Mövcud vəziyyətlə bağlı monitorinq aparılıb

Mövcud vəziyyətlə bağlı monitorinq aparılıb

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2022-ci il 17 oktyabr - 18 noyabr tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq aparılıb. SİA xəbər verir ki, monitorinq həm ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nından irəli gələrək, həm də vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti, vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti öyrənir.

Monitorinqin məqsədi əldə edilmiş nəticələrin kəmiyyət göstəriciləri əsasında təhlili ilə müvafiq sahədə səmərəli, effektiv və şəffaf məlumat mübadiləsinə əsaslanan dövlət-cəmiyyət əməkdaşlığının institusional səviyyəsinin yüksəlməsi istiqamətində dövlət siyasətinə töhfə verməkdir.

Monitorinq 25 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının (orqanlarının) kommunikasiya xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti araşdırıb.

Ümumilikdə 41 dövlət orqanının (qurumunun) kommunikasiya xətlərinə 21 iş günü ərzində günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1518 zəng edilib. Müvafiq iş günləri ərzində günün birinci və ikinci yarısında müxtəlif saatlarda 29 qurumdan 25-nin (bəzi qurumların qaynar xətti eynidir) həm stasionar nömrələrinə, həm də qaynar xətlərinə, 11 qurumun yalnız stasionar nömrələrinə (qaynar xətləri yoxdur), 5 qurumun isə yalnız qaynar xətlərinə (stasionar nömrələri yoxdur) zənglər edilib.

Ölkə üzrə ümumilikdə 41 dövlət orqanına (qurumuna) məxsus olan stasionar nömrələrin və qaynar xətlərin fəaliyyəti və bu kommunikasiya xətlərinə edilən vətəndaş zənglərinin cavablandırılması üzrə günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinq həyata keçirilib. Dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətini və vətəndaşların zənglərinə cavab vermənin qiymətləndirilməsini nəzərdə tutan monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarına (qurumlarına) məxsus olan stasionar nömrələr və qaynar xətlərin siyahısının tərtibində qurumların rəsmi səhifələrindəki əlaqə bölməsinə istinad edilib.

Monitorinq çərçivəsində edilən bütün zənglərin planşet vasitəsilə video qeydiyyatı aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə