Cari ilin ilk ayı olan yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərək bildirmişdir ki, hər ili uğurla başa vurduğumuz kimi yeni başlanan 2023-cü il də uğurlu olacaq: «Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə - müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq. Yaxud da sentyabra qayıdaq. Kimin ağlına gələ bilərdi ki, bu gün Ermənistan haqsız olaraq bizi işğalda ittiham edəcək. İki il, üç il bundan əvvəl əgər kiməsə bunu desəydin, deyərdi ki, deyəsən, sənin başın xarab olub, belə sadə dillə desək. Amma mümkün olmayan heç nə yoxdur, bizim əlimizdədir. Amma biz ədaləti istəyirik, ancaq ədaləti. Pozulmuş ədaləti bərpa edirik, hələ tam bərpa etməmişik, amma bərpa edəcəyik, mənim şübhəm yoxdur və əminəm ki, Azərbaycan xalqı da bu nikbinliyi bölüşür”. Bəli, sözü ilə əməlləri üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “Ona görə də hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”.
Prezident İlham Əliyev son 19 illik prezidentlik dövrünün ilk günündən bu günə qədər dövlətin əsas siyasətinin sosial siyasət təşkil etdiyini vurğulayıb, hər zaman sözünü tutub. Dəfələrlə aztəminatlı ailələrin və sosial qayğıya ehtiyacı olan əhali qrupunun sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən sosial paketlər həyata keçirilib, həmin kateqoriyadan olan vətəndaşlara dövlət dəstəyi və qayğısı heç zaman azalmayıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyev cari ilin yanvar ayının 5-də "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əlavə tədbirləri özündə ehtiva edir. İqtisadiyyatın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi ölkəmizdə daxili siyasətin mühüm uğurlu göstəriciləridir. Həyata keçirilən dövlət proqramlarının, çoxşaxəli islahatların real nəticəsi olaraq ölkə iqtisadiyyatı, xüsusən, qeyri-neft sektoru sürətli inkişaf mərhələsinə qədəm qoyub, bütün kateqoriyalardan olan vətəndaşların əməkhaqları bir neçə dəfə artıb, iqtisadiyyata sərmayə yatırımı yüksəlib. Ölkənin iqtisadi potensialının tam hərəkətə gətirilməsinə nail olan Prezident İlham Əliyev Azərbaycanın gələcəyinin, ölkənin qüdrətinin məhz iqtisadiyyatdan asılı olduğunu hər zaman qeyd edir. Ölkəmizi yüksək nailiyyətlərə aparan iqtisadi inkişaf strategiyasını uğurla reallaşdıran dövlət başçısının fəaliyyətində sosial məsələlərə diqqət prioritet istiqamət təşkil edir. İldən-ilə inkişafda olan Azərbaycan iqtisadiyyatı bütün parametrləri ilə yanaşı, həm də xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır. Çünki ölkə iqtisadiyyatının ardıcıl və dinamik inkişafı, həyata keçirilən köklü dəyişikliklər iqtisadi sabitliyi təmin etməklə bərabər, dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə geniş yol açıb, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün möhkəm zəmin yaradıb. Bu baxımdan, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, bütövlükdə bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətləri sayılır. Sosial sahəyə diqqət və qayğının nəticəsidir ki, dövlət büdcəsində sosialyönümlülük prioritet məqsədlərdən biridir.
HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ OLMAQ MƏSULİYYƏTİNİ ÖZ PREZİDENTLİK FƏALİYYƏTİNDƏ DAİM TƏSDİQ ETDİ, ƏMƏLƏ ÇEVİRDİ VƏ DÖVLƏT İDARƏÇİLİYİNDƏ BİR MEYAR SƏVİYYƏSİNƏ YÜKSƏLTDİ
Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk prezidentlik inaqurasiyasında "Mən hər bir azərbaycanlının prezidenti olacağam" söylədi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.Cənab İlham Əliyev Prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə Azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün ən mütərəqqi proqramlar qəbul edir, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar verir, qanunlar imzalayır. Onun sosial siyasəti iki klassik prinsipə - sosial ədalət və sosial rifah prinsiplərinə əsaslanır.
Prezidentin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə milli iqtisadiyyatın dinamik artımı şəraitində sosial inkişafın davamlı xarakter almasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişlənməsinə, sosial sahədə vətəndaş rifahı və məmnunluğuna yönəlik mühüm irəliləyişlərə, sosial ödənişlərdə orta hesabla 10 -15 dəfə artımlara imkan verib.”Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”,-deyə bəyan edən dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan inqilabi sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib. Zəfər dövrünü yaşayan qalib Azərbaycanda müharibədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri uğurla reallaşdırır. Xüsusilə də son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır. Bu sosial islahatlar Zəfər dövrünü yaşayan qalib Azərbaycanda Böyük Qayıdış Proqramının realllaşdırıldığı bir dövrdə həyata keçirilir.Xüsusilə də, dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlanılıb. Bu dəstək paketi həmin insanların sosial təminat hüquqlarının operativ reallaşdırılması, onların sosial-psixoloji dəstəklə, reabilitasiya xidmətləri və vasitələri, birdəfəlik maddi yardımla təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması və s. kimi dəstək istiqamətlərini əhatə edir.Sosial dəstək tədbirləri 121 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 260 min xidmət göstərilib. O cümlədən 102 min şəxsə 114 min sosial ödəniş təyin olunub, 16,7 min şəxs üzrə birdəfəlik ödəmə, 2,8 min şəxsə sığorta ödənişi verilib, təqaüd və müavinətlər orta hesabla 60 faiz artırılıb. 11 min şəxsə 36 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 1 766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 son nəsil müasir protezlə təmin olunub. 16,4 min şəxs aktiv məşğulluq, o cümlədən 9,4 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində 70 minə yaxın şəxsə xidmətlər göstərilib.
ŞƏHİD AİLƏLƏRİNİN SOSİAL TƏMİNATI DA YAXŞILAŞIR. BİZ DAİM ONLARI DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAĞIQ
Prezident İlham Əliyevin uğurlu sosial siyasətində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm yer tutur. «Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq»,- deyə qeyd edən Prezident İlham Əliyevin imzaladığı sənədlər nəticəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişləri təkcə son 4 ildə 2 dəfədən çox artırılıb. Eyni zamanda, bu dövrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4300, ümumilikdə ötən dövrdə 13,1 min mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifahına yönələn proqramlardan biri də onların avtomobillə təminatıdır. Postmüharibə dövründə bu istiqamətdə də tədbirlər geniş miqyas alıb, eyni zamanda, 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. 44 günlük Vətən müharibəsindən sonra 304, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Dövlət başçısının şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısının daha bir təzahürü kimi, son illər həmin kateqoriyalarla bağlı növbəti sosial dəstək proqramları icra olunub: 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib. 2022-ci ilin avqust ayında isə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramına başlanıb və qeyd olunan kateqoriyaya aid artıq 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib. 2022-ci ilin əvvəlindən isə Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub.Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan, 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi son illər Azərbaycanda aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Dövlət başçısı “DOST mərkəzləri müasir Azərbaycanın simasıdır” deyə bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən çoxdur. Eyni zamanda, 2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Bu işlər reabilitasiya mərkəzlərinin potensialının, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 4 dəfə artmasına imkan verib.Bütün bu addımlar Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi güclü sosial siyasətin əsasında məhz vətəndaş amilinin, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Azərbaycan özünün dərinməzmunlu sosial siyasətinə bundan sonra da sadiq qalacaq. Çıxışlarında da bunu nəzərə çatdıran Prezident İlham Əliyev bildirir: «Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün. Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır".
Beləliklə, Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişafına xidmət edən sərəncamları, fərman və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Və xalqımız inanır ki, bu gün tarixi qələbəmizi reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial islahatlar proqramı qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni mühüm irəliləyişlərə nail olunmasını təmin edəcək, dövlətimizi daha firavan gələcəyə aparacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB