Balıq ehtiyatlarımızı hamılıqla qoruyaq

Balıq ehtiyatlarımızı hamılıqla qoruyaq

Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqların artımına verdiyi dəstək təbii ki, su hövzələrində balıq ehtiyatlarının qorunmasına xidmət edir. Bu baxımdan maarifləndirici tədbirlərə böyük ehtiyac var. Yuxarıda adı çəkilən tədbir də məhz bu məqsədə yönəlib. Masallı ərazisində keçirilən bu tədbir növbəti addım kimi təqdirəlayiqdir. Çünki həmin tədbirdə iştirak edən vətəndaşlar bir daha əyani şəkildə gördülər ki, bizə bəxş edilən təbii sərvətlərin qorunması və artırılması ümumdövlət işidir. Bu, başqa cür də ola bilməz. Əgər bu gün balıq ehtiyatlarını nəzarətsiz buraxsaq, təbii ki, bu, su hövzələrində balıqların nəslinin kəsilməsinə gətirib çıxaracaq. Demək, süfrələrimizdə layiqli yer tutan balıqların ancaq quru adı qalacaq.

Su bioresurslarının bərpasına dəstək və su hövzələrində ekosistemin davamlılığının təmin edilməsi məqsədilə Masallı rayonu ərazisindən keçən Viləş çayına Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 87 000 ədəd çəkikimi balıq körpələri buraxılıb. Balıq buraxılışı tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və ASAN Xidmət əməkdaşları iştirak etmişlər. Məqsəd ekoloji dayanıqlılığı saxlamaqla daxili su hövzələrində balıq ehtiyatlarını bərpa etmək və genofondunun qorunub saxlanılmasını həyata keçirməkdir.

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddun Əliyev bildirib ki, balıq ehtiyatlarının artırılması zamanın tələbidir. Axı, bu təbiətin bizə bəxş etdiyi canlı təbii sərvətdir. Bu mühüm işə öz töhfəmizi artırmalıyıq. Bu məqsədilə ölkənin ayrı-ayrı su hövzələrinə, o cümlədən, işğaldan azad olunan ərazilərdə ilin sonunadək 6 milyona qədər müxtəlif növ balıq körpələrinin buraxılışı nəzərdə tutulmuşdur.
Bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına və artırılmasına dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alanlara, brokonerlərə qarşı mübarizə aparmağa çağırırıq.

Elə buna görə də balıqların mühafizə edilməsində və artırılmasında hamılıqla iştirak etməli, öz töhfəmizi verməliyik.

Məlum olduğu kimi, ana təbiət ölkəmizdən heç nəyini əsirgəməyib. Xoşbəxtlikdən mövcud daxili su hövzələrimizdən başqa payımıza mavi Xəzər də düşüb. Xəzər dənizi müxtəlif balıqlarla zəngindir. Lakin dənizin çirkləndirilməsi, suya məişət tullantılarının atılması bizi narahat edir. Çünki dənizin zibillənməsi burdakı balıq ehtiyatlarının tükənməsinə gətirib çıxarır. Elə buna görə də bu mühüm işdə, yəni balıq ehtiyatlarının qorunmasında təkcə ekoloqların deyil, bütün vətəndaşların iştirakı həmişəkindən daha vacibdir.

Belə bir atalar məsəli var, könlünə balıq düşən özünü dəryaya vurmalıdır. Ancaq öncə gərək dənizdəki, daxili su hövzələrindəki bu canlı sərvəti qoruyasan, sonra onu ovlayıb qida kimi istifadə edəsən.
Balıq ehtiyatları əvəzedilməz canlı sərvətimizdir. Onu özümüz və gələcəyimiz üçün qoruyaq!

Bəxtiyar Hüseynov

Bütün xəbərlər Facebook səhifəmizdə