“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlar XX əsrin ən dəhşətli hərbi cinayətlərindən birini Azərbaycan Respublikasının Xocalı şəhərində törətmişər. Bu cinayəti Rusiya Silahlı Qüvvələrinin hüquqi balansında olan 366-cı motoatıcı diviziyasının şəxsi heyəti ilə birlikdə törədən erməni vandal-cəlladlar qoca, qadın və uşaqlara belə rəhm etmədən son dərəcə amansızlıq nümayiş etdirməklə Xocalı əhalisinə divan tutmuşlar. Nəticədə Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc əhaliyə qarşı xüsusi amasızlıq göstərilmişdir. Ən dəhşətlisi odur ki, insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyalar və beynəlxalq hüquq normaları müasir dünya ictimaiyyətinin gözü qarşısında pozulmuşdur. Acınacaqlı hal budur ki, Xocalı faciəsi zamanı əliyalın insanlara rəhm edilməməsi, əsirlərin amansız isgəncələrə məruz qalması, meyitlərin təhqir edilməsi kimi insanlığa zidd hərəkətlər törədilmişdir”.
Yuxarıdakı sətirlər siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtının xüsusi olaraq “SİA” üçün qələmə aldığı analitik məqalədə əksini tapıb. Geniş ictimaiyyət, elm adamları, eləcə də araşdırma mərkəzləri üçün əhəmiyyətli olan məqaləni təqdim edirik:
...İşğalçı Ermənistan tərəfindən təşkil edilən və törədilən Xocalı faciəsinin soyqırımı aktı olduğunu sübut edən təkzibolunmaz yüzlərlə dəhşətli fakt o dövrdə bölgədə fəaliyyət göstərən aparıcı beynəlxalq mətbuat orqanlarının roportyorları tərəfindən videolentə alınmış, fotoşəkillər çəkilmiş, məqalələr dərc olunmuşdur. Xocalıda törədilən hərbi cinayət barədə dünya ictimaiyyətinə geniş məlumat yayan nüfuzlu beynəlxalq mətbuat orqanları bu dəhşətli faciəni insanlığa qarşı amansızlıq, soyqırımı aktı kimi qiymətləndirmişdir. Onlardan bir neçəsini ümumiləşdirilmiş formada təqdim edirik:
/Vaşinqton Post, 28 Fevral 1992/. Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral 1992-ci il/
AZƏRBAYCAN ŞƏHƏRLƏRİNDƏ DƏFN OLUNMUŞ QARABAĞ ŞƏHİDLƏRİ - QAÇQINLAR ERMƏNİ HÜCUMLARI ZAMANI YÜZLƏRLƏ İNSANIN ÖLDÜRÜLDÜYÜNÜ DEYİR
Döyüş vəziyyətində olan Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər. Xankəndinin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin imamı Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun olduğu məscidə 477 meyit gətiriblər.
/Nyusuik, 16 Mart 1992/. Paskal Priva və Stiv Lö Vən, Moskva /
SOYQIRIMIN ÜZÜ
Ötən həftə Azərbaycan yenidən qəbirstanlığa dönmüşdü: matəm içində olan qaçqınlar və onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdır. Onlar fevralın 25-i və 26-sı ermənilər tərəfindən darma-dağın edilmiş Xocalıdan olan sadə azərbaycanlı kişi, qadın və uşaqlar idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu.
/Tayms, 16 Mart 1992, Cil SMOLOU Yuri ZARAXOVİÇ, Moskva/
XOCALIDA QIRĞIN
Mübahisələrə baxmayaraq aydın olan bir şey var: iki həftə öncə Azərbaycan şəhəri Xocalıda qəddar və vicdansız bir hadisə törədilib. İndiyədək 200 azərbaycanlı öldürülüb, çoxları qorxunc hala salınıb, ermənilərin üstünlük təşkil etdiyi yerlərdən dəfn olunmaq üçün qonşu rayona gətirilib. Azərbaycanlılar iddia edir ki, 1324 mülki vətəndaş qətlə yetirilib. Onların çoxu - qadınlar və uşaqlar barədə heç bir məlumat yoxdur…
/Sandey Tayms, 1 Mart 1992, Tomas QOLTS, Ağdam, Azərbaycan/
ERMƏNİ ƏSGƏRLƏRİ YÜZLƏRLƏ MÜSƏMAN QAÇQIN AİLƏNİ QIRIR
Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş və öldürülmüşdür.
İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dorğamağa başladılar". Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi. Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla Qarabağ meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.
/Sandey Tayms, 8 Mart 1992/
Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırımı haqqında Ağdamdan ilk olaraq xəbər verir
Xocalı qədim Azərbaycan şəhəri idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur.
Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu yanvarda baş vermişdi. Dörd uşaq anası Zümrüd bizi şəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölümünü gözləyir. O və ailə üzvləri fevralın 26-da ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər.
Beş övlad atası 55 yaşlı Balakişi Sadıqov dedi: "Ermənilər uzaq kəndlərin hamısını bir-bir işğal etdilər, hökumət isə heç bir tədbir görə bilmədi". Onun həyat yoldaşı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq yaxud da öldürəcəklər. Onların üç oğlu və iki qızı qırğın zamanı öldürülmüşdür".
The Boston Globe – Tuesday, March 3, 1992
Ermənilər min azərbaycanlını (Paul Quin-Judge, Bakı, Azərbaycan)
Azərbaycan dünən Ermənistan ordusunu qoca, qadın və uşaqları qətlə yetirməkdə, bu qəbildən olan insanları Qarabağdan qaçqın olmağa məcbur edilməkdə günahlandırıblar. Azərbaycanın rəsmi şəxsləri min azərbaycanlının qətlə yetirildiyini, qarlı dağlarda həyatını qurtarmaq istəyən qoca, qadın və uşaqların erməni silahlılar tərəfindən öldürüldüklərini bildiriblər. Erməni rəsmiləri isə öldürülənlərin sayı ilə bağlı mübahisəli rəqəmlər səsləndiriblər.
...“Sandi Taym”, “Faynenşl Tayms”, “İzvestiya”, “Le Mond” qəzetlərində, eləcə də “Krua l'Eveneman” və “Valer aktuel” jurnallarında mövzu ilə bağlı 31 il əvvəl nəşr olunan məlumatları da daxil etsək erməni cinayətkarlığının əsl mahiyyətinə dair qalın bir qovluq yaranır. Yuxarıda təqdim etdiyim faktlar illərdən bəri əldə etdiyim ən mühüm mənbələrdən yalnız az bir hissədir. Bəzi erməni mənbələrində də Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini aşkar etiraf edirlər. Lakin əsaslandırmaq istəyirlər ki, güya o dövrdə erməni hərbi birləşmələrinin mövqeləri məhz Xocalıdan intensiv atəşə tutulurmuş. Bu da ermənisayağı izahatdan başqa bir şey deyil. Meyitlərin təhqir edilməsi, əsirlərə verilmiş amansız işgəncələrə nə söz? Məgər misli görünməmiş işgəncələrə məruz qalan qoca, qadın və uşaqlar Xocalıdan erməniyə atəş açırdılar? Hamilə qadınların bətnindəki, dünya işığı görməmiş çağaların süngüdən keçirilməsi necə? Əsirlikdə olan yüzlərlə Xocalı sakininin işgəncələrlə bağlı ifadələri tükürpərdicidir. Xocalı soyqırımını təsdiq edən faktları sübuta yetirən video kadrlar, dəhşət saçan fotolar, təkzibolunmaz minlərlə fakt mövcuddur. Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsi barədə, elə bu qanlı cinayətin törədildiyi günlərdə dünyanın bir sıra ölkələrinin ümumi informasiya məkanında onlarla məqalə və məlumat yazılmış, radiolarda səslənmiş, televiziya efirlərində göstərilmişdir. Yuxarıda təqdim etdiyimiz faktlardan da bəlli olduğu kimi həmin bu, materialların müəllifləri və reportyorları xaricilərdir.
...Fakt faktlığında qalır. Ermənilər tərəfindən Azərbaycana qarşı Xocalı soyqırımı törədilmişdir. Bu faktı təsdiq edən sübutlar təkzibolunmazdır. İndiyədək Xocalı faciəsi ilə bağlı minlərlə kitab yazılmış, yerli və xarici qəzet və jurnalda məqalələr dərc edilmiş, sənədli süjetlər əsasında müxtəlif janrlarda efir əsərləri hazırlanmışdır. Bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılması sadəcə olaraq insanlıq borcudur. Bu iş haqqın, ədalətin insanlığın tələbidir. Məqsəd budur ki, gələcəkdə dünyanın heç yenidən bu kimi cinayətlər təkrar olunmasın. Bütün bunlarla bərabər hadisənin baş vermə səbəbi, məqsəd və nəticəsi barədə bəhs etmək daha əhəmiyyətli olardı.
Səbəb - Xocalı faciəsinin baş verməsinin əsas səbəbləri bunlardır: keçmiş SSRi-nin son rəhbərliyinin dəstəyi ilə başlamış Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin aşkar formada davam etdirilməsi; Ermənistanın işğalçılıq niyyəti; Azərbaycanın o vaxtkı hakimiyyətinin müdafiə məsələlərini vaxtında, qaydasınca və lazımı səviyyədə təşkil edə bilməməsi, beynəlxalq aləmdəki ikili standartlar.
Məqsəd - Xocalı faciəsini törətməkdə işğalçı Ermənistanın bir neçə əsas məqsədi olmuşdur. Bu məqsədlərdən başlıcası, dinc azərbaycanlı əhali arasında erməni xofu yaratmaq və bununla da ətraf şəhər və kəndlərin boşaldılmasına nail olmaq, işğalçılıq siyasətini daha da sürətləndirmək.
Nəticə - Xocalı XX əsrin sonlarında hərbi təcavüz nəticəsində yerlə-yeksan olunmuş şəhərdir. Erməni mərmisindən, gülləsindən və süngüsündən sağ çıxan xocalılar ömürlük mənəvi və psixoloji əzab içərisində yaşamağa məhkum olmuşlar. Xocalı soyqırımına bu və ya digər formada birbaşa məruz qalmış şəxslərin keçirdikləri fiziki, mənəvi və psixoloji sarsıntı onların normal həyat sürməsinə imkan verə bilməz və həmin gendən yaranan gələcək nəsillər də bu sarsıntının acı nəticələrini və mənfi təsirini ömürlük daşıyacaqdır. Bu barədə İstanbul Universitetinin professoru, görkəmli psixiatr İbrahim Balçıoğlunun fikirlərinə diqqət edək: “Xocalıda törədilən dəhşətli soyqırımından sağ qurtaranlarda, bu vandalizmi gözləri ilə görənlərdə, eləcə də vəhşicəsinə öldürülənlərin qohumlarında, zərər çəkənləri müalicə edən, bu qəbildən olan insanlara digər xidmətlər göstərən və onlarla davamlı ünsiyyət saxlayan şəxslərdə bir çox ağır xəstəliklər yarada bilər. Bunların bir qismi ruhi, bir qismi isə daxili xəstəliklər kimi özünü göstərir. Həmçinin soyqırımı aktının fəsadlarının yaratdığı xəstəliklərin bir çoxu sonradan irsi xarakter alır, mövcud genetik xəstəliklər oyanır”.
Bu məntiqlə təkzibolunmaz formada əsaslandıra bilərik ki, Xocalı soyqırımı oradan heç kimin sağ çıxmasına imkan verməmişdir.
Beləliklə, Xocalı soyqırımı aşağıdakı humanizm prinsiplərini pozmuşlar:
-hücum gecə vaxtı və planlı şəkildə qəfil həyata keçirilmişdir;
-şəhərdəki dinc əhali üçün çıxış dəhliz verilməmişdir;
-əsirlərə amansız işgəncələrə məruz qalmışdır;
-əsirlərin böyük əksəriyyəti gizlədilmişdir;
-meyitlər təhqir olunmuşdur;
-qadın, qoca və uşaqlara qarşı amansızlıq göstərilmişdir
-Xocalı şəhəri yerlə yeksan edilmişdir.
Xüsusi qeyd: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Sülhsevər dünya birliyinin bu bəşəri faciə barədə yekdil rəy belədir: Xocalı əhalisi məhz türk və müsəlman olduqları üçün işğalçı Ermənistan tərəfindən soyqırımına məruz qalmışdır.
Təəssüf ki, 31 il bundan əvvəl (1992-2023) törədilən Xocalı faciəsinin səbəbkarı olan erməni cəlladlar, şəhəri yerlə-yeksan edən vandallar hələ də beynəlxalq hüquq tərəfindən mühakimə olunmamışdır. Lakin Azərbaycan tərəfi Xocalı faciəsini törədən erməni cəlladların cəzalandırılması üçün səylərini bundan sonra da davam etdirəcəkdir.
Prezident İlham Əliyevin liderliyində həyata keçirilən Azərbaycanın çoxşaxəli xarici siyasətində Xocalı soyqırımının dünyada tanıdılması, məlumatlandırma və həmrəy tərəflər toplamaq prioritet istiqamətdir. Məhz bu strategiya sayəsində Azərbaycandan sonra Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Ruminya, Sudan, Panama, Qvatemala, Latviya, İordaniya, Sloveniya, Şotlandiya, Cibuti, Kolumbiya tərəfləri dövlət, hökumət və yaxud parlament səviyyəsində, eləcə də ABŞ tərəfindən 2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, West Virginia, Connecticut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar. Bütün bunlarla bərabər qeyd etməliyik ki, Xocalı soyqırımı Azərbaycandan kənarda ilk dəfə Türkiyədə-2005-ci ildə paytaxt Ankaranın Keçiörən bələdiyyəsinin məclisi tərəfindən tanınıb və bu rayon ərazisində Xocalı soyqırımı abidəsi ucaldılıb. Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını yekdilliklə tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var. Dünyanın onlarla ölkəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə parklar salınıb, abidələr ucaldılıb, tanıtma lövhələri həkk olunub. Türkiyə Böyük Millət Məclisi 2016-cı il fevralın 26-da Xocalı soyqırımı ilə əlaqədar geniş mətində mətbuat açıqlaması yayıb.
Bütün dünyada sülh və sabitlik naminə “Xocalıya ədalət!”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünya birilinə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırılıb, bütün qitələrdə olmaqla milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
“Xocalıya ədalət!”in məqsədi belə dəhşətli cinayətlərin yer üzündə bir daha təkrara olunmamasıdır. Bu beynəlxalq məlumatlandırma kompaniyasına qoşulmaq hər bir sülhsevər, humanist və ədalətli insanın mənəvi borcudur. Zaman və görülən işlər erməni vəhşiliyini məharətlə ifşa edir. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi hər il dünyanın yüzlərlə ölkəsində yad edilir. O cümlədən qonşu və qardaş ölkələrdə, müsəlman dövlətlərində də bu anım mərasimləri təşkil edilir. Lakin haqlı olaraq belə bir sual yaranır: ermənilər Xocalı soyqırımını törədərkən bu cinayətin onları dünyada biabır edəcəyini başa düşmürdülərmi? O dövrdə Azərbaycandakı hərtərəfli tənəzzül ermənilərdə belə bir fikir formalaşdırmışdı ki, Azərbaycanı işğal niyyətlərini sonadək davam etdirə biləcəkdilər. Təsadüfi deyildi ki, "Azərbaycanı Livana çevirib, Bakını Beyruta döndərəcəyik" ifadəsi onların işğalçılıq şüarına çevrilmişdir. Bu məqsədlə də erməni diaspor təşkilatlarının birbaşa təşkilatçılığı ilə dünyanın dörd bir tərəfindən erməni terrorçular müsəlman-türk qanı axıtmaq üçün bölgəyə göndərilirdi. Lakin Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı hər şeyi dəyişdir.
Ermənilərin bütün mənfur planları pozuldu. Azərbaycan işğal təhlükəsindən xilas oldu. Ulu öndərin dediyi kimi: "Xocalı soyqırımı erməni faşızminin iç üzünü bir daha göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş, tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır." Qeyd etmək lazımdır ki, Xocalı soyqırımına ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hüquqi-siyasi qiymət verilib.
Ötən dövrdə erməni dairələri tərəfindən Xocalı soyqırımına qarşı fərqli yanaşmalar olmuşdur. Bəziləri bu bəşəri cinayəti ermənilərin milli qəhrəmanlığı adlandırmış, bəziləri isə əsasız bəhanələrlə belə bir qanlı hadisənin guya onlar tərəfindən törədilmədiyin iddia etməyə çalışmışdır. Əli qələm tutan ermənilərin Xocalı soyqırımını təkzib etmək barədə ortaya qoymaq istədikləri mülahizələr məhz uydurma olduğu üçün ciddi qəbul edilməmişdir. Bəzi hallarda iddia edirlər ki, guya Xocalıda qətlə yetirilən azərbaycanlıların sayı mənbələrdə fərqli göstərilir. Axı bütöv bir şəhər əhalisi soyqırımına məruz qalmışdır. On minlərlə insan bu soyqırımın təsiri altında mənəvi-psixoloji travma qazanmışdır. Xocalıdan sağ çıxan insanların heç biri mənəvi-psixoloji cəhətdən sağlam ömür sürə bilməzdi və belə də vardır. Onların törəmələri də bu sarsıntını özləri ilə yaşadacaqlar. Odur ki, son dərəcə amansızcasına qətlə yetirilən günahsız insanların sayı məsələnin əsl mahiyyəti deyil.
REDAKSİYADAN: Xatırladaq ki, bu məqaləni xüsusi olaraq saytımız və qəzetimiz üçün hazırlayan müəllif “Səs”-in yetirmələrindəndir. Ötən ildə müəllifin “Xəzəl oldu Xocalının Xəzangülü” (Azərbaycan və fars dillərində), “Soyqırımından Xocalıya...” (Azərbaycan və türk dillərində) və “Xocalı: Susmayan acı...” (türkcə) sənədli, tarixi, siyasi əsərləri nəşr olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB