Gənclər arasında narkotikin yayılmasının əsas səbəbi NƏDİR? - BAŞ REDAKTOR TƏNQİD ETDİ
"Gənclərin məşğulluq problemini həll etmək lazımdır. Hər bir gəncin qabiliyyətinə uyğun işlə təmin olunmasının qeydinə qalmalıyıq. Əgər belə olarsa, gənclərimiz pis vərdişlərə meyillənməkdən uzaq qalar, vaxtlarını daha səmərəli keçirər, valideynlərinin və cəmiyyətin arzu etdiyi platformada olarlar". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanda narkotika bəlası geniş yayılıb: "Hüquq-mühafizə orqanlarının, xüsusilə Azərbaycan polisinin bu istiqamətdə gördüyü işləri və apardığı fəaliyyəti təqdir edirəm. Demək olar ki, ölkədə narkotik bəlasının və narkotacirlərin kökünü kəsmək üçün bütün imkanlar səfərbər edilir. Amma hesab edirəm ki, bu təkcə dövlət qurumlarının vəzifəsi olmamalıdır. Bütün cəmiyyət bu prosesdə fəal iştirak etməli, gənclərimizin narkotik bəlasından xilas olması üçün bütün imkanları səfərbər edilməlidir".
Seymur Verdizadə sözlərinə belə davam edib: "Narkotikanın yeniyetmə və gənclər arasında geniş yayılmasının tək səbəbi işsizlik deyil. Təcrübə göstərir ki, işi və karyerası olan adamlar belə bu bəladan əziyyət çəkirlər. Səbəblər çoxdur. Təbii ki, işsizlik də bu səbəblər sırasına daxildir. Məncə, düzgün tərbiyənin olmaması və mühiti də bu sırada aid etmək lazımdır.
Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda valideynlər övladlarının tərbiyəsinə lazımi vaxt ayırmırlar. Müşahidələrim əsasında deyə bilərəm ki, elə valideynlər var ki, hətta onların sayı kifayət qədər çoxdur. Həmin adamlar sosial şəbəkədə və ekran qarşısında keçirdiyi vaxtın heç üçdə birini də övladlarına həsr etmirlər. Gənclər uşaqlıq vaxtında nəzarətsiz qaldığı və yetərincə sevgi görmədiyi üçün bu vərdişlərə meyl edir.
Məşhur hədisdə deyildiyi kimi, "Övladlarımızın tərbiyəsinə anadan olduğu gündən başlamalıyıq". Hesab edirəm ki, düzgün tərbiyə və təlim işini qurmaqla, onlara yaxşı təhsil verməklə, gənclərin hansısa sənətə yiyələnməsini təmin etməklə narkotik bəlasından qurtulmaq mümkündür. Ən azından bu bəladan əziyyət çəkənlərin sayını kifayət qədər azalda, cəmiyyət üçün təhlükəsiz həddə çatdıra bilərik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB