Qazaxda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Qazaxda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Qazax rayon qeydiyyat şöbəsində Xocali faciəsi ilə bağli tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir şəhidlərimizin və Türkiyədə zəlzələ zamanı həyatını itirənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Qazax Qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Məsumə Səmədova çıxış edərək bildirib ki, ermənilərin törətdiyi hücum zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və vəhşicəsinə işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, o zaman Azərbaycanda hakimiyyətdə olan şəxslər Xocalı soyqırımının dünyaya tanıdılması və siyasi qiymət verilməsi üçün heç bir tədbir görməyiblər. Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.

Prezident İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində xüsusi işlər görməkdədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.

Məsumə Səmədova ermənilərin azərbaycanlıları dəfələrlə öz doğma yurdlarından zorla köçürülməyə məruz qoyduğunu bildirib, xalqımıza qarşı məqsədli etnik təmizləmə və deportasiya siyasəti həyata keçirdiyini, eyni zamanda bəşəriyyət tarixində qanlı izlər buraxan genosidlər törətdiyini, nəhayət, bütün bunlara Vətən Müharibəsində qazanılan şanlı zəfərlə son qoyulduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə