Təhsil İdarəsinə təşəkkürünü bildirib.

Şagirdlərdən Özləm Əhmədova, Nadir Muradlı və başqalarının ifasında Ümummilli Liderə və təbiətə həsr olunmuş şeirlər səslənib.

Heydər Əliyevin ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına həsr olunan film də maraqla qarşılanıb.

Sonda məktəbin həyətində və yerləşdiyi ərazidə ağacəkmə aksiyasına start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə