Dörd həyat, dörd ümid, dörd arzu… PUBLİSİSTİK DUYĞULAR...

Dörd həyat, dörd ümid, dörd arzu… PUBLİSİSTİK DUYĞULAR...

Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədən danışmaq istəyirəm. Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında həyatını itirən minlərlə insandan dördü haqqında. Malatya şəhərindəki İnönü Universitetinin azərbaycanlı dörd tələbəsindən söhbət açmaq istəyirəm. Günlərdi onlardan heç bir xəbər yox idi. Deyirlər, dünyada nigaranlıqdan böyük əziyyət yoxdur. Onların valideynləri, yaxınları, qohunları da nigaran idilər. Bütün xalq nigaran idi. Bu nigaranlıq yuxularımızı ərşə çəkmişdi. Dörd tələbəmizin taleyindən xəbərsiz idik…

Bir gecənin minlərindən dördü

Minlərlə insan-uşaq, gənc, yaşlı, qoca o gecənin qurbanı oldu. Günlərdir, onlardan danışırıq. Onların vaxtsız bitən həyatlarına təəssüf edirik. Günlərdir, qəlbimiz Türkiyə ilə birlikdə döyünür. Çünki bu xalqın sevinci də, kədəri də bizimdir. O müdhiş gecənin qurbanı olan minlərlə insanın acı taleyi günlərdir ki, yuxularımızı ərşə çəkib. Hər an Türkiyədən gələn xəbərləri gözləyirik: bu gün neçə nəfər xilas oldu, bu gün neçə nəfərin həyatı qurtardı, bu gün neçə insanın cansız cəsədi dağıntılar altından çıxarıldı? Bu gün Türkiyəyə daha hansı dövlət yardım etdi? Oradakı insanların vəziyyəti necə oldu? Harada gecələdilər, nə yedilər, nə içdilər?..

Bu insanların arasında dörd azərbaycanlı tələbədən də xəbər gözləyirdik. Onlar təhsil almaq üçün Türkiyəyə yollanmışdılar. Həmin müdhiş gecədə Malatyada bir binada uyuyurdular. Günlər idi ki, yaxınları, bütün Azərbaycan xalqı dörd tələbəmizin aqibəti üçün narahat idi. Lakin onlardan hələ də bir xəbər çıxmırdı ki, çıxmırdı.

Dəhşətli zəlzələ, sən demə, bu görd gəncimizi yerin dərinliklərinə gömübmüş, günlərdir, dərin axtarışlara baxmayaraq onlar tapılmırdı. Həyəcan isə hər an artır, övladlarımızın harada olması, sağmı, ölümü olmaları bizi sarsıdırdı. Lakin ümid ən son itir, deyirlər. Ümidlərimizi itirmirdik. Onların sağ qurtaracağına ümid edirdik. Bunu gözləyirdik. Lakin günlər keçdikcə, ümid azalırdı, amma itmirdi. Qalan qığılcımları hər an gözərir, bu dörd həyatın yaşaması ümidilə alışırdı…

***

Dünyada çox az sayda olan bu zəlzələnin təlaşı günlərdir ki, bizi tərk etmir. Dağıntılar altında qalan, həyatı bitmiş insanlar, hələ dünyadan bixəbər uşaqlar, min bir arzu ilə yaşayan, gələcəklə bağlı onlarla arzusu olan gənclər, ömrünün qayğılı günlərini arxada qoyub övladı ilə birlikdə həyatına davam edən yaşlıların acı taleyi həqiqətən də çox kədərlidir. Türkiyənin 10 şəhərinin məhv olması, ölkəyə milyonlarla lirə dəyərində ziyan dəyməsi, insanların evsiz-eşiksiz qalması və bunu dövlətin qısa zamanda qarşılamalı olması məsələsi, sözün həqiqi mənasında, çətin işdir.

Dağıntılar altında həyatını itirənlərin yaxınlarının, qohum-əqrəbalarının nələr yaşadığını, bu ağır fəlakətdə ata-anasını itirib yetim qalan körpələrin onları dördgözlə axtarması, lakin tapa bilməməsini, ümumiyyətlə, məhv olan ailələri, ailələrin sağ qalan üzvlərini gördükcə insan olmazın acılarını yaşayır. Bir anda dünya adamın başına fırlanır. Bu qədər acımı olar? Bu qədər fəlakətmi olar, İlahi?

Məhv olan ümidlər…

Bəli, biz dörd gəncimizi ümidlə gözləyərkən, sən demə, onlar dağıntıların altında bəlkə də zəlzələnin ilk günündən həyatlarını itirmişlər. Biz onlardan bir şad xəbər eşitmək arzusu ilə yaşayarkən, bəlkə də onlar dağıntılar altında günlərdir ki, mücadilə edirmişlər, kim bilir? Kim bilir, onlar həmin anda hansı hissləri yaşayıblar. Bir-biriləri ilə bir kəlmə danışmağa macal tapıblarmı? Bəlkə də bir-birilərinə, sən sağ qalsan, mənim ailəmə bu sözləri deyərsən, deyiblər. Bəlkə də bir-birinə, sən sağ qalsan, o qıza bu sözləri çatdırarsan, deyəni olub.

Bəlkə də elə həmin andaca dünyalarını dəyişiblər, kim bilir… Bu qədər gec tapıldıqlarına görə yəqin ki, çox dərinlərə düşübmüşlər, dağıntıların altında qalıbmışlar. Kim bilir?...

Düz 8 gün axtarılan, sonra tapılan gənclərimiz bizə acı günlər yaşatdı, əlimizdə tək qalan ümidimizi də yoxa çıxardılar. Hansı ki, günlərdir, o ümidlə yaşayırdıq. Onların sağ qalacağına ümidlə yanaşırdıq. Çünki onları itirəcəyimizi ağlımıza belə gətirmirdik. Bu itkini yaxınımıza belı buraxmırdıq. Gözlərimiz televiziya ekranlarında, qulaqlarımız səsdə idi. Azərbaycan adı gələn kimi, yəqin tələbələrimizdən bir xəbər var, deyib bütün diqqətimizi o səmtə yönəldirdik.

Dünən axşam saatlarından yayılan, bu gün səhər saatlarında isə tamamilə dəqiqləşən məlumatdan sonra ümidlərimiz birdəfəlik məhv oldu. Biz dörd gəncimizi, tələbəmizi, oxumaq, təhsil almaq üçün Türkiyəyə göndərdiyimiz övladlarımızı itirdik. Dörd həyat susdu. Dörd ümid qırıldı. Dörd arzu yarımçıq qaldı.

Tələbələrimizin valideynləri Türkiyəyə-zəlzələ bölgəsinə yollanmışdılar. Dünənədək övladları ilə görüşmək, onların qayğıları ilə maraqlanmaq üçün Türkiyənin bu gözəl şəhərinə-Malatyaya yollanan valideynlər bu dəfə qara bir xəbər üçün çağırılmışdılar. Dünənədək böyük bir sevinclə-balalarını görəcəkləri ilə fərəhlənərək Türkiyəyə yollanan ata-analar, bu dəfə onları nələrin gözlədiyini təxmin edərək yolçuluğa çıxmışdılar. Çox təəssüf ki, budəfəki səfərlərində acı ilə qarşılaşdılar, övladlarının cansız cəsədləri ilə üzləşdilər.

Görəsən onları son dəfə nə zaman görmüşdü bu valideynlər? Hansı geyimləri, hansı hərəkətləri, hansı təbəssümləri ilə onların yaddaşında qalıbmışlar? Kim deyərdi ki, o, son görüş olacaqdı. Kim deyərdi ki, dörd tələbəmiz bir daha Vətənə dönməyəcək. Türkiyə bizə Vətənimiz qədər əziz olsa da, lakin Vətən əvəzsizdir, hər kəs harada yaşamasından, oxumasından asılı olmayaraq son an üçün Vətənini seçir, Elə buna görə də tələbələrimizi itirməyimiz bir yanğımızdırsa, onların Vətəndən kənarda dünyalarını dəyişməsi isə digər bir acımız, yanğımızdır…

Yarımçıq həyatlar, natamam arzular…

Dörd tələbəmizin nakam taleyi qarşısında düşüncələrə dalıram. Bu yarımçıq həyatlar mənə onların gələcək üçün qurduqları planlardan, arzulardan, istəklərdən söhbət açır. Nə qədər böyük arzu ilə Türkiyəni, belə gözəl universiteti seçdiklərindən, təhsildən sonrakı arzularından danışır. Həyatları yarımçıq qalmasaydı, onların gələcəkdə hansı mövqedə olacaqlarını xatırladıqca dərin təəssüf hissi dolur qəlbimə. Düşünürəm ki, bu dörd tələbəmiz illər sonra ziyalı kimi Vətənə qayıdacaqdı. Ölkəmizin gələcək inkişafına, tərəqqisinə töhfələrini verəcəkdilər. Lakin həyatın amansız qanunları həmişə arzularımızın reallaşması tərəfində olmur. Bir də baxırsan ki, arzularının üstündən həyat qara bir xətt çəkir. Samirin, Şahinin, Hümamın və Gündüzün arzuları kimi. Bu qara xətlə arzuları da özləri kimi torpağa gömüldü onların. Yarımçıq qaldı.

Təbiətin bildiyimiz, amma hər an gözləmədiyimiz qanunları bəzən əlimizdən beləcə qoparır həyatımızı. Bu həyatla da hər şey bitir, biz bitdiyimiz kimi. Türkiyənin seysmik bölgə olduğunu kim bilmirdi ki?.. Lakin kim düşünərdi ki, yox, mən burada ev tikməyim, burada iş qurmayım, burada təhsil almağa başlamayım, nə vaxtsa zəlzələ ola bilər, hər şeyi tar-mar edər. Təbiətin özünəməxsus qanunları olsa da, lakin həyat davam edir. Elə buna görə də bildiyimiz, gözlədiyimiz halda yaşamağa davam edirik. “Alın yazısı harada daşlara çırpılar, harada bitər”,- deyə düşünmürük.

Bəli, düşünmədiyimiz və belə böyük fəlakətlərə yol açacağını fikirləşmədiyimiz zəlzələ Türkiyəmizin 10 şəhərini alt-üst etdi. Evlər, məktəblər, xəstəxanalar, minlərlə obyekt dağıldı, məhv oldu. Minlərlə insanın ömrü nöqtələndi. Bir millət, iki dövlət olaraq acımız böyükdür. Qardaş ölkədə dünyasını dəyişənlərin hər biri bizim üçün əzizdir. Dağıntılar altından sağ-salamat qurtaranların hər biri bizim sevincimizdir. Valideynlərini, əzizlərini, yaxınlarını itirib qəlb ağrısı yaşayanların hər birinin kədəri bizim kədərimizdir.

Min bir əziyyətlə ev qurub, lakin doyunca içərisində yaşamayanların acısı bizim acımızdır. Həyatı boyu çətinliklərə sinə gərib, qalan ömrünü rahat yaşamaq istəyən, lakin buna müvəffəq ola bilməyən yaşlıların, qocaların qəmi-ələmi bizim dərd, ələmimizdir.

Eləcə də bu zəlzələ nəticəsində həyatlarını itirmiş, arzularını gömmüş dörd balamızın da kədəri bütün xalqımızın kədəridir. Biz hər zaman kədərimizi də, sevincimizi də paylaşmışıq türk qardaşlarımızla. Bu ağır günlərdə də bu kədəri paylaşırıq. Çünki deyirlər ki, sevinc paylaşdıqca, çoxalar, kədər paylaşdlqca, azalar. Qoy kədərimiz azalsın, günlər sonra yoxa çıxsın. Bizlərə kədər yaraşmır. Allah ölənlərimizə rəhmət eləsin, yaralıların şəfasını versin. Ümidvarıq ki, bizlərin də köməyi ilə Türkiyə tezliklə bu ağır hadisənin təsirindən qurtaracaq. Yeni binalar tikilərək, zərərgörənlər yerləşdiriləcək, insanların əvvəlki həyatına qayıtmaları üçün hərtərəfli tədbirlər görüləcək.

Düzdür, əvvəlki həyatı dəyişmiş çox məqamlar var, lakin nə etməli, həyat davam edir...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə