23 fevral Rusiyada "Kişilər Günü" kimi qeyd olunur. Belə ki, bu gün hər il ölkə daxilində çoxlu şoular və atəşfəşanlıqla təşkil edilir. Bu gün Rusiyada rəsmi bayram elan edilib.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
“Vətən Müdafiəçiləri Günü” və ya “Kişilər Günü” Qızıl Ordunun Narva və Pskov bölgələrindən alman işğalçılarını dəf etdiyi 23 fevral 1918-ci il tarixinə təsadüf edən mühüm günlərdən biridir. Məlumata görə, Rusiyada “23 fevral kişilər üçün 8 mart qədər önəmli gündür”.
Xatırladaq ki, SSRİ dövründə ordu günü və ya kişilər günü kimi qeyd edilən 23 fevral Sovet İttifaqının dağılmasından sonra 1993-cü ildə “Vətən Müdafiəçiləri Günü”nə çevrildi.
23 fevral gününün tarixi nəyə əsaslanır?
Vətən Müdafiəçisi və ya Kişilər Günü ilk dəfə 1918-ci ildə Qırmızı (Sovet) Ordusunun yaranma tarixini qeyd etmək üçün təsis edilən əsl rus yaradıcılığıdır. Bayram əvvəlcə Qırmızı Ordu Günü, sonra isə Sovet Ordusu günü kimi tanınıb. 2002-ci ildə Rusiya Prezidenti Putin tərəfindən Vətənin Müdafiəçisi Günü və rəsmi bayram günü elan edilib.
Bəzi feminist cəmiyyətlər "Kişilər Gününü" qeyd etmək anlayışı ilə bağlı problem yaratsalar da, Rusiyada bu təhqiredici və ya yersiz gün hesab edilmir.
Rusiyada 23 fevralın qeyd edilmə səbəblərindən biri Qadınlar Gününün geniş qeyd olunmasıdır. Belə ki, Qadınlar Gününü qeyd etməyi unutmaq Rusiyada kifayət qədər kobud hesab olunur.
Kişilər Günü üçün daha böyük olan ictimai qeyd etmələr və paradlar istisna olmaqla, çox vaxt Qadınlar Günü ilə müqayisədə daha kiçik miqyasda hiss olunur.
Bu gün bütövlükdə kişiləri qeyd etmək üsuluna çevrilsə də, fevralın 23-də keçirilən ictimai bayramlar rus əsgərləri və hərbi nailiyyətlər ətrafında cəmləşdi. Xüsusilə Rusiyada keçmiş və indiki əsgərlərin, müharibə veteranlarının şərəfinə paradlar və mərasimlər, televiziyalarda hərbi hekayələr, filmlər göstərilir. Bu baxımdan bayram Kanadada Xatirə Günü və ABŞ-da Veteranlar Gününə bənzəyir.
Rusiyada 23 fevralda qadınlar kişilərə maraqlı hədiyyələr verirlər. Bu hədiyyələr nisbətən ucuz (corablar, odekolon), bahalı (saat və aksesuarlar) hədiyyələr arasında dəyişə bilər. Bu günlərdə adətən heç kimə gül və şokolad verilmir. Çox vaxt isə qadınlar evdə bayram yeməyi bişirirlər.
Məktəbdə uşaqlar bəzən kişi müəllimləri üçün hədiyyələr gətirir, həmçinin ata və babalarını sevindirirlər.
Rusiyada əksər ofislər və müəssisələr fevralın 23-də dövlət bayramı kimi bağlandığından, bir çox ofislərdə bir gün əvvəl və ya sonra kiçik bir bayram keçirilir. Kişilər, adətən, kiçik hədiyyələr alır və hamı bir stəkan şampan və bəzən bir dilim tort ilə qeyd edir. Tipik olaraq, iş yoldaşları bir-birləri ilə çox yaxın dost olmadıqca hədiyyə almırlar.
Bunlarla yanaşı Beynəlxalq Kişilər Günü də var. Bu, hər il noyabr ayının 19-da qeyd olunan beynəlxalq tədbirdir. İlk olaraq 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) yaranmış və Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd olunmağa başlanmışdır.
Qadın və Sülh Mədəniyyəti komitəsinin direktoru İngeborg Breyns UNESCO-un adından bildirmişdir ki, “Bu, çox gözəl ideyadır və gender balansı təmin etmiş olacaq”. O, əlavə edib ki, UNESCO təşkilatçılarla əməkdaşlıq etmək niyyətindədir.Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.
Bəs, Azərbaycanda Kişilər Günü nə zaman qeyd edilir?
Sovet dövrünün adamları 23 fevralı bu gün də Kişilər Günü kimi qeyd edir. Onlar hətta nəvə və övladlarına da bunu belə aşılayıblar. Çünki biz də məktəbli olarkən (10 il öncə) 23 fevral sinifdə olan oğlanlara hədiyyə alardıq. Yəni, bu günü Kişilər Günü kimi qeyd etmək lazım olduğunu deyirdilər. İndi isə 9 mayda və 26 iyunu da Kişilər Günü kimi qeyd edənlər var. Bunun səbəbi 9 may Faşizm üzərində Qələbə Günü və 26 iyun Silahlı Qüvvələr Günüdür.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə