"Gecə-gündüz demədən çiyin-çiyinə çalışırıq" - AZƏRBAYCAN KÖNÜLLÜSÜ - FOTOLAR
“Bir Azərbaycan gənci olaraq qardaş ölkə Türkiyədə baş verən hadisə məni də məyus edib. Bu hadisədən dərhal sonra ilk yardım qrupu elə qardaş ölkə Azərbyacandan yola düşüb. Bir neçə gündür ki, bütün azərbaycanlıların qəlbi məhz Türkiyə ilə döyünür. Zəlzələ baş verdiyi ilk gündən bəri ölkəmizin bir çox bölgələrində yardım kampaniyaları başlamasından hər birimiz xəbərdarıq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan könüllüsü Telman Həsənli deyib.
Onun sözlərinə görə, keçirilən kampaniyalar bizim necə doğma olduğumuzu bir daha dünyaya nümayiş etdirir: "Bu kədərli günlərdə həmvətənlilərimizin kampaniyaya qoşulduqlarını gördükdə sevinc və qürur hissindən qəhərə boğuluruq. Qardaşlığımız və birliyimizin sayəsində bu çətin günləri də tezliklə geridə qoyacayıq. Çünki biz birlikdə güclüyük".
Telman Həsənli sözlərinə belə davam edib: "Buna bariz nümunə olaraq artıq bir neçə gündür ki, könüllü gənclərdən ibarət qrupumuz Türkiyədə fəaliyyət göstərir. Könüllü gənclərin humanitar yardıma getdiyini eşidəndə qoşulma qərarına gəldim. Artıq bir neçə gündür ki, burdayıq.
Gəldiyimiz ilk saatdan etibarən türkiyəli könüllülərlə birgə yerli zərər çəkmiş əhaliyə hər sahədə köməklik göstəririk. Onların ehtiyaclarının qarşılanmasında, yardımların paylanılmasında bir sözlə əhaliyə lazım olan sahədə dəstəyimizi əsirgəmirik. Əlbətdə ki biz burada tək deyilik TUGVA( red Türkiyə Gənclər Fondu) könüllüləri ilə birgə gecə -gündüz demədən çiyin-çiyinə çalışırıq. Burada bir şey anladım ki, türk bacı-qardaşlarımızın bu ərəfələr ən çox mənəvi dəstəyə ehtityacları var. Kahramanmaraşda olan yerli əhali bizi ilk dəfə görəndə sevinib ağladılar. Bir daha əmin oldum ki, türk qardaşlarımız bizim yolumuzu gözləyirdilər və biz də gəldik. Əlimizdən gəldiyi qədəri ilə dəstək olmağa çalışırıq. İgidliyi və cəsurluğu ilə dünyaya meydan oxuyan ölkənin könüllüsü olaraq özümüzlə qürur duyuruq. Biz könüllülərin Türkiyəyə səfəri üçün yaradılan şəraiti yüksək qiymətləndirib təşəkkürlərimizi bildiririk. Sonda onu vurğulamaq istəyirəm ki, biz 95 milyonluq bir türk ailəsiyik. Sevincimiz də, kədərimiz də birdir. İnşallah bu çətin günləri də birlikdə geridə qoyacayıq. Biz buraya bir deviz altında toplaşmışıq. Sonda onu dilə gətirərək demək istəyirəm ki, “Bir Yumruq Bir Ürək Bir Can Azərbaycan Türkiyə”".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB